Bu, bir gerçəkdir: müasir dünyada münaqişəli regionlarda yerləşən heç bir dövlət öz daxili imkanları ilə ayaqda qala bilməz, mütləq ona xaricdən dayaq, dəstək gərəkdir.
Əslində həmişə belə olub, sadəcə, indi bu iş daha intensiv və operativ səciyyə alıb. İndi bir dövlət başqasının, öz müttəfiqinin köməyinə həftələrlə yol getmir, bir necə saatın içində hərbi, maddi yardım ünvanına çatır.
Ötən əsrin 60-cı illərinin axırında, 70-ci illərinin əvvəlində SSRİ-nin hərtərəfli yardımı olmasa kommunistlərin rəhbərlik etdiyi sosialist Vyetnam ABŞ kimi dünya nəhənginin birbaşa dəstəklədiyi, böyük hərbi kontingentlə qatılaraq döyüşdüyü müharibədə heç bir neçə ay da tab gətirə bilməzdi.
ABŞ-nin 76 ildir sürən dəstəyi olmasa, İsrail dövləti “ərəb okeanı”nda balaca bir ada olduğu halda çoxdan aramsız dalğalarla yuyulub gedərdi.
Yaxud Əfqanıstan mücahidləri 1979-89-cu illərdə ABŞ-dən, Pakistandan və bəzi ərəb ölkələrindən hərtərəfli lazimi yardım almasa, yerli kommunistlərlə birləşərək ölkəni idarə edən sovet hərbi kontingentinə o cür qətiyyətli müqavimət göstərə bilməzdilər.
Bu xüsusda çox misallar çəkmək olar.
Günümüzdə isə hər kəsə bəllidir ki, Ukrayna kollektiv Qərbin sayəsində 3 ilə yaxındır ki, böyük hərbi potensiala malik Rusiyanın qabağında duruş gətirir. Yoxsa Rusiya-Ukrayna müharibəsi hələ 2022-ci ilin mart ayının ən uzağı ikinci ongünlüyündə bitərdi.
Elə Rusiya rəhbərliyi də Ukraynaya hərbi müdaxilə edəndə o cür hesablamışdılar və həm Ukraynaya veriləcək böyük hərbi dəstəyi, həm də ukraynalıların özünün döyüşkənliyini o qədər də ciddiyə almamışdılar.
İndinin özündə də Rusiya rəhbərliyinin ümidi yeni seçilmiş prezident Trampadır, gözləyirlər ki, o, ölkəsinin Ukraynaya dəstək göstərməsinə əngəl törədəcək, hətta NATO-nu da bu işdən çəkindirəcək, nəticədə Ukrayna döyüş meydanında Rusiya ilə təkbətək qalacaq, ondan sonra şahmatda olduğu kimi, iki gedişə mat situasiyası yaranacaq.
Ruslar ən azı iki ildir bu varianta böyük ümidlər bəsləyirlər, ya 2 aydan sonra umsuq olacaqlar, ya da yaralanmış, yeddi illiyi geri dönmüş halda “Pirr qələbəsi”nə bənzər bir qələbə qazanacaq, “növbəti dəfə Qərbin dizini yerə gətirdikləri” barədə bəlağətli nitqlər söyləyəcəklər.
ABŞ-ni və qüdrətli Avropa dövlətlərini Ukrayna müharibəsinə müdaxilədə ittiham edən və hədələyən Rusiya özü isə eyni cür dəstəyi Suriyada Bəşər Əsəd rejiminə verir. Əslində 12 ildir Bəşər Əsədin öz hakimiyyətini qoruyub saxlaya bilməsinin ən böyük iki səbəbkarından biri məhz Rusiyadır. O biri dəstəkçi İrandır. İran və Rusiya öz maraqlarından çıxış edərək Suriyada Bəşər Əsədi dəstəkləmək işində müttəfiqdirlər.
Bir dövlətin başqasına hərbi yardım göstərməsi amili olmasa, yəqin ki, dünya üzərində bu qədər çox dövlət olmaz, keçmiş imperialistlər, hazırda da o ambisiyalarrla yaşayan böyük dövlətlər hücum edər, gözlərinə kəsdirdikləri, qollarına qolay saydıqları ölkələri işğal edərlər.
ABŞ və Avropa dövlətləri məhz Rusiyanın bu ambisiyasını boğmaq üçün Ukraynaya, Gürcüstana dəstək verir, bu minvalla keçmiş postsovet ölkələrinin bəzilərini, eləcə də Şərqi Avropa dövlətlərini qoruyurlar.
NATO-nun yaranışdan keçən 74 ildə bu beynəlxalq hərbi alyansa qoşulmaq ehtiyacı hiss etməyən İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra necə əndişələndilərsə, NATO-nun dəmir qanadının altına girməyə tələsdilər. Hazırda başqa ölkələr də bu hərbi bloka üzv olmaq istəyirlər ki, başlarını güclü orduya malik ölkələrin işğalına məruz qalmasınlar.
Bu baxımdan müasir dünyada dar gündə dada yetişəcək hərbi müttəfiqlər olmadan baş dolandırmaq çətindir. Biz də Türkiyə ilə hərbi müttəfiq olmasaydıq, Pakistanın dəstəyinə güvənməsəydik, 44 günlük müharibədən sonra belə təklənər, güclü dövlətlərin hərbi təzyiqinə məruz qalardıq.
Yeri gəlmişkən, o təhlükə hələ tam sovuşmayıb, sülh müqaviləsi imzalamaqdan qaçan Ermənistana hərbi yardım göstərən, ona silah-sursat ötürən, hərbi əməliyyatlara başlayacağı təqdirdə daha intensiv yardımlar edəcəyini vəd edən güclü dövlətlər var və onları neytrallaşdırmaq üçün bizim də hərbi müttəfiqlərimizlə aramızı isti tutmağımız lazımdır.
Bu xüsusda daha bir perspektiv Türk Dövlətləri Birliyinə daxil olan ölkələrlə müttəfiqlikdə var. İndilikdə bu birlik daha çox siyasi və iqtisadi müstəvidə mövcuddur. Zaman gələcək, daha dəqiqi, dünyanın işlərinin bu gedişatı ilə bu dövlətlər ciddi hərbi blok yaratmaq barədə də düşünəcəklər.
P.S. ABŞ-nin dəstəyi olmasa, Çin Tayvanı 44 saatın içində götürər, amma 79 ildir əlverişli fürsətin yaranacağını gözləyir.