Müstəmləkə altındakı ölkələr ekoloji problemlərdən əziyyət çəkirlər.
Trend verir ki, bunu keniyalı deputat Stefen Mutinda Mule COP29 çərçivəsində keçirilən "Müstəmləkəsiz və yaşıl gələcək üçün həmrəylik" tədbirində deyib.
O bildirib ki, COP29-da dünya ölkələrinin müstəmləkəsi olan icmaların əsarətdən azad edilməsinə, iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılmasının maliyyələşdirilməsinə çağırış edirik.
"İqlim dəyişikliyindən ən çox təsirlənənlər kiçik icmalardır. Müstəmləkə ölkələrinin parlamentariləri COP29-un nəticələri, iqlim dəyişikliyinin maliyyələşdirilməsindən faydalanmağa imkan verən qanunvericiliyi icmalara bildirirlər",- deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az