EN

Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!

Bolt köhnə avtomobilləri daha yeni, ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz etməyə kömək edilməsi məqsədi daşıyan innovativ təşəbbüsün pilot mərhələsinin başlandığını elan edib. Şirkətdən verilən məlumata görə, təşəbbüs çərçivəsində avtoparklar Boltdan yeni avtomobillərin alınması üçün təxminən 3000 manat məbləğində maliyyə dəstəyi alacaq. 

Bunun müqabilində bu avtoparklar müəyyən göstəricilərə cavab verməli və brendinq üzrə bonus proqramlarında iştirak etməlidirlər. Şirkətin bu addımının hazırda ölkəmizdə yeni başlayan utilizasiya prosesi zamanı tətbiqi də geniş müzakirə olunur. Bəs görəsən, utilizasiyaya cəlb olunan nəqliyyat vasitələrinin sahiblərinə də bənzər maliyyə dəstəyi göstərilə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert, Aslan Əsədov bildirib ki, adambaşı 3000 manat avtomobil parkının yenilənməsi üçün kifayət edəcək məbləğ deyil:

“BOLT-un bu addımı çox təqdirəlayiqdir. Bu bir tərəfdən BOLT şirkətinin Azərbaycan bazarına verdiyi önəmin göstəricisidir. Avtomobillərə gəlincə, bu gün istismar olunan nəqliyyat vasitələri üçün əsas meyar kimi onun yaşı göstərilir. Yəni texniki parametrlərindən çox onun buraxılış ili önəmlidir. Ən yaxşı nümunə kimi, 8 yaşdan aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi, istismar edilməsini göstərə bilərik. Amma 3000 manat avtomobillərin yenilənməsi üçün kifayət edəcək məbləğ deyil”.

Ekspertin fikincə, utilizasiyanın daha sürətlə aparılması üçün gömrük və vergi rüsumlarının bir çoxu ləğv edilməlidir:

“Məbləğin daha da artacağı istisna deyil. Çünki yaşı 8-dən az olan və gömrük nəzarətindən keçən avtomobillər üçün 3000 manat olduqca az bir məbləğdir. Bu məbləğ hər hansı nəqliyyat vasitəsini yeniləmək üçün sahibkara kömək etməyəcək. Təbii ki, burada dövlətin dəstəyi mütləqdir, qaçılmazdır. Birinci növbədə gətirilən avtomobillərin əlavə dəyər vergisindən, gömrük rüsumundan azad olunması vacibdir. Heç şübhəsiz ki, belə güzəştlər avtomobil parkının sürətlə yenilənməsinə gətirib çıxaracaq. Bu həm də dövlətin qarşıya qoyduğu məqsədə daha tez çatmağa kömək edəcək. Ancaq təbii ki, hər şey veriləcək qərarlardan asılıdır”.

Chosen
94
10
medianews.az

10Sources