"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında açıqlama verib.
QOL.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: “Əvvəlcə "Qarabağ"ı təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Əfsuslar olsun ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər. Sabah yeni gün başlayır”.
Mütəxəssis meydanda edilən səhvlərdən də söz açıb: “Əlbəttə ki, bütün bunlara görə məşqçi məsuliyyət daşıyır. Start heyətini mən seçirəm. Daha yaxşı nəticələr istəyiriksə, bu qədər qol buraxmamalıyıq. Fakt odur ki, müdafiədə yaxşı çıxış etmirik. Amma hücumda yaxşıyıq”.
K. Renduliç müdafiəçisi Boyan Letiçin turnirdə ən çox assist edən futbolçu olmasına münasibət bildirib: “Niyə belə nəticəyə gəlirsiz ki, onun işi məhsuldar ötürmək vermək deyil? Qərarı mən verirəm ki, künc zərbəsini, standart vəziyyətləri kim yerinə yetirəcək. Çox şadam ki, həqiqətən assist sayısında liderdir. Onun keyfiyyəti var və bunu davam etdirməlidir”.
O, qapıçısı Yusif İmanovun bu gün əsas heyətdə çıxmamasından danışıb: “Mən elə məşqçi deyiləm ki, hər futbolçunu 2-3 oyundan bir dəyişim. O demək deyil ki, Yusif İmanov pis çıxış edib. Nicat çox yaxşı çalışır. Sofia Çaklanın yerinə İqoru da oynatmışdım. Bu, faktdır, çox qol buraxırıq. Cəhd edirəm ki, nələrisə dəyişim”.