İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərini tamamlayıb.
Gundem.az qurumun açıqladığı məlumata istinadən xəbər verir ki, təmir işləri avqustun 15-i səhər saat 06:00-da yekunlaşıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.
Bakı şəhəri üzrə içməli suyun təchizatı isə sabah, yəni avqustun 16-da bərpa ediləcək. Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına su ilə təmin olunması istiqamətində işlər görülüb. (Sfera.az)