RU

Səfir Ermənistana az qala yalvardı...

Image

Yadigar Məmmədli: “Kopırkin belə mövqe sərgiləməklə ermənidən çox erməni kimi görünməyə çalışır”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Azərbaycan artıq BRİKS-ə üzv olmaq üçün ərizə verib, Ermənistan isə prosesləri izləyir: “Ermənistanın əsas tərəfdaşları artıq BRİKS-ə qoşulublar - Rusiya, Hindistan, İran, Çin və Birləşmiş Ərəb Əmirlikləri. Ermənistan hələ də BRİKS-in fəaliyyətini izləyir, amma Türkiyə və Azərbaycan artıq üzv olmaq üçün ərizə verib”.

Sanki Kopırkin Ermənistana yalvarır ki, BRİKS-ə qoşulun. Halbuki, belə çağırış və müqayisəli yanaşma səfirin fəaliyyət sahəsini aşır. O baxımdan diplomatik missiyanı icra edən səfirin belə publik müqayisəsi və quruma üzv olmaq çağırışı nə dərəcədə doğrudur?

“...bu formada çağırış səfirin səlahiyyətlərinə daxil olan məsələ deyil”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, səfir Kopırkinin bu canfəşanlığı təsadüfi deyil: “Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmaq kursu götürüb. Ermənistan KTMT-də fəaliyyətini dondurub, Qərbin bu ölkədə hərbi mövcudluğunun rəsmiləşdirilməsi istiqamətində proseslər bu və ya digər formada gedir. Avropa İttifaqı mülki missiya adı altında hərbi mövcudluğunun əsasını qoyur, ABŞ-la Ermənistan ordusu arasında birgə hərbi təlimlər keçirilir, Qərbdən yeni-yeni silahlar gətirilir və s. Məlum məsələdir ki, bütün bu oyunlar Rusiyanın Ermənistandan çıxarılmasına hesablanıb. Kopırkin hesab edir ki, Ermənistan BRİKS-ə qoşulsa, guya Rusiyanın orbitindən çıxmaz. Guya Azərbaycan və Türkiyənin BRİKS-ə üzv olmaq istəməsi Ermənistanı təşvişə salmalıdır, İrəvan bununla bağlı prosesləri sürətləndirməlidir. Halbuki, Kopırkin də bilməmiş deyil ki, Paşinyan hakimiyyətinin könlündən perspektivdə Avropa İttifaqına qoşulmaq keçir. Kopırkin isə belə mövqe sərgiləməklə ermənidən çox erməni kimi görünməyə çalışır. Düzdür, BRİKS siyasi platforma deyil və orada hər hansı idarəçilik yoxdur. Sadəcə, Rusiya səfiri Azərbaycanı örnək gətirməklə Ermənistanı tələsdirməyə çalışır. Əslində isə, bu formada çağırış səfirin səlahiyyətlərinə daxil olan məsələ deyil. Kopırkin Rusiyanı Ermənistanda təmsil edir. Ancaq bu cür açıqlama ilə belə görüntü yaradır ki, sanki BRİKS-in yaradıcısı, başçısı Rusiyadır. Bu təşkilat da KTMT və Avrasiya Birliyi kimi Moskvanın nəzarətindədir. Halbuki, bu heç də belə deyil. Kopırkin az qala Ermənistanın BRİKS-ə qoşulmasını vacib bir geosiyasi məsələ kimi təqdim etməyə çalışır. O dərəcədə canfəşanlıq edir”.

Vidadi ORDAHALLI





Избранный
38
50
baki-xeber.com

10Источники