Tarixi Çernobbio bəyanatı kontekstində
I MƏQALƏ
2022-ci il, Çernobbio
İki il bundan əvvəl sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” Beyin Mərkəzinin “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzulu beynəlxalq Çernobbio Forumu başlamışdı. Azərbaycan Prezidenti İlham Əliyevi İtaliya Prezidenti, baş naziri və “The European House – Ambrosetti” Mərkəzi tədbirdə iştiraka və orada nitq söyləməyə dəvət etmişdilər. Dövlət başçımız forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdi. Bu, adi bir çıxış deyildi, çünki İlham Əliyev enerji siyasəti, təhlükəsizlik və əməkdaşlığın dinamikası ilə bağlı tarixi əhəmiyyətli tezislər irəli sürmüşdü.
İlham Əliyevin həmin tədbirdəki çıxışı həm də rəsmi Bakının dünyaya mesajları idi. Bəlkə də Qərbdə çoxları Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlərin siyasi və geosiyasi dərinliklərinə varmaq həvəsində olmadılar. Lakin 2024-cü ildə yenə də Çernobbioda İlham Əliyevin bəyan etdiyi fikirlər onların nə qədər yanıldığını əyani göstərdi. Əlahəzrət faktlar bu fikri təsdiq edir. Öncə, ümumi xarakterli iki məqama nəzər yetirək.
Bir ümumiləşdirmə və bir müqayisə
Bizim üçün əhəmiyyətli olan məqam Azərbaycan Prezidentinin ardıcıl, düşünülmüş, şəffaf və aydın strateji məqsədi olan siyasət həyata keçirdiyini Çernobbio konfransları timsalında bir daha göstərməkdir. Məsələ ondan ibarətdir ki, 2022-ci ildə Azərbaycan Prezidentinin Çernobbioda apardığı təhlili 2024-cü ildə yenə də Çernobbioda apardığı təhlil incəliyinə qədər tamamlayır. İndi bu cür ardıcıllığı, məntiqi bütövlüyü və xoşniyyətli siyasəti nadir hallarda görə bilirik. Böyük dövlətlər də daxil olmaqla kiçik və zəif ölkələrin də liderləri bu ardıcıllığı gözləmirlər və ya gözləyə bilmirlər. Bəzən onlardan birinin bu gün dediyini sabah söylədikləri inkar edir. Bunu C.Baydenin də, E.Makronun da, A.Şoltsun da müxtəlif zamanlarda eyni məsələ ilə bağlı dediklərində görmüşük. Kiçik dövlətlərə gəldikdə isə çəkinmədən deyə bilərəm ki, müasir dövrdə Nikol Paşinyan kimi ziddiyyətli və qeyri-ardıcıl fəaliyyət göstərən ikinci bir siyasətçi yoxdur. Bu adam o qədər “tələsir” ki, bəzən indi dediyi fikri 2 saat sonra özü təkzib edir. Misallar çoxdur. Ancaq əsas məsələ siyasi-diplomatik baxımdan ondan ibarətdir ki, bu tip siyasətçilərlə konstruktiv olmaq mümkün deyildir.
Ermənistan və Gürcüstan həm ərazicə, həm də təsir dairəsinə görə kiçik dövlətlərdir. Məsələ daha geniş miqyasda ABŞ, Fransa və Almaniya kimi ölkələrin siyasi liderlərinə gəldikdə çox düşündürücü görünür. Bunun fonunda bir müqayisə aparaq.
İtaliya udur, Fransa uduzur
E.Makronun siyasəti Fransa kimi qüdrətli dövləti geosiyasi turbulentliyin oyuncağına çevirmişdir. ATƏT-in keçmiş Minsk qrupunun sabiq həmsədri kimi Fransa söz vermişdi ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində obyektiv mövqe tutacaq. Emmanuel Makron qeyri-ardıcıl davranışları və yalan vədləri ilə bu mövqeyini alt-üst etdi. Lakin Azərbaycan həmin dövrdə təmkinlə Fransa ilə konstruktiv əlaqələr qurmaq istiqamətində fəaliyyətini dayandırmadı.
