RU

Azərbaycanda rusdilli təhsilə maraq niyə artır...

Azərbaycanda rusdilli təhsilə maraq hər zaman yüksək olub. Bəzi vətəndaşlar övladlarına rus dilində təhsil verməyi üstün tuturlar. 

Müşahidələr göstərir ki, son illər ölkəmizdə xüsusilə gənc valideynlər övladlarını bu istiqamətə yönləndirir. İşin maraqlı tərəfi odur ki, həmin valideynlərin əksəriyyəti bu dili bilməsə də, övladlarının rusdilli olmasını arzulayır.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə mövzu ilə bağlı Modern.az-la həmsöhbət olub.

Onun sözlərinə görə, keçmiş SSRİ məkanında yaşadığımız dövrdə yeni nəslin rus dilində təhsil almasının üstünlükləri var idi:

“Bu gün belə üstünlüklər yoxdur. Amma rus dilində təhsilə maraq azalmır. Bunu adətən valideynlərin köhnə stereotlərə “sadiq” qalmaları ilə əlaqələndirirlər. Yəqin ki, bu amil yox deyil, amma düşünürəm ki, rus dilində təhsilə marağın azalmamasını təkcə bununla əlaqələndirmək səhv olardı. Mən bu sahədə tədqiqat aparmamışam, amma ayrı-ayrı valideynlərlə fərdi görüşlərdə etdiyim söhbətlərə əsasən daha bir neçə səbəbin olduğunu vurğulaya bilərəm.
Bir çox ölkələrdə işıq üzü görən fundamental monoqrafiyalar və kitablar rus dilinə tərcümə olunur. Bu SSRİ dövründə də belə idi, indi də belədir. Rusiya böyük ölkədir, orada kitablar böyük tirajla nəşr edildiyi üçün bu işi həyata keçirmək naşirlər üçün maraqlıdır. Övladlarının gələcəkdə elm yolu ilə getməsini arzulayan valideynlərin bir qismi bu səbəbə görə rus dilində təhsilə önəm verirlər”.
 

H.Əlizadə qeyd edib ki, müasir dövrdə ingilis dilinin öyrənilməsi daha aktualdır:
 

“Yəqin diqqət etmişiniz ki, valideynlərin bir qismi hələ aşağı siniflərdə təhsil alarkən ingilis dilini öyrənməsi üçün övladlarının müxtəlif dərnəklərdə iştirakını təmin edirlər. Bu meyl günü-gündən öz əhatə dairəsini genişləndirir. Rus dilinin qrammatikasının bəzi məqamları ingilis dilinin qrammatikası ilə üst-üstə düşür. Valideynlərin bir qismi elə düşünür ki, uşaq rus dilinə yiyələnsə, ingilis dilini daha asan mənimsəyə bilər. Bu səbəbdən övladlarının rus bölməsində təhsilinə üstünlük verirlər.
Valideynlərin bir qismi isə övladlarının bir neçə dil bilməsini arzulayır. Məktəblərdə rus bölmələri fəaliyyət göstərdiyindən burada təhsil alaraq onu öyrənməyə imkan var. Bu zaman heç bir əlavə iş görmədən (dərsdən sonra uşaqlarını müəllim yanına aparmadan və vaxt itirmədən) övladlarının rus dilini incəliklərinə qədər mənimsəyəcəklərinə əmindirlər. Sonrakı illərdə isə uşaqlarının ikinci, üçüncü dili öyrənilməsi üçün şərait yaradırlar.
Dediyim səbəblər az sayda insanlarla etdiyim söhbətlərdə gəldiyim nəticələrdir. Yəqin ki, rus bölməsində təhsilə marağın olmasının başqa səbəbləri də var. Hazırda bu marağın artıb-artmaması ilə bağlı məndə statistik məlumatlar yoxdur. Amma qeyd etdiyim səbəblər ola bilsin ki, marağın artmasını şərtləndirsin. Bununla bağlı  valideynlərə demək istərdim ki, hər bir ölkədə yeni nəslin öz dilində təhsil almaları onların həm əqli inkişafı, həm də milli-mənəvi dəyərləri mənimsəməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dünyanın bir çox alimləri ən azı ibtidai sinifdə uşaqların ana dilində təhsil almalarını zəruri sayırlar. İbtidai sinfi bitirdikdən sonra başqa dildə təhsili davam etdirmək mümkündür”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə Bakıda səfərdə olarkən Azərbaycanda rus dilinə göstərdiyi diqqətə və bu dilin tədris olunduğu məktəblərin işinə görə minnətdarlıq etmişdi.
O, Azərbaycandakı 300 orta məktəbdə rusdilli bölmənin, eləcə də Rusiyanın aparıcı ali məktəblərinin filiallarının fəaliyyət göstərdiyini qeyd etmişdi.

Избранный
144
39
modern.az

10Источники