EN

Sığınacaqlar, sirenlər, "əjdaha dişləri" - Baltikyanı ölkələr Rusiya ilə müharibəyə hazırlaşır

NATO üzvü olan Litva müharibənin başlaması ehtimalı ilə bağlı mülki əhalinin kütləvi təxliyəsi üçün planlar hazırlayır. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.Bu, NATO hərbi alyansının üzvləri tərəfindən Rusiyanın potensial hücumundan qorunmaq üçün qəbul edilən sonuncu tədbirlərdir.Rusiya ilə NATO arasında gərginlik prezident Vladimir Putinin Ukraynaya müdaxiləsindən sonra daha da artıb. Rəsmi Moskva Şimali Atlantika blokunu Kiyevə hərbi yardım göstərmək və silahla təmin etməklə müharibədə dolayısıyla iştirakda günahlandırır, Rusiya rəsmiləri isə üzv dövlətləri qisas almaqla hədələyirlər.Buna cavab olaraq, Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya yanvar ayında NATO-nun Rusiya və Belarusla şərq sərhədini gücləndirmək üçün ümumi müdafiə xəttinin yaradılmasına dair saziş imzalayıblar.Litva Daxili İşlər Nazirliyi bildirib ki, səlahiyyətlilər hamilə qadınlara, azyaşlı uşaqları olan ailələrə və əlillərə üstünlük verməklə ölkənin 2,6 milyonluq əhalisinin dörddə birini köçürməyə hazır olmalıdırlar.Daxili işlər naziri Agne Bilotaite deyib ki, o, beynəlxalq transferləri də əhatə edən planlarla bağlı qonşu ölkələrlə əlaqə saxlayıb.İyulun 5-də Vilnüs meri Valdas Benkunskas ölkəyə hücum zamanı mülki vətəndaşları müdafiə etmək, o cümlədən sığınacaqlar şəbəkəsini inkişaf etdirməyə imkan verəcək bəzi digər tədbirləri açıqlayıb.“Hava təhlükəsi yaranarsa, Vilnüs sakinləri mümkün zərbələrdən və qəlpələrdən gizlənə bilərlər”.Benkunskas bildirib ki, yerli hakimiyyət orqanları da xəbərdarlıq sirenlərin quraşdırılması üzərində işləyir."Sirenlərin məqsədi aydındır. Bu, ictimai yerlərdə təhlükə barədə xəbərdarlıq etmək üçün verilən səs siqnalıdır", - mer deyib. - "Bu günə qədər Vilnüs şəhərində 41 xəbərdaredici siren quraşdırılıb. Onlar şəhər ərazisinin təxminən otuz faizini əhatə edir".Mer bir çox digər ssenarilərə hazır olmağın vacibliyini də vurğulayıb:"Məsələn, körpülər bombalanıbsa, nə edəcəyik? Əgər təxribat həyata keçirilibsə, qəsdən hansısa yol-nəqliyyat hadisəsi törədilibsə, nəqliyyat axınının kəsilməməsinə kim cavab verməlidir?""Təşkilati iş çox vacibdir. Ehtiyac yaranarsa Vilnüs sakinlərinin bir neçə saat ərzində şəhərdən çıxa bilməsi uçun kim hansı işləri görməli olduğunu bilməlidir ", - Benkunskas əlavə edib.Qonşu Latviyada Rusiya ilə sərhəddə “əjdaha dişləri” kimi tanınan tank əleyhinə beton piramidalar quraşdırılır.İlk dəfə İkinci Dünya Müharibəsi zamanı istifadə edilən “əjdaha dişləri” dəmir-betondan hazırlanır və tankların və mexanikləşdirilmiş hissələrin irəliləməsinə mane olmaq üçün istifadə olunur.Latviyanın Müdafiə Nazirliyi Newsweek-ə bildirib ki, martın 5-də Latviya hökuməti tərəfindən təsdiq edilmiş Şərq sərhədinin möhkəmləndirilməsi planına uyğun olaraq maneələr tədarük edilir və Latviyanın şərq sərhədi yaxınlığındakı müvəqqəti saxlama ərazilərinə daşınır."Sərhəddə qeyd olunan plana uyğun maneələr yaradılacaq", - nazirlikdən bildirilib.pressklub














Paylaş:

10Sources