RU

Keçmiş başçının 2 milyonunu “yemiş” dələduzların cinayəti məlum- bəs başçının cinayəti nədir?

Image

Mediada çox tez-tez rast gəlirik ki, hansısa dövlət məmurunun övladları milyonlarla dollar dəyəri olan əşyasını itirib, milyonlarla dollar dəyərində olan biznesini xaricə köçürüb, milyonlarla manat vergi borcu yaranıb, yaxud da məmur oğluna qarşı milyonlarla manat dələduzluq faktı aşkarlanıb və s. 

Bu cür müxtəlif tip hadisələrin baş verməsi zamanı hüquq-mühafizə orqanları öz işini görür. Yəni dələduzu cəzalandırır, oğrunu axtarır, vergi ödəyicisinə qarşı tədbirlər görür və s. Amma bu məmur övladlarından və ya elə məmurun özündən soruşulmur ki, bu qədər vəsait, milyonlarla kapitalı sən hardan qazanmısan. Minimum əmək haqqı 345 manat, orta aylıq əmək haqqı hələ indi 1000 manatı kecən ölkədə sən milyonları necə qazanmısan?

Yeri gəlmişkən, bu günlərdə mətbuatda informasiya yayılib ki, 14 il icra başçısı işləmiş Lütfəli Babayevin biznesmen oğlunun başına iş gəlib. L.Babayevin gül balası Babəli Babazadənin dostu üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.

Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə də mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.

Lütfəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib. Həmin illərdə icra başçısınıň əmək haqqı 2-3 min manat civarında olub. Tutaq ki, L.Babayev işlədiyi bütün dövrlərdə ən yüksək maaş alib, yəni ayda 3 min manat. L.Babayev yeyib-içməsə, heç nəyə xərc çəkməsə bütün karyerası boyu 504 min manat halal pul yığa bilərdi. Amma bu da mümkün deyil, L.Babayevin islədiyi dövrdə ayliq xərci bəlkə də 10-15 min manata çatıb. Dələduzların ələ keçirdiyi hələ cənab Babayevin oğlunun adına rəsmiləşdirdiyi əmlakın hamısı deyil, onun bur hissəsidir. Yəqin keçmiş icra başçısının adından istifadə etdiyi digər övladları və digər qohum-əqrabası da var.

Məşhur bir lətifədə deyildiyi kimi, bu necə sehirdir ki, icra başçıları və digər məmurlarımız ayda 3-5 min manat maaş alır, amma 10-15 min manat xərcləyir? Azərbaycan reallıqlarında bu o qədər də çətin sual deyil, bu sualın cavabını bütün Azərbaycan xalqı bilir. Hamıya bəllidir ki, məmurlarımızın böyük əksəriyyəti kresloya "sağmal inək" kimi baxır. Bir bahalı maşınla gəzən, bahalı jestlər edən gənc görən kimi hamı bir-birinə pıçıldayır ki, bu filan icra başçısının, filan prokrorun, filan hakimin, filan polis rəisinin və s.-nın oğludur. Atası ayda 5 min manat əmək haqqı alır, oğlu bir milyon dollarliq maşın sürür. Bunun hamısı ölkədə tüğyan edən rüşvətxorluq, korrupsiya və digər qanun pozuntularının nəticəsidir. Məmurlar ilkin kapitalını rüşvət və korrupsiyadan qamarladığı milyonlar hesabına toplayır. Növbəti mərhələdə isə onu kapital kimi biznesə yatırır. Soruşanda ki, bu qədər əmlakı hardan qazanmısan, deyir, oğlum bacarıqlı biznesmendir. Halbuki, oğlu da iş adamı kimi heç nəyə yaramır, imkan yaranan kimi dələduz və oğruların şikarına çevrilir.

Bu tendensiyanın qarşısını almaq üçün məmura layıqli əmək haqqı verib, ondan əməli iş, hesabat tələb edilməlidir ki, onların nə oğurlamağa, nə də bizneslə məşğul olmağa imkanı və vaxtı olsun. Dövlət məmurları işə müsabiqələrlə qəbul edilməlidir. Bu istiqamətdə iş gedir, amma hələ həmin müsabilələer aşağı ranqlı, kiçik məmurləra aid edilir. Bu gün nazirlər, icra başçıları və digər menecerlər işə müsabiqə ilə götürülməlidir. Məsələn, baş nazir olmaq üçün hədəflər müəyyən edilməli və bu hədəfləri vurmağa kimin layihəsi layiqdirsə, o da baş nazir olmalıdir. Digər nazirlər də bunun kimi...

Digər tərəfdən, hər il məmurdan illik gəlir deklarasiyası və əmlakının real dəyəri sorulmalıdır. Bunun üçün isə hüquqi baza yaradılmalıdır. “Gəlir deklarasiyası haqqında” qanun 19 il əvvəl qəbul edilib. Lakin buna baxmayaraq, hələ də Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir. Qanuna əsasən, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməli və vergi ödəməli idilər.

Qanunun qəbulundan sonra ölkə başçısı Nazirlər Kabinetinə üç ay vaxt vermişdi ki, təlimatlar hazırlanıb, prosedurlar həyata keçirilsin. Həmin vaxtdən artıq illər keçib, təəssüflər olsun ki, hökumət o təlimat və qaydaları hazırlayıb ortalığa çıxarda bilməyib.

Ekspertlər isə şəffaflığı təmin etmək, müəyyən qədər korrupsiyanın qarşısını almaq üçün deklarasiyanın tətbiq edilməsini vacib sayır.

Fikrimizcə, belə faktlar ortaya çıxdıqda real hadisənin araşdırılmasından daha çox diqqəti ona yönəltməlidir ki, "bu oğurlanan, itrilən əmlakı hardan qazanmısan" sualı qoyulmasın. Bunun üçün isə, qeyd etdiyimiz kimi, dəqiq mexanizmlərlə işləyən gəlir deklarasiyası haqqında qanun fəaliyyətdə olmalıdır.

Akif NƏSİRLİ





Избранный
148
29
baki-xeber.com

10Источники