RU

Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra sonrakı uğurları üçün də əlverişli zəmin yaratmış oldu

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycan 2020-ci il sentyabr ayının 27-də erməni işğalına son qoymaq məqsədilə başladığı Vətən müharibəsini 44 gün sonra tam və qəti qələbə ilə başa vurdu.  Həmin ilin noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. II Qarabağ savaşı Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Vətən müharibəsinin gedişində bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin şahidi oldu. Bu həmrəylik Azərbaycan xalqının ən böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri çiyin-çiyinə verərək ümumi düşmənlə vuruşdular və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Regionda yaranmış yeni reallıqlar, o cümlədən “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin artıq mövcud olmaması Azərbaycanın ən böyük tarixi nailiyyətidir. Bu gün Qarabağın bütün rayonları digər bölgələrimiz kimi Azərbaycanın ayrılmaz ərazisidir.

Azərbaycan Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərlə bütün erməni miflərinə də son qoydu, erməni ideoloqlarının uzun illər ərzində bütün dünyaya “yenilməz erməni ordusu” barədə yaydıqları uydurma, cəfəng məlumatları ifşa etdi. Azərbaycan sübut etdi ki, bu ölkə sahibsiz deyil və öz Prezidentinin, öz Ali Baş Komandanının rəhbərliyi ilə istənilən aqressoru məhv etmək gücünə malikdir. Artıq bütün dünya sərsəm böyük Ermənistan ideyasının çürük sütunlar üzərində qurulduğunu gördü.

 Birmənalı olaraq demək lazımdır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra sonrakı uğurları üçün də əlverişli zəmin yaratmış oldu. Bu gün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” sürətlə həyata keçirilir. Proqramın icrası çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, 30 il öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması Azərbaycanın ən böyük qələbəsinin təzahürləridir.     

Əlbəttə ki, Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş ən önəmli siyasi uğurlardan biri də Ermənistanın növbəti illərdə imzaladığı sənədlərdə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etməsidir. Cənab Prezident İlham Əliyevin 2023-cü ilin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticəsində imzalanmış Bəyanatla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

Təəssüflər olsun ki, Ermənistanın bundan sonrakı qeyri-adekvat hərəkətləri yenidən regionda vəziyyətin gərginləşməsinə səbəb oldu. Bir tərəfdən Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edən Ermənistan hökuməti digər tərəfdən də qondarma separatçı rejimi “müstəqillik günü” ilə təbrik etməyi də unutmadı. Həmçinin Ermənistan 10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü digər bir öhdəliyə də əməl etməyə, öz hərbi hissələrini Azərbaycan ərazilərindən çıxarmağa da tələsmirdi. Bütün bunlar Azərbaycanı müvafiq tədbirlər görməyə, yenidən öz gücünü göstərməyə vadar etdi. İlk növbədə 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmaqla Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bundan beş ay sonra, sentyabr ayının 19-da keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan özünün bütün ərazilərində suverenliyinin tam bərpasına nail oldu. Azərbaycan Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların yeganə müəllifidir və artıq bütün dünya bu reallıqları qəbul etmişdir.

Избранный
41
50
yeniazerbaycan.com

10Источники