"İqlim dəyişikləri problemi qlobal mahiyyət və məzmun kəsb edir və bütün dünya dövlətlərini, beynəlxalq birliyin subyektlərini əhatə edən bir problemdir. Elə bir dövlət deyə bilməz ki, iqlim dəyişikliyi probleminin ona dəxli yoxdur. Bu qlobal problemin həlli ilə bağlı müzakirələrin təşkilinin, çıxış yollarının axtarılıb tapılmasının özü qlobal əhəmiyyətli məsələdir. Bu prizmadan yanaşdıqda Azərbaycan dövlətinin atdığı addım və bu addımın beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunması, müdafiə edilməsi, ölkəmizdə COP29 tədbirinin keçirilməsi çox mühüm əhəmiyyətli hadisədir. Həm də beynəlxalq aləmdə Azərbaycana olan etimadın ifadəsidir. Azərbaycan çox nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi etmiş dövlət olduğundan bütün ölkələr, hətta Ermənistan belə Azərbaycanın COP-a ev sahibliyi etməsinin əleyhinə çıxmadı. Bu baxımdan COP29 beynəlxalq gündəliyin ən mühüm məsələlərindən biri olan sülh və təhlükəsizlik məsələlərini də özündə ehtiva edir. Bu reallıq fonunda Rusiya Prezidenti Vladimir Putinin COP29-a qatılacağı təqdirdə Ukraynanın Qərbi COP29-u boykot etməyə çağırışı ilə bağlı fikirlər səsləndirməsinin heç bir əsası yoxdur".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildrib ki, Ukrayna da iqlim dəyişikliyi problemi ilə üz-üzə qalmış dövlətdir: "Bu tədbirə siyasi məna və məzmun gətirib, onu əsas niyyətindən uzaqlaşdırmaq olmaz. Azərbaycan aralarındakı konfliktə baxmayaraq, həm Ukrayna, həm də Rusiya dövlətinin COP29-a qatılmasının leyhinədir. Onların da tədbirdə iştiraklarını istəyir. Təsadüfi deyil ki, Azərbaycan dövləti dünya birliyinə müraciətlə "COP29 atəşkəsi" elan edib. Afina Olimpiya təcrübəsindən nümunə götürməklə dünya ölkələrini COP29 tədbirinin getdiyi vaxtda atəşkəsa əməl etməyə, müharibədən imtina etməyə çağırmışıq. Bunun özü unikal təşəbbüsdür və bəşəriyyət, insanlıq üçün olduqca faydalıdır. Dövlətlər bu unikal təşəbbüsə riayət edəcəkləri təqdirdə, görün, təxminən, 2 həftə ərzində nə qədər insanın taleyi xilas olmuş olacaq. Rusiya-Ukrayna müharibəsinə münasibətdə bunun tətbiqi nə qədər insanın sağ qalması deməkdir. COP29 kimi nəhəng bir tədbirə bu cür yanaşmaq haqsızlıq, ədalətsizlikdir. Boykotla bağlı çağırışların heç bir əsası yoxdur. Həm də Ukrayna tərəfi nəzərdən qaçırmamalıdır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb, onu müdafiə edir. Nəzərdən qaçırmayaq ki, Rusiya-Ukrayna müharibəsi dövründə Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardımlar göstərib. Yanğınsöndürən maşınların və təcili tibbi yardım maşınlarını təmənnasız təminatını reallaşdırıb. Bunlar çox mühüm hadisələrdir, Azərbaycanın Ukraynaya olan münasibətinin ifadəsidir. Buna görə də Ukraynanın COP29-a olan yanaşmasını qəbul etmirik. Belə cəhdlərin heç bir nəticəsi olmayacaq. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına yüksək səviyyədə sədrlik etmiş dövlətdir. Bu dövlətlərin sayı 120-dir. 120 dövlətin bu tədbirə qatılması dünyanın 2/3-nin bu tədbirdə iştirakı deməkdir. Axı Qərb dövlətləri sənayecə ən çox inkişaf etmiş dövlətlərdirlər. İqlimi ən çox korlayanlar da elə onların özləridir. Qərb dövlətləri bütün dünya ölkələrindən daha çox maraqlı olmalıdır ki, COP29 keçirilsin və yaxından iştirak etsinlər. Çünki bu, təkcə rəsmi Bakını yox, rəsmi Vaşinqtonun, Parisin, Brüsselin, bütövlükdə Qərbi Avropanın paytaxtlarının da əsas problemidir. Ağıl və müdrik düşüncə qalib gələcək. Belə lazımsız çağırışlara yer qalmayacaq".
Aytəkin Qardaşova