Parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi, seçici fəallığının artırılması üçün bütün imkanlar yaradılır. Son illər ölkəmizdə keçirilən seçkilərin insidentsiz və seçkinin nəticəsinə təsir edəcək ciddi qanun pozuntusu olmadan başa çatması beynəlxalq aləmdə də etiraf olunur. Budəfəki seçkilərdə də bu ənənənin davam etdirilməsi prioritet vəzifələrdəndir. Seçkilərə hazırlıqla tanış olmaq üçün regionlara üz tutduq.
Şamaxı
88 saylı Şamaxı seçki dairəsinin sədri Hüseyn Rəcəbov parlament seçkilərinə hazırlığın yüksək səviyyədə aparıldığını bildirdi. Seçkilər sahəsində çoxillik təcrübəsi olduğunu deyən H.Rəcəbov seçkidən-seçkiyə prosesin təkmilləşdiyini, irəliyə doğru addımlar atıldığını, ədalətli, demokratik və şəffaf seçkilər istiqamətində uğurların çoxaldığını qeyd etdi: Bunu seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilər də etiraf edirlər: “15 ildən artıqdır ki, seçki prosesi ilə məşğul oluram. Bu illər ərzində Şamaxıda çoxlu sayda beynəlxalq müşahidəçilərlə qarşılaşmışam. Onlar ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın təmin olunduğunu, hər dəfə yeniliklə qarşılaşdıqlarını etiraf ediblər. Bu dəfə də Azərbaycan demokratik seçki keçirmək sahəsində zəngin təcrübəyə malik olduğunu sübut edəcək. Parlament seçkilərinə bir ay qalsa da, artıq bu istiqamətdə hazırlıq işləri yekunlaşmaq üzrədir və seçici fəallığı özünü indidən biruzə verir”.
DSK sədri dedi ki, zəngin qanunvericilik bazası, ən müasir texniki təchizat və beynəlxalq standartlara uyğun digər prinsiplər demokratik səviyyədə seçki keçirməyimizə kömək edir: “ Daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması da bunu deməyə əsas verir. İndiyədək öz təcrübəmizdə daim bu prinsiplərə əsaslanaraq ədalətli seçki keçirməyə nail olmuşuq.
H. Rəcəbov seçkilərə hazırlıq işləri barədə danışarkən dedi ki, dairənin ərazisində 60 seçki məntəqəsi var: “Seçicilərin sayı tez-tez dəyişdiyindən dəqiq rəqəm söyləmək mümkün deyil. Baxmayaraq ki, seçici siyahıları məntəqələrdə yerləşdirilib, ancaq seçkiyə 25 gün qalmış bir daha dəqiqləşdirmə aparılacaq”.
O, Şamaxının mürəkkəb relyefili kəndləri var ki, rayon mərkəzindən xeyli uzaqda, dağda yerləşdiyni vurğuladı: “Məsələn, Nağaraxana, Talış Nuru, Dədəgünəş, Kecməddin, Qaleybuğurd kəndləri dağda yerləşir. Bu kəndlərə gedib-gəlmək çox vaxt aparır, əziyyət tələb edir. Buna baxmayarq, həmin kəndlərdə seçki məntəqələri artıq tam formalaşdırılıb və bütün texniki vasitələrlə təchiz olunub. Hətta elə kəndlərimiz var ki, orada veb-kameralar quraşdırılıb. Bu da uzaq dağ kəndlərində də seçkilərin şəffaf keçirilməsinin təmin olunmasından xəbər verir. Ümumilikdə, dairənin əhatə etdiyi olan 11 seçki məntəqəsində veb-kamera quraşdırılıb”.
Hazırda seçki prosesinin ən qızğın mərhələsi olduğunu deyən H.Rəcəbov namizədliyin irəli sürülməsindən söhbət açdı. Dedi ki, rayonumuzda kimsə deyə bilməz ki, namizədliyini irəli sürərkən hansısa süni əngəllə qarşılaşıb: “ Hər kəsə bərabər şərait yaradılıb. Onların təşviqat-təbliğatları da qanunvericiliyin tələblərinə uyğun nəzərdə tutulub. Atımış seçki məntəqəsində təşviqat lövhələri quraşdırılıb. Bu il ilk dəfə səs verəcək 507 gənclə də mərhələ-mərhələ görüşlər keçirilməsini qərara almışıq. Sentyabrın 1-də 9 nəfərin 18 yaşı tamam olacaq. Onlara həm doğum günü, həm də ilk dəfə səs verdikləri üçün MSK tərəfindən təbrik məktubları hazırlanıb. Yaşı 100-ü ötmüş 5 seçicimiz var. Onlar müraciət edərlərsə, yaşadıqları ünvana seçki qutusu göndəriləcək. Seçici fəallığını daha da artırmaq məqsədilə MSK tərəfindən hazırlanmış seçkilərə çağırış plakatlarından istifadə edəcəyik”.
Qax
“Ölkəmizdə keçirilən seçkilər şəffaflığına görə, dünyaya nümunə göstərilə biləcək seçkilərdəndir. Ən qabaqcıl ölkələrindən biridir. Son illərdə seçkilərin şəffaflığının təmin olunması istiqamətində atılan addımlar da bunu təsdiqləyir. Seçki prosesində rəngsiz mürəkkəblərdən istifadə olunması, seçki məntəqələrinin veb-kameralarla təchiz edilməsi buna sübutdur. Bütün bunlar ölkəmizdə demokratik prinsiplərin daha da inkişaf etdirilməsinə yönəldilib. Seçkilərdə namizədlər arasında açıq və sivil mübarizənin aparılması vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verir. Növbədənkənar parlament seçkilərinə yüksək səviyyəli hazırlıq da bundan xəbər verir”.
Bu fikirləri redaksiyamıza 113 saylı Qax-Şəki seçki dairəsinin sədri Abdulkərim Əliyev dedi.
DSK sədri seçkilərlə bağlı hazırlıqdan danışarkən bildirdi ki, yaradılan münbit şərait vətəndaşların seçkidə namizəd kimi də iştirakına stimul verir: “Seçkinin şəffaf, ədalətli keçəcəyinə əmin olan vətəndaşlarımız seçilmək hüququndan istifadə edirlər. Bu gün ölkəmizdə fəaliyyət göstərən fərqli təmayüllü siyasi partiyaların seçkidə iştirakla bağlı verdikləri qərar da bu fikri təsdiq edir. Respublikamızda fəaliyyət göstərən 26 siyasi partiyanın 25 -nin bu siyasi kampaniyaya qatılması parlament seçkilərinə olan maraqdan irəli gəlir”.
A.Əliyev, həmçinin qeyd etdi ki, hazırda seçkilərdə namizədlərin irəli sürülməsi, imza vərəqələrinin yoxlanılması və qeydə alınması mərhələsidir. Buna ayrılan vaxt bir neçə günə başa çatdığından gərginlik daha da artıb. Onun sözlərinə görə, seçki məntəqələri iki rayonun ərazisində yerləşdiyindən işlər çoxalıb: “Dairənin əhatəsində 73 seçki məntəqəsi var. Onlardan 60-ı Qaxda, 13- ü isə Şəkidə yerləşir. Üç seçki məntəqəmiz isə dağlıq ərazidədir. Göründüyü kimi, məntəqələrin hamısını formalaşdırmaq böyük zəhmət tələb edir. Çətinliklərə baxmayaraq, bütün seçki məntəqələri hazır vəziyyətə gətirilib. Hətta namizədliyi qeydə alınanların təbliğat-təşviqat materallarının yerləşdirilməsi də nəzərə alınıb. Bütün seçki məntəqələrinin yaxınlığında xüsusi lövhələr quraşdırılıb, seçicilərlə görüşmək üçün açıq və qapalı yerlər müəyyənləşdirilib”.
113 saylı seçki dairəsinin sədri şəffaflığın təmin olunmasında veb-kameraların əhəmiyyətindən də söz açdı. O, 10 seçki məntəqəsinə veb-kamera quraşdırıldığını bildirdi. Sədrin sözlərinə görə, artıq seçici siyahıları asılıb, amma bu, dəqiqləşdirilmiş son siyahı deyil. Çünki seçkiyə qədər müəyyən dəyişikliklər ola bilər. Şəffaflığın təmin olunmasnda müşahidəçilərin də rolunun böyük olduğunu bildirən DSK sədri onların seçki prosesini rahat müşahidə etmələri üçün əlverişli şərait yaradıldığını dedi.