RU

Yeddinci çağırış Milli Məclis yeni dövrün parlamentidir - RƏY

Yeddinci çağırış Milli Məclis yeni dövrün parlamentidir. 2024-cü ildə həm prezident, həm də parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi.

 

QHT.az bildirir ki,  bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

 

Onun sözlərinə görə, Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin proqram xarakterli çıxışında həmin məqamlar xüsusi qeyd olunub:

 

"Dövlət başçısının nitqində olduqca vacib mesajlar var idi. Belə ki, hazırkı dövrə qədər əldə edilmiş nəticələr təhlil edilir və qiymətləndirilir, qarşıda duran əsas vəzifələr əsaslandırılır. Bütün Milli Məclis üzvləri, eyni zamanda parlamentdə yeni təmsil olunan deputatlar üçün bu çıxış xüsusi əhəmiyyət kəsb edir. Günün reallığı ondan ibarətdir ki, ərazi bütövlüyü və suverenliyimizi bərpa etdikdən sonra ölkəmizin qarşısında yeni imkanlar açılıb. Bir sözlə, yeddinci çağırış parlament yeni dövr və yeni çağırışlar fonunda fəaliyyətə başlayır. Dövlət başçısının bəyan etdiyi kimi, yeni dövrdə də bizim üçün vacib olan əsas hədəflərdən biri milli təhlükəsizliyin təmin edilməsidir. Ordumuzun döyüş qabiliyyətinin artırılması, hərbi sənaye kompleksinin gücləndirilməsi, eyni zamanda sərhədlərimizin qorunması yeni mərhələdə də strateji imperativlər kimi hazırda mövcud mürəkkəb geosiyasi vəziyyət fonunda aktuallığını qoruyub saxlayır".

Deputat bildirib ki, İkinci Qarabağ münaqişəsi dörd ilə yaxın müddətdir başa çatsa da, Ermənistan rəsmi Bakının sülh təklifini dəyərləndirməyib:

 

"Əksinə, qarşı tərəf hər dəfə müxtəlif bəhanələrlə sülhdən yayınır, bu azmış kimi, Qərbdəki havadarlarının təsirilə yenidən revanşa can atır. Kütləvi şəkildə silahlanma, Fransa və digər Qərb ölkələrindən ayrılan hərbi yardımlar da buna hesablanıb. Amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Dövlət başçısı bir daha xəbərdarlıq etdi - əgər Azərbaycana real təhdid olarsa, o təhdidi istənilən ərazidə məhv etmək böyük çətinlik yaratmayacaq. Son dörd ilin təcrübəsini, təxribatlara cavab olaraq reallaşan əməliyyatları xatırlamaq kifayətdir".

 

N.Məmmədova vurğulayıb ki, Prezidentin nitqində diqqət yetirdiyi vacib məsələlərdən biri də ideoloji təhlükəsizlik məsələsidir:

"Bu sahədə Azərbaycana qarşı yönələn təxribatların heç bir nəticəsi yoxdur. Bununla belə, bu sahədə də bütün imkanlar səfərbər olmalıdır. Vaxtilə Azərbaycanda kök salmış xarici qüvvələr, onların təxribatlarının, ictimai rəyə təsir etmək üçün hətta bir-biri ilə rəqabət aparmalarının, bu məqsədlə QHT-lər, media, siyasi partiyalardan istifadə edilməsi faktlarının dəfələrlə şahidi olmuşuq. Bu təhlükələrin qarşısını almaq üçün əsas vəzifə aparılan çirkin oyunların ifşasını davam etdirməkdir. Təbii ki, bu məsələdə parlament diplomatiyasının effektiv rolu var. Milli Məclis üzvləri bütün müvafiq platformalarda ölkəmizə qarşı yönələn kampaniyaları tutarlı arqumentlərlə ifşa edərək, ideoloji təhlükəsizliyin təmin olunmasına töhfə verir. Proses bundan sonra da davam etdiriləcək. Tarixi zəfərdən sonra xarici siyasətimizin istiqamətləri də aydındır. Biz ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırıq. Bütün qitələrdə dostlarımızın sayının artması, vaxtilə mövcud olmadığımız bölgələrlə ciddi təmasların qurulması xarici siyasətdə əldə etdiyimiz uğurların nəticəsidir".

 

Deputat qeyd edib ki, Prezident çıxışında "Azərbaycan xalqı üçün dost və düşmənin əsas meyarı suverenliyimizin bərpasına olan münasibətdir", - dedi:

"Bu, əsas mesajlardan biri idi. Müasir beynəlxalq münasibətlər sistemində öz nüfuzunu və rolunu daha da möhkəmləndirən Azərbaycanın bu yanaşması tamamilə ədalətlidir. Çünki Azərbaycan bu vaxta qədər heç bir ölkənin daxili işlərinə qarışmayıb. Ərazi bütövlüyü məsələsində hər zaman qətiyyət və prinsipiallıq nümayiş etdirib. Rəsmi Bakının bütün addımları tərəfdaşlıq prinsiplərinə, beynəlxalq hüququn normalarına hər zaman uyğun olub. Bu mənada heç bir maraq bizim milli maraqlarımızdan üstün ola bilməz. 30 illik işğal dövründə də Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi ilə ziddiyyət təşkil edən cəhdləri neytrallaşdırmağı bacardı. Postmünaqişə dövründə artıq qalib ölkə kimi Azərbaycan öz ədalətli şərtlərini irəli sürür. "Bizi suverenliyimizin bərpası ilə bağlı kim dəstəkləyib, kim təbrik edib - bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxırsa, separatçılara dəstək verirsə, onlar dost ola bilməzlər".

 

N.Məmmədova Ermənistanla münasibətlərin normallaşmasına gəlincə deyib ki, dövlət başçısı bir daha rəsmi Bakının haqlı tələblərini bəyan etdi:

 

"Tələblər bunlardır: Ermənistan Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoymalı, konstitusiyasına dəyişiklik edilməli, Minsk qrupu ləğv olunmalıdır. Bu, istər Ermənistan, istərsə də onun destruktiv havadarlarına mesaj idi. Burada artıq siyasi oyunbazlığa, sülh müqaviləsini təhrif etmək kimi riyakar davranışlara yer yoxdur".

Избранный
71
1
qht.az

10Источники