RU

Müharibə daha da BÖYÜYÜR – Rusiya Kiyevi, Ukrayna Moskvanı vurmağa hazırlaşır...

Ukrayna müharibəsi məcrasından çıxmağa başlayıb. Amerika Dövlət Departamentinin məlumatına görə, Rusiya Ukraynanın müstəqillik günü ərəfəsində paytaxt Kiyevi vurmaq qərarına gəlib. Hədəfdə Kiyevin əsas hökumət binalarının olduğu iddia edilir. Bu da Rusiyanın Kurskdakı məğlubiyyətə cavabı kimi dəyərləndirilir. Güman ki, Rusiya Kurska görə qisas almaq qərarına gəlib.

Digər tərəfdən,Ukraynanın da Moskvanı vuracağı ilə bağlı məlumatlar yayılıb. Bu da sözün həqiqi mənasında müharibənin məcrasından çıxdığına işarədir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, müharibənin əvvəlində olduğundan fərqli olaraq bu dəfə Rusiyanın Kiyevi vurması elə də asan başa gəlməyəcək:

“Rusiya Ukrayna müharibəsi birbaşa olaraq ABŞ Rusiya qarşıdurmasının bir modelidir. ABŞ üçüncü bir dövlət vasitəsilə Rusiyanı çökdürməyə çalışır. Müharibənin son zamanlar daha aktiv fazaya daxil olması isə birbaşa olaraq ABŞ-da gözlənilən seçkilərlə əlaqədardır. Demokratlar var gücü ilə çalışır ki, Ukrayna cəbhədə üstünlük əldə etsin. Ona görə də Kursk vilayətinə hücum təşkil olunub.

Kursk əməliyyatından öncə Ukrayna ilə Rusiya arasında danışıqlar gedib. Moskva danışıqlar masasının İstanbul görüşündən yuxarı səviyyədə olmasını istəyirdi.

Yəni həmin görüşün nəticələrindən sonrakı məsələlər müzakirə olunmalıdır. Kiyev isə danışıqları sıfırdan başlamağı təklif edirdi. Belə bir prosesin getdiyi məqamda Ukrayna Kurska hücum etdi. Kurskda qazın Avropaya ötürülməsilə bağlı qazpaylayıcı mərkəz var ki, Kiyev ona da nəzarəti ələ keçirib.

2025-ci ilin yanvarın 1-dən “Qazprom”la Avropa İttifaqı arasında qaz müqaviləsi hüquqi qüvvəsini itirir. Sanksiyalar fonunda isə “Qazprom” müqaviləni uzada bilmir. Müqavilənin uzadılmaması ilə isə Rusiyanın maliyyə imkanları bir qədər də azalacaq. Bu mənada Kursk əməliyyatının böyük əhəmiyyəti var.

Rusiyanın Kiyevi vurmaq niyyətinə gəldikdə, müharibənin əvvəlində Rusiya üçün bunu etmək asan idi, hətta ruslar şəhərə yaxınlaşmışdılar. Ancaq indi bunu etmək Rusiya üçün çətin olacaq. Ona görə ki, artıq Ukraynanın hava hücumundan müdafiə sistemləri Kiyevi qoruyur”.

Həmsöhbətimizə görə, bundan sonra müharibə Krım istiqamətinə keçəcək:

“Növbəti hədəf Krım olacaq. Çünki burada Rusiyanın böyük hərbi bazaları var. Ukraynaya yeni yardımlar da veriləcək. Bu vəziyyət tərəflər masa arxasında oturana qədər davam edəcək. Baş tutmadığı təqdirdə isə müharibə davamlı olacaq”.

Избранный
185
50
turkustan.az

10Источники