EN

Regiondakı hər bir dövlət üçün ən böyük strateji səhv ehtimalı hansıdır?

Bütün dünyanın, o cümlədən qardaş Türkiyə Respublikasının diqqətinin İsrail-HƏMAS müharibəsinə yönəldiyi, daha doğrusu Yaxın Şərqin bütün aparıcı dövlətlərin xarici siyasətlərinin prioritetinə çevrildiyi bir məqamda Fransa yavaş-yavaş Qafqaza can atır. Öncəki məqaləmdə Qafqaza soxulmaq üçün erməni əsilli Azərbaycan vətəndaşları məsələsindən istifadə etməyə can atan Fransanın əslində belə bir məsələnin olmadığını, yəni Fransaya bu kimi məsələlərdə ehtiyac olmadığını elə Fransanın özünün də anlayacağını qeyd etmişdim. Fransa bu dəfə ritorikanı dəyişərək guya Ermənistanı qorumaq məqsədilə Qafqaza gəlməyi planlaşdırır. Fransa Qafqaza gəlmək üçün hazırda formalaşmaqda olan hansı siyasi şəraitlərə arxalanır və nələrə ümid edir?

Əvvəla, Türkiyə daxil olmaqla dünyada söz sahibi olan əsas dövlət və güc mərkəzlərinin diqqəti İsrail – HƏMAS müharibəsinə yönəlib.

İkincisi, İsrailin özünün bütün enerjisi, gücü və diqqətinin bu müharibəyə fokuslanması dünyadakı erməni lobbisi və diasporalarının əl-qolunu açıb. Yeri gəlmişkən, diqqətdən kənarda qalan bu amil Türkiyəyə qarşı müəyyən planların aktivləşməsi və Türkiyənin Avropa və ABŞ-da mövqelərinin zəiflədilməsi üçün formalaşmaq ehtimalı yüksək olan əsas risklərdən biridir.

Üçüncüsü, yəhudi və müsəlman dünyasının qarşı-qarşıya gəlməsində, bir-birlərinin mövqelərini zəiflətməsində maraqlı olan güclər, o cümlədən erməni lobbisi öz nüfuzlarını, mövqelərini gücləndirmək üçün bu şəraitdən maksimum istifadə etməyə çalışacaqlar. Lakin unutmayaq ki, onlar İsrail – HƏMAS müharibəsi bitdikdən sonra yaranacaq şəraiti və yəhudi lobbisinin gücünü bildikləri üçün açıq-aşkar deyil, daha ehtiyatlı və incə hərəkət etməyə üstünlük verirlər.

Dördüncüsü, ən tezi 2028-2029-cu illərə qədər formalaşma mərhələsində olacaq Yeni Dünya Düzənində iqtisadi prioritet və dəyişikliklərin bulanıq da olsa görünməkdə olan konturlarını təhlil edən ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı başda olmaqla varlı və nüfuzlu ərəb ölkələri, İran, Çin və digər dövlətlər ehtiyatlı mövqe sərgiləməkdə davam edir və davam edəcəklər. Yəni, hamı bəyanat verəcək, heç kim doğru olaraq qaynayan qazanın içinə hop deyə atlamağa cürət etməyəcək.

Fransanın Qafqaza soxulmaq üçün hazırda ümid etdiyi siyasi şəraitlərin hələlik dördünə toxunmaqla kifayətlənərək Fransanın məqsəd və hədəflərinin nələr olduğuna diqqət yetirək.

Əvvəla, Qafqazda mövqe tutmaq hər bir dövlət üçün Yeni Dünya Düzəninin gətirəcəyi iqtisadi dividendlərdən daha çox faydalanmaq imkanları deməkdir. Hansı iqtisadi dividendlər mövzusu geniş və dərin olmaqla başqa yazının mövzusudur.

İkincisi, Fransada siyasi elitaya çox güclü təsir imkanlarına malik olan erməni lobbisinin dəstək və simpatiyasını Fransa Prezidenti davamlı olaraq qazanmaq istəyir. Xüsusilə, Fransada və Avropada reytinq və nüfuzunun ən aşağı olduğu dövrü yaşayan hazırki Fransa Prezidenti üçün bu dəstəyi saxlamaq çox önəmlidir.

Üçüncüsü, Ukrayna-Rusiya müharibəsi nəticəsində Rusiyanın gücünün və nüfuzunun tükəndiyinə ümid edən Fransa Rusiyanın Qafqazdan çəkilməsi ilə bu yeri tutmağa iddialıdır. SSRİ dağıldıqdan sonra Qafqazda möhkəmlənmək istəyən Rusiya üçün o zamanki Ermənistan hansı piyada (piyon) rolunu oynadısa, bu günki Ermənistan da həmin rolu Fransa üçün oynamağa çalışır. Bu dövlət həmişə özünə bir arxa, dayaq axtarmaq, kiməsə söykənmək axtarışında olub və olacaq.

