RU

BRICS “dollarsızlaşma”nı təşviq edir

ABŞ dolları dünyanın əsas aparıcı valyutasıdır. Bu, Vaşinqtona beynəlxalq səhnədə əhəmiyyətli üstünlük verir. Onun geosiyasi mövqeyini möhkəmləndirir, sanksiyalar tətbiq etməyə və maliyyə bazarlarına nəzarətə imkan verir. Bunun ən parlaq nümunələrdən biri Rusiya Mərkəzi Bankının 640 milyard dollar valyuta ehtiyatının təxminən yarısının dondurulması və ödəniş sisteminə çıxışın məhdudlaşdırılmasıdır. Dolların belə bir təsir alətinə çevrilməsi isə onun etibarlı və təhlükəsiz valyuta kimi reputasiyasına xələl gətirir. Bütün bunlar bir çox ölkələri alternativlər axtarmağa məcbur edir. Bu istiqamətdə ən fəal olanlar BRICS-ə üzv ölkələrdir. Hazırda onların əsas səyləri dolların və SWIFT kimi ödəniş sistemlərinin hökmranlığını zəiflətməyə yönəlib. 

Bu sahədə ən fəallar isə Rusiya və Çindir. Moskva və Pekinin ABŞ-la gərgin münasibətləri var. Bu kontekstdə hər iki ölkə öz iqtisadiyyatlarını dolların təsirin­dən qorumağa çalışır. Qərb ölkələrindən tam müstəqil olacaq yeni ödəniş sistemi­nin yaradılması üzərində işləyirlər. Daxil olan məlumatlara görə, bu sistem blokçeyn texnologiyasına və rəqəmsal valyutalara əsaslanır. Üstəlik, mövcud Qərb analoq­larından fərqli olaraq, mərkəzləşdirilmə­miş olacaq. Bu barədə “Vaşinqton tayms” qəzeti yazıb: “Ənənəvi ödəniş şəbəkələri tez-tez yüksək komissiyalar və vasitəçilə­rin iştirakı ilə əlaqələndirilir ki, bu da əlavə xərclər yaradır. Lakin mərkəzləşdirilmə­miş sistem bu xərcləri əhəmiyyətli dərəcə­də azalda bilər".

Bu yaxınlarda Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir sistemin tezliklə mümkünlüyünə eyham vurub. Kremlin Qərb maliyyə institutlarından müstəqil ödəniş mexanizmi yaratmaqda maraqlı olduğunu təsdiqləyib. Onun sözlə­rinə görə, BRICS ölkələri üçün vahid ödə­niş sisteminin yaradılmasının vaxtı çatıb. Artıq bu iştiqamətdə müəyyən uğurlar da əldə olunub. Almaniyanın “Merkur” nəşri yazıb: “Çin və Rusiya kimi güclü ölkələr maliyyə bazarında köklü dəyişikliklər planlaşdırır. Onlar dollardan nə qədər az asılı olsalar, iqtisadiyyatları sanksiyalara bir o qədər davamlı olacaq. Bu səylər çər­çivəsində ötən il BRICS ölkələri Qərbin nəzarətində olan SWIFT sisteminə alterna­tiv olacaq öz ödəniş sistemini hazırladıqla­rını elan ediblər. Yeni sistemin köməyi ilə Rusiya, Çin və tərəfdaşları ABŞ-dan asılı olmayaraq ticarət və maliyyə əməliyyat­larını həyata keçirə biləcəklər. Qurumun vahid valyuta yaratmaq və ticarət əməliy­yatlarında ondan istifadə etmək planları da dolların təməlini dağıdacaq ”. 

Bundan başqa, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı 28 mil­yard dollar dəyərində “Maharaja istiqraz­ları” adlı qiymətli kağızları qlobal bazara çıxaracaq. Yeni istiqrazlar hökumətlər, ma­liyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları dollar­la deyil, yerli valyutalarla almaq mümkün olacaq.

İstiqrazların buraxılması planı BRICS-in dollarsızlaşma (de-dollarizasi­ya) təşəbbüslərinin bir hissəsidir, çünki al­yans qlobal iqtisadiyyatda islahatlar apar­maq məqsədilə ABŞ valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir.

BRICS öz ödəniş sistemlərini yarat­maqla yanaşı, istiqrazlar buraxmaq və kriptovalyutaların tətbiqi ilə də dollarsız­laşmada uğur qazanacaq”. 