E.Makron bu müsbət mesajı ya anlamadı, ya da ciddi hesab etmədi. Hər bir halda bütün imkanları ilə nümayiş etdirdi ki, Fransa obyektiv və tərəfsiz deyildir, Paris, birmənalı şəkildə təcavüzkar Ermənistanın yanındadır. Bunun fonunda Fransa II Qarabağ savaşından sonra daha da azğınlaşdı. Açıq-aydın İrəvanı dəstəklədi və hətta onu təxribatlara sövq etdi. Eyni zamanda, E.Makron sifətində heç bir səmimiyyət ifadəsi olmadan haray-həşir saldı ki, vasitəçi olmağa layiqdir. Bununla qeyri-ardıcıl mövqeyin yeni səhifəsi başladı və rəsmi Bakı Fransa ilə pozitiv əlaqələri qurmağa xeyli şübhəli yanaşmağa başladı. Bakı tam haqlıdır!
Həm də ona görə ki, Fransa qonşusu İtaliyanın davranışları fonunda olduqca qeyri-konstruktiv, qeyri-obyektiv və zavallı görünür. Bakının çağırışlarını demirəm, heç olmasa, İtaliya rəsmilərinin fəaliyyətindən bir müsbət nəticə çıxara bilmədilər və indi də çıxarmırlar. Hətta müəyyən müddətdə Fransanın dikbaşlığı ucbatından İtaliya ilə münasibətləri gərginləşdi. Rəsmi Brüssel güclə aranı sakitləşdirdi (nə qədər sürəcək?). Məsələ ondan ibarətdir ki, E.Makron İtaliya rəsmi dairələrinə təhqiramiz yanaşmışdı və Roma cavabını verdi. E.Makron Almaniyanın Kansleri O.Şoltsu da “qorxaq” adlandırmışdı. Çünki O.Şolts Azərbaycana süni təzyiq etməmişdi və E.Makronun Azərbaycan – Ermənistan danışıqlarında iştirakında israr etməmişdi.
E.Makronun neqativ enerjisini bir kənara qoyaq. Gələk italiyalı tərəfdaşlara. İtaliya Azərbaycanla real olaraq əməkdaşlıq etməyə başlamışdır. Müxtəlif istiqamətlərdə bu əməkdaşlıq o dərəcədə irəli getmişdir ki, indi İtaliya Azərbaycan Prezidendinin ifadə etdiyi kimi, Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi də imzalanmışdır. Bundan başqa, İtaliya Azərbaycan neft və qazının Avropaya nəql olunmasında mühüm məkan rolunu uğurla oynayır. İtaliya Prezidenti Azərbaycana səfər etdiyi zaman vacib razılaşmalar əldə olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə İtaliyaya rəsmi səfər etmişdir və hər dəfə də irəliyə doğru real addımlar atılmışdır.
Azərbaycan Prezidenti 2022-ci il Çernobbio tədbirində çıxışı zamanı əməkdaşlığın əhəmiyyətli aspektləri haqqında fikirlər səsləndirmişdir. İlham Əliyev demişdir: “Beləliklə, bu, onu nümayiş etdirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik. Onlardan biri təhsildir. Dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də təhsil barədə danışdıq. Dünən Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu, o deməkdir ki, bizim gündəliyimiz çox genişdir”. Azərbaycanın dövlət başçısı fikirlərinə davam edərək demişdir: “Əlbəttə, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi”.
Bundan sonra bütün dünyanı müsbət mənada silkələyən tarixi Çernobbio bəyanatı gəlir.
Enerji strategiyasının 3 mərhələsi
Bu bəyanat ona görə tarixi və möhtəşəmdir ki, XXI əsrdə ilk dəfə olaraq müstəqil Azərbaycanın enerji siyasətinin həm konkret məzmunu, həm reallaşma mərhələləri, həm də strateji məqsədini Prezident İlham Əliyev dünyaya açırdı.
Bəyanatın ana tezisində deyilir: “Bizim enerji strategiyamız mərhələlərə bölünüb”.
