RU

Azərbaycan beynəlxalq aləmdə...

Ölkəmiz COP29-u qlobal əməkdaşlıq platformasına çevirdi!

Strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətlərini yaşatmaqla yanaşı, dünya birliyinə inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq istiqamətində dövlətimiz bir tərəfdən dünya təcrübəsini öyrənərək özünün inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən beynəlxalq aləmdə qəbul edilmiş ölçülərə uyğun olaraq öz milli maraqlarını qorumaq üçün dövlətlərarası əlaqələrə böyük önəm verir. Bu da tamamilə təbiidir. Çünki hər bir ölkənin daxili iqtisadi, siyasi və mənəvi tələbatının ödənilməsi onun dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasını və inkişafını, milli maraqlarına cavab verən xarici siyasət yürüdülməsini tələb edir.

Qlobal məsələlərin müzakirəsində ideal platforma

Bu yaxınlarda COP29-a ev sahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli idi.

Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfə

Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev bildirib ki, COP tədbirləri iqlim dəyişikliyi ilə bağlı qlobal qərarların qəbul olunduğu və dövlətlərin strateji əməkdaşlıq imkanlarının müzakirə edildiyi ən ali platformalardan biridir: “Azərbaycan yalnız təşkilatçı ölkə kimi yox, həm də qlobal oyunçu kimi öz mövqeyini bir daha sübut etdi. Bu uğur həmçinin ölkəmizin beynəlxalq gündəlikdəki aktual məsələlərin həllinə töhfə vermək bacarığını nümayiş etdirdi.

Əminliklə deyə bilərik ki, Azərbaycanın bu uğuru beynəlxalq ictimaiyyətin ölkəmizə olan hörmət və etimadının bariz nümunəsidir. Tədbirin keçirilməsi üçün Azərbaycanın yekdilliklə seçilməsi ölkəmizin qlobal səviyyədə artan nüfuzunun və etibarlılığının təzahürü idi. Bu seçimin arxasında Azərbaycanın müstəqil siyasəti, balanslı mövqeyi və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr dayanır. Bakının müasir konfrans infrastrukturu və qonaqları qarşılamaq üçün yaradılan şərait tədbir iştirakçılarının yüksək rəyini qazanmaqla yanaşı, Azərbaycanın inkişaf etmiş ölkə statusunu bir daha təsdiqlədi”.

Beynəlxalq aləmdə qazandığımız etibar...

Deputat qeyd edib ki, Azərbaycanın bu mötəbər iqlim sammitini yüksək səviyyədə təşkil etməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı etibarının sübuta yetirilməsi idi: “Konfrans çərçivəsində müxtəlif müzakirələrdə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları da böyük diqqət çəkdi. Konfrans Azərbaycanın təhlükəsiz ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, beynəlxalq təşkilatlarla əməkdaşlığa yönəlik səmimi niyyətlərinə işıq salan mühüm bir mesaj oldu”.

Əməkdaşlıq üçün yeni çərçivələr qurmuşuq

N.Məhəməliyevin sözlərinə görə, COP29 Azərbaycanın son dövrlərdə yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul olunmasını da simvollaşdırdı: “Hər kəs bilir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda sabitlik və əməkdaşlıq üçün yeni çərçivələr qurub. Bu yeni reallıqları bəziləri qəbul etmək istəməsə də, Azərbaycanın qətiyyətli mövqeyi və strateji addımları həmin reallıqları mübahisəsiz gerçəkliyə çevirdi. Konfrans Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq təkliflərinin beynəlxalq miqyasda dəstək qazandığını açıq şəkildə nümayiş etdirdi”.

Azərbaycan öz nümunəsi ilə təsdiqlədi ki...

Deputat bildirib ki, bu iqlim sammitinin uğurla keçirilməsi, iştirakçı ölkələrin Azərbaycanın yanaşmalarına dəstəyi, ölkəmizin təşəbbüslərinin qlobal səviyyədə təqdir edildiyini göstərdi: “Bu dəstək, həmçinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin düzgün başa düşüldüyünü və qəbul edildiyini ortaya qoydu. Belə ki, COP29 Azərbaycanın regiondakı prosesləri qlobal siyasətlə inteqrasiya etdirmək bacarığını və dünyada özünəməxsus yerini daha da möhkəmləndirdiyini bir daha sübut etdi. Azərbaycan öz nümunəsi ilə təsdiqlədi ki, COP kimi tədbirlərin keçirilməsi məsələsində müxtəlif ölkələrə etimad göstərilə bilər, amma əsas vəzifə bu etimadı doğrultmaqdır. Azərbaycanın COP29-a ev sahibliyi yalnız təşkilatçılıq bacarığını deyil, həm də qlobal problemlərin həllinə məsuliyyətli yanaşma sərgiləyən bir ölkə kimi nüfuzunu artırdı”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Избранный
58
1
yeniazerbaycan.com

10Источники