Nəşrin yazdığına görə, BRICS üzvlə­rinin təşviq etdiyi dollarsızlaşma Qərbin hökmranlığına son qoymağın bir yoludur. “Yaxın gələcəkdə BRICS ödəniş siste­mi reallığa çevrilə bilər. Bu baş verəndə çoxqütblü qlobal iqtisadiyyatın yaradılma­sının yolu açıq olacaq. Hazırda bu təşəbbüs bütün dünyada geniş dəstək alır. 159 ölkə yeni maliyyə sisteminə qoşulmağa hazır­dır, onların bir çoxu bu və ya digər şəkildə kriptovalyutalardan istifadə edir”. 

ABŞ belə bir sistemin tətbiqi ilə mey­dana çıxacaq nəticələrdən narahatlığını ifa­də edib. Çünki bu, ilk növbədə, beynəlxalq ödənişlərdə dolların rolunun azalmasına səbəb ola bilər. Ölkələr ABŞ valyutasından daha az istifadə edəcək ki, bu da onun dün­ya bazarlarına təsirinin azalması deməkdir: “BRICS ölkələri kriptovalyutalardan isti­fadəni qəbul etdikcə, qlobal ticarətdə ABŞ dollarının hegemonluğu zəifləyəcək. Qu­rumun ödəniş sisteminin uğurlu fəaliyyəti Qərbin hökmranlığına meydan oxuyaraq beynəlxalq maliyyədə güc balansını dəyişə bilər”, – “Vaşinqton tayms” qəzeti məlu­mat yayıb.

Ağ evin milli valyutadan siyasi təz­yiq rıçaqı kimi istifadə etmək istəyi həm də onun Valyuta Ehtiyatlarının Struktu­runda mövqeyinə təsir edir. Rusiya Pre­zidenti Vladimir Putinin daha əvvəl qeyd etdiyi kimi, rəqiblərə təsir etmək cəhdləri ABŞ üçün strateji səhvə çevrilir. Bu, dol­ların Valyuta Ehtiyatlarının Strukturunda mövqeyinin itirilməsinə səbəb olur. Bey­nəlxalq Valyuta Fondunun məlumatına görə, 2000-ci ildə ABŞ valyutası dünya valyuta ehtiyatlarının 72 faizdən çoxunu təşkil edirdisə, 2023-cü ildə onun payı son 28 ildə ilk dəfə olaraq 58,41 faizdən aşağı düşüb. Hətta ABŞ-nin müttəfiqləri arasında da dollar ehtiyatları azalır. Bunun nəticəsidir ki, beynəlxalq valyuta ehtiyat­larının strukturunda digər valyutaların payı artır. Məsələn, hazırda mərkəzi bankların valyuta ehtiyatlarında avro - 21 faiz, Bri­taniya funtu - 4,62, Yapon yeni - 5,70, İs­veçrə frankı - 0,2, digər valyutalar - 8,1, o cümlədən yuanın payı - 1,96 faiz təşkil edib. 

Bəzi analitiklərin fikrincə, dolla­rın mövqeyinin zəifləməsi bir tərəfdən BRICS-in fəaliyyəti ilə bağlıdırsa, digər tərəfdən dolların təsirindən xilas olmaq istəyən mərkəzi bankların beynəlxalq əmə­liyyatlarda digər valyutalardan istifadəsi ilə əlaqəlidir. Bu rəqəmlər rəqabət şərai­tində ABŞ dollarının qlobal iqtisadiyyat­da rolunun azalmasını əks etdirir. Bundan başqa, bir çox investorları ABŞ-nin büdcə­si və dövlət borcu ətrafında yaranmış və­ziyyət narahat edir. Bu barədə “Freedom Finance Global”ın aparıcı analitiki Natalya Milçakova məlumat verib. Onun sözlərinə görə, ABŞ artan büdcə kəsirini ödəmək üçün daha çox borc götürməli olur. Belə bir şəraitdə, ABŞ dolları populyar valyuta kimi saxlamaq üçün faiz dərəcələrini artır­mağa məcburdur. Yüksələn faiz dərəcələri isə dövlət borclarını bahalaşdırır, sənaye və ticarəti, xüsusən də ABŞ iqtisadiyyatı­nın əsaslandığı ipoteka sistemini dayanıq­sız edir. İndi ABŞ-nin dövlət borcu 34,6 trilyon dollara yaxınlaşır və bu il hakimiy­yət ilk dəfə onun xidmətinə daha çox pul xərcləyəcək. Bunlar investorlarda dollara qarşı inamsızlıq yaradır.

Qeyd edək ki, xarici mətbuat BRICS ölkələrinin yeni ödəniş sistemi yaratmaq imkanlarını kifayət qədər diqqətlə izləyir. Baxmayaraq ki, bu proses sürətli deyil, çünki bu həm də qurumun iştirakçısı olan bütün dövlətlər arasında razılaşma tələb edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Избранный
100
xalqqazeti.az

1Источники