Bu, o demək idi ki, birincisi, Ulu öndər keçən əsrin 90-cı illərində ölkənin enerji strategiyasını müəyyən edərkən hər şeyi zərgər dəqiqliyi ilə nəzərə almışdır ki, seçilən xətt asbtrakt deyil. Konkret nəticəverici mahiyyətə malikdir. Yəni Azərbaycan Respublikası ciddi, təmkinli, xeyirxah və strateji məqsədi aydın olan müstəqil dövlətdir. Bu dövlət verdiyi sözə tam olaraq əməl etmək niyyətindədir.
İkincisi, Azərbaycan enerji strategiyası sistem mahiyyətlidir. Yəni onun tərkib hissələri arasında bir-birini tamamlayan konkret qaydalara uyğunlaşdırılmışdır.
Üçüncüsü, Azərbaycanın enerji strategiyası ierarxik reallaşma strukturna və funkisonallığa malikdir. Onun mərhələlərə bölünməsi həmin özəlliyin əyani təzahürüdür. Deməli, rəsmi Bakı ardıcıl olaraq hər mərhələni həyata keçirir və nəticəverici vəziyyət yaranandan sonra növbəti mərhələyə çəkinmədən və inamla qədəm qoyur.
Dördüncüsü, Azərbaycanın enerji strategiyası qapalı deyildir və daim yeniləşir, yeni mərhələlər müəyyən edilir. Bu artıq yeni tarixi mərhələnin vəzifələrindən biridir. Lakin ilkin əlaməti artıq məlumdur: “yaşıl enerji”, “bərpaolunan enerji” istiqamətində Azərbaycanı “yaşıl ölkəyə” çevirmək!
Deməli, 2022-ci ilə olan vəziyyətə görə, enerji strategiyasının birinci mərhələsi Azərbaycanın dünyanın tanınmış enerji şirkətlərini əməkdaşlığa dəvət etməsi, onlar arasında “Əsrin müqaviləsi” əsasında dəqiq pay bölgüsü aparması və nəqliyyat marşrutlarının müəyyənləşdirilməsini əhatə edir. İkinci mərhələ “nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır”. Üçüncü mərhələ isə “yaşıl enerji” sferasında Avropa İttifaqı ilə əməkdaşlığın başlamasıdır. Göründüyü kimi, bu mərhələ müəyyən mənada açıqdır və o, mütləq inkişaf etdiriləcəkdir ki, növbəti mərhələ üçün ciddi əsas yaransın.
Şərti olaraq İlham Əliyevin “Çernobbio bəyanatı” adlandırdığımız bu parametrlərin izah edilməsinin tarixiliyi həm də onunla bağlıdır ki, dövlət başçısı məsələyə Avropa İttifaqı ilə razılaşdırdığı bir rəsmi sənəd çərçivəsində baxdığını ifadə etdi. İlham Əliyev 2022-ci ildə Çernobbio bəyanatında bunu xüsusi vurğuladı: “Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım”.
Deməli, Azərbaycanın Avropa istiqamətində seçdiyi yol aydın, dəqiq və konstruktivdir. Rəsmi Roma bunu gördü və adekvat qiymətləndirdi, rəsmi Paris isə görə bilmədi. İtaliya qazandı, Fransa uduzdu. Fransa hələ də uduzmaqda davam edir. Və hətta gözləmədiyi yeni istiqamətlərdə zərbələr almaqdadır. Məsələn, yeni müstəmləkəçiliyə qarşı mübarizə getdikcə dərinləşir və genişlənir. Fransa dövlətçiliyi strateji cəhətdən uduzur!
Bu qənaətimiz 2022-ci ildə Çernobbioda Azərbaycan Prezidentinə verilən bir sualdan və dövlət başçısının cavabından da aydın görünür. Həmin dialoqu olduğu kimi tədqim edirik: “Sizin dedikləriniz çox önəmlidir. Siz regionda və regiondan kənarda yeni əlaqələrdən bəhs etdiniz. İtaliya ilə mədəni, təhsil və özəlliklə də enerji sahələrində əlaqələr inkişaf edir. Növbəti paneldə biz yeni qlobal düzəni müzakirə edəcəyik. Sizin ölkənizin mövqeyi nədən ibarət olacaq?
– Bu, bir çox məsələlərdən asılıdır. Təbii ki, yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq”.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru