“Real”ın baş məşqçisi Karlo Ançelotti özündən də yüksək qiymət verdiyi məşqçilərin – 3 mütəxəssisin adını çəkib.
Arena.az nüfuzlu fransız nəşri “Ekip”ə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən son 30 ilin ən yaxşı məşqçisi olduğumu düşünmürəm. Mən çox şeyə nail olmuşam, amma məndən daha çoxuna nail olmuşlar da var: məsələn, Aleks Ferqyuson, Xosep Qvardiola, Valeri Lobanovski. Mən özümü ən yaxşı hesab etsəm belə, heykəlimi heç kim ucaltmayacaq”, deyə Karlo Ançelotti təvazökarlıqla bildirib.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.