RU

Yusif Bağırzadə: "Azərbaycanın Dövlət bayrağı bu torpaqlarda əbədi dalğalanacaq"

“Qədim tarixə malik Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, həm də milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qeyd edək ki, 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qısa müddətdən sonra respublikamıza qarşı hərbi təcavüzlə nəticələndi. Ermənilər tərəfindən ərazilərimiz işğal olunurdu. O dövrdə respublikamızda qeyri-sabitliyin, anarxiyanın, hakimiyyət uğrunda mübarizənin hökm sürməsi Şuşa şəhərinin də işğal olunması təhlükəsini yaratmışdı. Milli Ordu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələri iştirak edirdilər. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. 

 

“Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunəsini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər. Beləliklə, 1992-ci ildən sonra hər il 8 may tarixi xalqımız tərəfindən Şuşa şəhərinin işğalı günü kimi qeyd edilirdi. Tam 28 il Şuşa erməni işğalı altında yaşadı. Lakin bu illər ərzində hər bir azərbaycanlı Şuşaya qayıdacağımıza inandı və bu günü səbirsizliklə gözlədi. Həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı. Beləliklə, 4 il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Bir daha qeyd edim ki, noyabrın 8-də Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin həlledici anı oldu və Azərbaycana strateji üstünlük verdi. Bunun nəticəsi olaraq 10 noyabr Bəyanatını imzalamaqla Ermənistan məğlubiyyəti qəbul etdi. Qeyd edək ki, noyabrın 8-də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə bəyan etdi. Və bu gün Şuşa həqiqətən də dirçəlir, azad Şuşaya yenidən həyat qayıdır. İnsanımızın Şuşaya qayıdışı ilə Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq və təbii ki, Azərbaycanın Dövlət bayrağı da bu torpaqlarda əbədi dalğalanacaq”, - o bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 7 Noyabr 2024, 18:13   
Избранный
157
50
pravda.az

10Источники