Dördüncüsü, Fransa öncəki məqaləmdə də qeyd etdiyim kimi Afrikadakı itirilmiş mövqelərini və nüfuzunu bərpa etmək üçün daha strateji bir coğrafiyaya, Qafqaza birbaşa soxulmaq istəyir. Daha mürəkkəb vəziyyət formalaşdıra biləcək və ciddi maraqlar toqquşmasına səbəb olacaq bu amili daha geniş açmağa çalışaq. Qafqazın Yeni Dünya Düzənində artmaqda olan strateji əhəmiyyəti düşündüyümüzdən də çox olacaq. Orta Asiya – Qafqaz xətti Rusiya və Şərqi Asiya (Çin və digər dövlətlər) arasında siyasi cəhətdən neytral, iqtisadi cəhətdən isə əsas qan damarı (tranzit və nəqliyyat qovşağı) rolunu oynayacaq uzun bir coğrafiyadır. Bu əslində Qərb üçün də, ABŞ üçün də, Rusiya üçün də uyğundur. Belə bir strateji nəqliyyat yolunda olmaq bir çox dövlətlərin arzusudur. Bu yolda ən zəif nöqtə isə Zəngəzur dəhlizidir. Zəngəzur dəhilizində hər bir dövlət öz maraq və mənafeyini gördüyü üçün həmin ərazı az qala konsulluqlar ərazisinə çevrilməkdədir. Fransa isə konsulluq və ya nümayəndəlik açmaqdan əlavə həmin ərazidə birbaşa iştirakda israrlıdır. Düşünürəm ki, Fransaya mane olacaq ən önəmli məsələ də məhz bu amildir. Fransanın nümayişkaranə şəkildə Qafqaza soxulmasını nə Rusiya, nə Türkiyə, nə də İran qəbul edər. Çünki, Fransanın gəlişi əslində həm NATO-nun Qafqaza gəlişidir, həm də Ermənistan üçün NATO-nun qapılarının aralanmasıdır. Rusiya üçün NATO-nun necə bir qırmızı xətt olduğu Rusiya-Ukrayna müharibəsində göründü. İran da qədim dövlətçilik ənənələri olan dövlətdir. Dövlətçiliyinə hər hansı təhdid hiss etdiyi anda din daxil olmaqla hər hansı digər marağı, erməni lobbisi, erməni təəssübkeşliyi və sair kənara qoya bilən dövlətdir. Necə ki, Azərbaycanın güclənməməsi üçün müsəlman həmrəyiliyini kənara qoyaraq xristian ermənilərlə hər cür işbirliyini son 30 ildə həyata keçirdilər. Burada özüm-özümə müxalifətlik edəcəm, əks fikir söyləyəcəm. Fransa xüsusilə 1979-cu ildən sonra İranla yaxın olub. Başda erməni lobbisi və diasporaları olmaqla Fransa – İran – Ermənistanı birləşdirən güclər eynidir. Bu üçbucağın düşmənləri də ortaqdır: güclənən Türkiyə və Azərbaycan, o cümlədən Rusiya. Amma bu əks fikri zəiflədən əsas bir cəhət var. İran da anlayır ki, əgər Fransa ABŞ (NATO) və İran arasında qalarsa, ABŞ-ın (NATO) tərəfini seçəcək və ya seçməyə məcbur olacaq. Məhz bu əsas amil İranı Fransanın Qafqaza gəlməsinə ehtiyatla yanaşmağa və əks mövqe nümayiş etdirməyə sövq edən əsas səbəb olaraq qalacaq.

Düşünürəm ki, Fransa Prezidentinin İsrail – HƏMAS müharibəsi ilə bağlı ehtiyatlı, lakin erməni lobbisinin səsini əks etdirən fərqli və hiyləgər ritorikası, bu müharibədən dividendlər əldə etməyə çalışması, Qafqaza soxulmaq və alınmasa buranı yenidən qarışdırmaq cəhdləri davamlı diqqət mərkəzində olacaq.

Nəhayət, sizcə, milyonlarla müsəlmanı qıran, soyqırım edən Fransanın bu gün müsəlmanların dilindən incə-incə danışmağa cəhd etməsi ikiüzlülük və hiyləgərliyin ən yüksək nöqtəsi deyilmi? Bu cür hiyləgər siyasət yürüdən bir dövləti də xəfifə almaq, zəif qiymətləndirmək regiondakı hər bir dövlət üçün ən böyük strateji səhvlərdən biri olmazmı?

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Chosen
922
50
banker.az

10Sources