EN

“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ

Ermənistan başda Fransa və Hindistan olmaqla, bir sıra ölkələrdən silah tədarükünə davam edir. Hər nə qədər alınan silah-sursat və texnikanın sadəcə müdafiə məqsədi daşıdığı elan olunsa da, faktlar bunun tam əksini sübut edir. Hazırda İrəvan bir sıra ölkələrlə silahlanma məqsədi ilə sıx əməkdaşlıq edir. 

Bəs Ermənistanın intensiv silah tədarükünün arxasında hansı məqsədlər dayanır? 

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, hazırda Ermənistan üçüncü müharibəyə hazırlaşır: 

“Ermənistanın silahlanmasının əsas səbəbi 44 günlük müharibə zamanı itirdiyi artilleriya, texnika və silah arsenalının yerini doldurmaq cəhdləridir. Nə qədər də müdafiə silahları desələr də, Fransa və Hindistandan alınan silahların hücum təyinatlı olduğunu görürük. Deməli, Ermənistan üçüncü müharibəyə hazırlaşır. Bunun üçün də Ermənistan öz hərbi-texniki arsenalını ən azından 2020-ci ilin 27 sentyabrındakı vəziyyətə gətirməyə çalışacaq. Onların Fransadan aldıqları “CAESAR” özüyeriyən haubitsalarının atış məsafələri 40 kilometrə qədər zərbə endirmə imkanı verir. Digər hərbi texnika olan “Penayka” reaktiv yayılım-atəş sistemləri 120 kilometrə qədər ərazilərimizin dərinliyinə zərbə endirmə gücünə malik silahdır. Ermənistan həm də İrandan alacağı pilotsuz uçuş aparatları ilə bağlı məlumatları gizli saxlamağa çalışır. Təbii ki, Ermənistan nə qədər "sülh sazişi imzalamağa hazırıq" desə də, görünür ki, hərbi qarşıdurmaya daha çox meyillidir”. 

Polkovnik silahlanmanın Ermənistan üçün heç bir müsbət nəticə verməyəcəyini qeyd edib: 

“Hazırda Paşinyanı hakimiyyətə gətirən qlobal güclər cənubi Qafqazda yeni bir müharibə modelləşdirir. Güc balansında Azərbaycan silahlı qüvvələri qlobal hərbi güc indekslərində Ermənistandan açıq fərqlə öndədir. Ermənistanın bu fərqi tam və nisbətən aradan qaldırması mümkün deyil. Cənubi Qafqazda Azərbaycan artıq həm hərbi, həm də siyasi gücdür. Burada məsələ "Ermənistan nəyi qazanar" deyil. Əsas məsələ müharibənin başlayacağı təqdirdə itirən tərəflərin Ermənistan və Azərbaycan olacağıdır. Qlobal güclər üçün kimin nə itirəcəyi önəmli deyil, onlar üçün silah-sursatlarının satışı daha vacibdir. Ermənistan üçün Azərbaycanla güc nisbətini qapatmağa azı 5 il vaxt lazımdır”. 

Chosen
127
50
hurriyyet.az

10Sources