Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı bu gün başa çatıb.
Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları da son görüşlərini keçiriblər.
Kişilərdən ibarət yığmamız 9-cu turda İtaliya ilə “sülh bağlayıb”. Qadınlardan ibarət millimiz isə Serbiya qarşılaşıb və növbəti qələbəsini qazanıb.
Azərbaycan – İtaliya 2:2
Teymur Rəcəbov – Daniele Vokaturo 0,5:0,5
Rauf Məmmədov – Luka Moroni 1:0
Nicat Abbasov – Françesko Sonis 0:1
Vasif Durarbəyli – Lorentso Lodiçi 0,5:0,5
9 turdan sonra 9 xala malik Azərbaycan millisi bu Avropa çempionatını 18-ci pillədə başa vurub. 15 xal toplamış Serbiya yığması çempion olubsa, eyni xala malik Almaniya ikinci, Ermənistan (13 xal) üçüncü yeri tutub.
Xatırladaq ki, millimiz əvvəlki turlarda Danimarka (1,5:2,5), Slovakiya (2,5:1,5), İsveç (3,5:0,5), Xorvatiya (1,5:2,5), Monteneqro (3:1), Yunanıstan (1,5:2,5), Moldova (1:3) və Belçika (3:1) ilə qarşılaşmışdı.
Serbiya – Azərbaycan 1:3
Teodora İnyaç – Günay Məmmədzadə 1:0
Adelya Velikiç – Ülviyyə Fətəliyeva 0:1
Marina Qaytsin – Gövhər Beydullayeva 0:1
Tiana Mandura – Xanım Balacayeva 0:1
Beləliklə, 9 turda 15 xal toplamış Azərbaycan millisi Avropa ikincisi olub. Komandamız yalnız 16 xal toplamış Bolqarıstandan geri qalıb. Hansı ki, millimiz bu AÇ-də yeganə məğlubiyyətini məhz bu komandadan almışdı. 12 xal toplamış Fransa da üçüncü yeri tutub.
Xatırladaq ki, qadınlardan ibarət yığmamız əvvəlki turlarda Sloveniya (2,5:1,5), Niderland (2,5:1,5), Polşa (3:1), Fransa (2:2), Almaniya (2,5:1,5), Bolqarıstan (1,5:2,5), İngiltərə (3:1) və Yunanıstanla (2,5:1,5) qarşılaşıb.
Xatırladaq ki, qadınlardan ibarət Azərbaycan millisi son 2 Avropa çempionatında üçüncü yeri tutmuşdu. Bu Avropa çempionatı isə komandamız üçün daha uğurlu alınıb. Son tura kimi çempionluq şansını da saxlayan millimiz bu dəfə gümüş medal qazanaraq tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Onu da qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer almışdılar.
Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxil idilər.