RU

Azərbaycanın davamlı inkişafı yeni hədəflərə yol açırŞƏRH

Azərbaycanın

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın davamlı inkişafı yeni hədəflərə yol açır. Son dörd ildə tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar ölkəmizin qarşısında yeni imkanlar açır. 2024-cü ilə yeni hədəflərlə qədəm qoyan Azərbaycanın ötən 8 ayda qazandığı uğurlara, müstəqillik tarixinə yazdığı qürurverici hadisələrə diqqət yetirmək kifayətdir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazilərində keçirilən prezident və parlament seçkiləri özündə mühüm çağırışları əks etdirir. Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizin uğurlarından və qarşısında dayanan vəzifələrdən geniş bəhs etdi. “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir”, - söyləyən İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. Otuz ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və nəticələr göz qabağındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

O qeyd edib ki, ötən ilin 20 sentyabr tarixi yeni dövrün başlanğıcı oldu. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamlarına uyğun olaraq 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, eyni zamanda, Dövlət Suverenliyi Günü kimi təsis edildi. Atılan bu addımlar tarixi Zəfərimizin, ölkəmizin suverenliyinin bərpasının əbədiləşdirilməsinə xidmət edir. Son dörd ildə Azərbaycan bütün sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurları ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bunu əsaslı şəkildə diqqətə çatdırdı və belə bir reallığı da xüsusi qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatlarının nəticələrini bütün dünyaya qəbul etdirə bildik.

Deputat vurğulayıb ki, ikili standartlar əsasında qurulmuş ittihamlar davam etsə də, bu, nə Azərbaycan dövlətinin, nə də xalqımızın iradəsinə təsir edə bilər: “Ölkəmizin real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatı bütün cəhdlərin qarşısını qətiyyətlə alır. Azərbaycan 30 illik işğal dövründə mütəmadi olaraq ikili siyasətlə üz-üzə qaldı. Lakin bu, xalqımızı heç zaman ruhdan salmadı. Dövlətimizin uğurlu siyasəti nəticəsində hər bir sahədə qazandığımız uğurlar davamlılığı ilə dünyanın diqqətində oldu. Azərbaycan hədəfdən-hədəfə doğru inamla addımlayaraq bugünkü reallıqlara nail oldu. Prezident İlham Əliyev çıxışında bu məqamı da vurğuladı ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

Günümüzün əsas çağırışları sırasında Azərbaycanın hərbi gücünün artırılmasından da bəhs edən M.Həsənov deyib: “Prezident İlham Əliyev bildirdi ki, baxmayaraq İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Prezident İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə diqqətdə olur. Prezident bir daha bəyan etdi ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bizimlə şantaj və ultimatum dili ilə danışmağın mümkün olmadığını bilməlidir. İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində hərbi gücümüz böyük dərəcədə artırılıb. Yeni silahlı birləşmələr yaradılıb. Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando Qüvvələri yaradılıb, onların da say tərkibi ildən-ilə artır və artacaq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir.

Sentyabrın 24-də keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də Azərbaycan dövlətinin gücünün və hərbi qüdrətinin nümayişi oldu. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır. Dövlətimizin başçısı İlham Əliyev sərginin iştirakçılarına ünvanladığı məktubda ölkəmizin hərbi sahədə qazandığı uğurları diqqətə çatdıraraq bu məqamı xüsusi qeyd etdi ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da “ADEX” sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir”.

Deputat Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması məqsədilə qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylərdən də danışıb. O, ölkəmiz daim sülhün tərəfdarı olduğunu vurğulayaraq deyib: “İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də postmüharibə dövrü bunun təsdiqidir. Azərbaycan 30 il dünyadan ədalət gözləyərək sülh danışıqlarını davam etdirdi. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu danışıqlardan yayındı, təxribatlar törətməklə diqqəti yayındırmağa çalışdı. 44 günlük Vətən müharibəsini şərtləndirən amillər hər kəsə məlumdur. Tarixi Zəfərimizdən sonrakı dövrdə də işğalçı dövlətin atdığı addımlar bir günlük antiterror tədbirlərini qaçılmaz etdi. Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanması təklifindən dörd il keçməsinə baxmayaraq qarşı tərəf hələ də himayədarlarının göstərişi ilə hərəkət edir, konkret addım atmaq barədə düşünmür. Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirdi ki, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası Avropa sülh, müşahidəçi missiyası yaradılıb. Halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq.

Azərbaycan daim sabitlik, əməkdaşlıq məkanı kimi tanınır, nüfuz qazanır. Hazırda yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan ənənəvi tərəfdaşları, dostları ilə əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirir. Həmçinin, yeni yaranan imkanlardan istifadə edərək əməkdaşlığın coğrafiyasını genişləndirməyə səy göstərir. Ölkəmizin ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlarda əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz qabağındadır. Bunların ümumiləşdirilmiş ifadəsi olaraq ölkəmizin yaxın zamanlarda mötəbər tədbirə - COP29-a ev sahibliyini qeyd edə bilərik. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu, hörmətini göstərən vacib amildir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsində sabitlik diyarı, təhlükəsiz ölkə kimi nüfuz qazanması da böyük rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər”.

Избранный
86
50
azertag.az

10Источники