EN

Paris Olimpiadasında komandalar portativ kondisionerlər alır

Paris

Bakı, 31 iyul, AZƏRTAC

Parisdə Yay Olimpiya Oyunlarında iştirak edən müxtəlif ölkələrin idmançıları paytaxtdakı yaşayış şəraitini tənqid edirlər. AZƏRTAC xəbər verir ki, bu barədə xarici media, o cümlədən Fransa nəşrləri məlumat yayıb.

Avstraliyalı su polosu oyunçusu Matilda Kerns və Fil Dişi Sahilindən olan yüngül atlet Uitni Tee “Le Figaro” qəzetinə yataq otaqlarının çox rahatsız olduğunu deyiblər. “L'Equipe” nəşrinin məlumatına görə, idmançılar müəyyən qida məhsullarının çatışmazlığından da şikayətlənir. “Aftonbladet” qəzeti yazır ki, İsveç stolüstü tennis komandası idmançıların təlim-məşq bazalarına getdiyi avtobuslardakı tıxacdan şikayətlənib, həmçinin nəqliyyatda soyutma sistemlərinin çox vaxt nasaz olduğunu bildiriblər.

Nəşrlər qeyd edir ki, 2024-cü il Olimpiya Oyunlarının təşkilatçıları Tokioda keçirilən əvvəlki Yay Olimpiya Oyunlarında insanların kütləvi şəkildə xəstələndiyini nəzərə alaraq, idmançılar və azarkeşlər üçün istilərlə bağlı risklərə hazır olduqlarını bildiriblər. Bu həftə Parisdə 35 dərəcə isti və yüksək rütubət gözlənilir. Fransanın milli meteoroloji xidməti – “Météo-France” isti hava dalğaları və tufanlar üçün dörd xəbərdarlıq sistemindən ikincisi olan “sarı xəbərdarlıq” elan edib və idmançıları açıq havada məşq edərkən ehtiyatlı olmağa çağırıb. Habelə isti dalğanın iyulun 31-də, çərşənbə günü zirvəyə çatacağı barədə məlumat verilib.

Bəzi idman növləri üzrə məkanlarda temperaturlar ifrat həddə çatdıqda rəqabətin davam etməsinə mane olacaq fövqəladə hallara dair planlar və xüsusi məhdudiyyətlər hazırlanıb. Bununla belə, binalarda kondisioner olmadığı aşkar edildikdən sonra komandalar Olimpiya kəndində yaşayış şəraiti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bildirilir ki, soyutma sistemi yerin dərinliklərinə çəkilən suyu soyudan və ekoloji cəhətdən kondisionerdən daha təmiz olan geotermal sistemdən istifadə etməklə hazırlanıb.

İdmançıların etirazlarından sonra Oyunların təşkilatçıları elan ediblər ki, Olimpiya iştirakçıları portativ soyuducu qurğular quraşdıra bilərlər. Özlərinə kondisioner alan idmançılar arasında otaqlarında mükəmməl soyutma, rütubətə nəzarət və havanın təmizlənməsi sistemləri quraşdıran Yaponiya, ABŞ, Böyük Britaniya, İtaliya, Avstraliya, Danimarka, Kanada, Yunanıstan və digər milli komandalar var.

Chosen
58
azertag.az

1Sources