“Rusiya kəşfiyyat qurumlarının belə riskə gedəcəyinə də inanmıram. Çünki ABŞ-nin bu sahədə gücü yetərincədir ki, istənilən bir cinayətin kökünü açıb ortalığa qoysun...”
"Vaxtilə Yuri Şvets Azərbaycanın da iki rəsmisini: hazırda Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi olan o vaxtkı xarici işlər nazirinin müavini Xələf Xələfovu və maliyyə naziri Samir Şərifovu Rusiya kəşfiyyatıyla əlaqədə ittiham etmişdi..."
“Belə bir hal olarsa, şübhəsiz ki, onu axtarıb ortaya çıxararlar. Bu da Rusiya üçün fəlakətli bir nəticə verər...”
"Tramp öz yürütdüyü siyasətin, əgər buna siyasət demək mümkünsə, öz avantürizminin, öz ifrat ekstremizminin hədəfinə gəlir, qurbanına çevrilir..."
İki ay öncə Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından yaralanan ABŞ prezidentliyinə namizəd Donald Tramp bu günlərdə Florida qolf klubu yaxınlığında hansısa silahlı atışma zamanı guya yenidən sui-qəsd cəhdinə məruz qaldı. Ötən dəfəki olayda olduğu kimi, analitik düşüncədən uzaq bəzi Amerika vətəndaşlarının nəzərində bu hadisə də eks-prezidentin “xalqın əsil firavanlığı, xoşbəxtliyi üçün çalışdığı üçün aradan götürülməsinə cəhd edilən qəhrəman” kimi canlanmasına şərait yaradır. Bəs görəsən, həmin serial sui-qəsd cəhdlərinin Trampın seçkiqabağı reytinqini qaldırmaq üçün Rusiya kəşfiyyatı, məsələn, “FSB”, yaxud “QRU” tərəfindən təşkil edilməsi mümkündürmü? Çünki Trampın özünün Rusiya kəşfiyyatı ilə bağlı olması haqda ABŞ siyasi və təhlükəsizlik dairələrində yetərincə şübhələr mövcuddur. Hələ 2017-ci ildə “Vaşinqton-post” bu haqda məqalə dərc etmişdi. 2021-ci ildə “KQB”-nin keçmiş casusu, Putinin tələbə yoldaşı Yuri Şvets Trampın 40 il öncədən “KQB” tərəfindən ələ alındığını söyləmişdi, bu günlərdə isə ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktor müavini Endryu Makkeyb bildirdi ki, Donald Tramp Putinlə qarşılıqlı əlaqələrə görə "de-fakto Rusiya agenti" hesab edilə bilər...
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
“Açığı, mən düşünmürəm ki, bu hansısa bir kəşfiyyatın planlaşdırdığı işdir. Nəyə görə? Ona görə ki, Birləşmiş Ştatların əks-kəşfiyyat qurumu olan Federal Təhqiqatlar Bürosu, istərsə də digər qurumları kifayət qədər peşəkar təhqiqatçılara malikdir və belə bir hal olarsa, şübhəsiz ki, onu axtarıb ortaya çıxararlar. Bu da Rusiya üçün fəlakətli bir nəticə verər. Düşünmürəm ki, bu sui-qəsd cəhdi Rusiya, yaxud digərləri tərəfindən Trampın reytinqini qaldırmaq üçün həyata keçirilmiş bir aksiyadır. Burada ABŞ daxilində yaranmış vəziyyəti nəzərə almaq lazımdır. Vəziyyət isə belədir ki, məhz Trampın həmin o sərt, aşağılayıcı, bölücü ritorikası Amerika cəmiyyətində ifrat bir qütbləşməyə səbəb olub və bu, yeni bir fenomen deyil. Tramp 2016-cı ildə prezident seçkilərinə qatılanda artıq ABŞ siyasətinə təzə bir trend gətirdi: aşağı ayarlı, sərt ritorika, bölücülük, nifrət yaratmaq... Və bu gün də bir çox insanlar düşünürlər ki, Trampın, ümumiyyətlə, nəinki prezident olmaq ehtimalı, siyasi arenada olması Amerika dövləti və xalqı üçün ciddi təhdidlər yaradır. Həm də nifrət qarşılıqlı nifrət doğurur. Bəzən insanlar da bundan belə nəticə çıxarır ki, o bir qəhrəmanlıq etməli və Trampı aradan götürməlidir. Bu mənada hesab edirəm ki, burada söhbət, böyük ehtimalla daha çox şəxsi təşəbbüsdən gedir. Və Tramp öz yürütdüyü siyasətin, əgər buna siyasət demək mümkünsə, öz avantürizminin, öz ifrat ekstremizminin hədəfinə gəlir, qurbanına çevrilir. Düşünmürəm ki, burada Rusiyanın dəst-xətti var. Rusiya kəşfiyyat qurumlarının belə riskə gedəcəyinə də inanmıram. Çünki ABŞ-nin bu sahədə gücü yetərincədir ki, istənilən bir cinayətin kökünü açıb ortalığa qoysun...
Yuri Şvetsin Trampın haqqında dediklərini də ciddi qəbul etmirəm. Bir daha deyirəm ki ortada sübut yoxdursa, ortada fakt yoxdursa, bunlar hamısı boş-boş söhbətlərdir. Vaxtilə Yuri Şvets Azərbaycanın da iki rəsmisini: hazırda Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi olan o vaxtkı xarici işlər nazirinin müavini Xələf Xələfovu və maliyyə naziri Samir Şərifovu Rusiya kəşfiyyatıyla əlaqədə ittiham etmişdi. Sonra məlum oldu ki, bu ittihamın arxasında Xəzərin statusu ilə bağlı məsələ dayanır. Və mən, ümumiyyətlə, Yuri Şvetsin bu günədək Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğunu düşünürəm. Bunu əvvəllər də demişəm, hələ o zaman o həmin Azərbaycan rəsmiləri haqda açıqlamalar verəndə də demişəm. Bu gün də deyirəm və daimi onu izləyirəm. Bu fiqurun fəaliyyəti olduqca şübhəlidir. Və mənə bu mənada bir şey təəccüblü gəlir ki, görəsən, Amerika xüsusi xidmət orqanlarında bunu anlamırlarmı... Yəqin ki, anlayırlar, yəqin ki, bilirlər, ancaq Şvetsin fəaliyyəti o qədər də ziyan vurmadığından hələlik ona dəyib-dolaşmırlar. Amma yenə deyirəm ki, mənim üçün Yuri Şvets etibarlı mənbə sayılmır...”
Sultan Laçın