EN

Türkiyədə küçə itləri ilə bağlı qanun layihəsi qəbul edildi

Türkiyədə bir neçə aydır müzakirələrə səbəb olan sahibsiz küçə itləri ilə bağlı qanun layihəsi parlamentdə qəbul edilib.

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, sahibsiz heyvanlarla bağlı tənzimləmələri ehtiva edən “Heyvanların qorunması Qanunu”nda dəyişikliklər edilməsi haqqında 17 maddəlik Qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul olunub.

Səsvermədə 594 deputatdan 500-ü iştirak etdiyi halda, lehinə 275, əleyhinə isə 224 deputat səs verib. Bir deputat isə bitərəf qalıb.

Qanun “Resmi Gazete”də dərc edildikdən sonra qüvvəyə minəcək.

TBMM səsvermədən sonra oktyabrın 1-nə qədər tətilə çıxıb.

Sözügedən qanun layihəsi isə evsiz itlərin müəyyən şərtlər daxilində iynə vurularaq yatızdırılmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, sahibsiz küçə itləri toplanacaq. Sığınacaqlara yerləşdirilən itlər qısırlaşdırılaraq sahibləndiriləcək. Lakin bildirilir ki, bu hallarda baytarlar heyvanları evtanaziya etmək barədə qərar qəbul edə bilər:

- onlara ağrı və əzab verən və ya sağalmayan xəstəliklər zamanı;

- kəskin yoluxucu heyvan xəstəliyinin qarşısının alınması və ya aradan qaldırılması məqsədilə;

- insan sağlamlığı üçün təhlükə yaradan hallarda;

- onların davranışı təhlükə törətdiyi hallarda.

Bununla bağlı məsuliyyət bələdiyyələrin üzərinə düşəcək.

Bundan başqa, heyvanların mühafizəsi ilə bağlı müddəalara zidd hərəkət edən və ya sahib olduqları heyvanların qulluğuna ciddi laqeyd yanaşan, onlara ağrı, əzab və ya zərər verən şəxslərə heyvanları saxlamaq qadağan ediləcək və əllərindən alınacaq.

Sahibləndiyi iti tərk edən şəxs və ya şəxslər üçün nəzərdə tutulmuş inzibati cərimə hər heyvana görə 2 mindən 60 min lirəyə qaldırılacaq. Sığınacaqlara yerləşdirilən küçə itlərini oradan buraxan məsul şəxsləri isə hər heyvana görə 50 min lirə cərimə gözləyir.

Eyni zamanada, it sahibləri ən geci 31 dekabr 2025-ci il tarixinə qədər rəqəmsal identifikasiya üsullarından istifadə edərək heyvanlarını qeydiyyatdan keçirməli olacaqlar.

Qeyd edək ki, ayihə ölkədə əhali arasında fikir ayrılığına səbəb olub. Belə ki, bir qrup şəxs itlərin yatızdırılmasına etiraz edir, digər bir qrup isə sahibsiz itlərin quduz xəstəliyinə yol açdığını, qoca və uşaqlara hücum etdiyini vurğulayıb. Ədliyyə naziri Yılmaz Tunç da, öz növbəsində, küçə itlərinin yollarda qəzalara səbəb olduğunu bildirib.

Chosen
25
3
redaktor.az

3Sources