RU

Türk lirəsi Suriyanı tutdu, ermənilər təlaşda- Azərbaycan-Türkiyə işbirliyinə yeni meydan...

Image

Suriyada Bəşər Əsəd rejiminin süqutu Cənubi Qafqaz üçün də təsirsiz ötüşmür. Bəllidir ki,  Ermənistanı ilk növbədə bu ərəb respublikasındakı 30 minə yaxın erməninin taleyi narahat edirdi. Bundan başqa, Azərbaycan Suriya hadisələrində açıq-aşkar həlledici rol oynayan qardaş Türkiyənin növbəti uğurundan məmnundur və onun regionda daha da güclənməsini istəyir.

Eyni zamanda Azərbaycan Suriya böhranının çözümü üçün müvafiq fəaliyyət də həyata keçirməyə hazırdır. Bunu prezident İlham Əliyevin Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğana telefon zəngi  və apardığı müzakirələr də təsdiq edir. Söhbət zamanı dövlət başçıları, bir çox məsələlərlə yanaşı, Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərinə də toxunublar, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Qeyd edilən fonda prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Azərbaycan Xarici İşlər Nazirliyi də Suriyada son vəziyyət barədə bəyanat yayıb. Burada qeyd edilir: “Azərbaycan Respublikası Suriyada baş verən prosesləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.

Suriyada Bəşər əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması, vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir, Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir. Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası, həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası işini davam etdirəcək. Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır". Bunlar göstərir ki, Azərbaycan-Türkiyə tandemi Suriya məsələsində ön plana çıxır. Baş verənlər təbii olaraq Ermənistanda əndişə yaradır. Dəməşqdə yaşayan ermənilər deyirlər ki, hakimiyyətə yeni gələn qüvvələrin təmsilçiləri Türkiyə bayraqları ilə şəhərin küçələrini gəzir, yanacaqdoldurma məntəqələri türk lirəsini qəbul etməyə başlayıb. Amma ümumilikdə vəziyyət paytaxtın tutulması zamanı olduğundan daha sakitdir. Ən azından atışma səsini eşitmirsən. Bununla belə, vəziyyət qeyri-müəyyən olaraq qalır. İslamçılar xristianlara zərər verməyəcəklərinə söz veriblər.

Ümumilikdə hazırda Suriyada 30 minə yaxın erməni yaşayır. Ötən həftə yaraqlıların sürətli irəliləyişindən xəbər tutandan sonra onların çoxu Ermənistan hakimiyyətindən ölkəni tərk etmələrinə köməklik etməyi xahiş ediblər. Lakin bu Qafqaz respublikasının səfirliyi Livana təxliyyə edilib və Xarici İşlər Nazirliyi hələlik təhlükəsiz çıxış imkanının olmadığını bildirib. Eyni zamanda, Erməni Apostol Kilsəsinin Kilikiya Katolikosluğunun Beriya yeparxiyasının rəhbəri, arxiyepiskop Makar Aşkaryan Suriya ermənilərini təmkinli və diqqətli olmağa, yalnız lazım gəldikdə evi tərk etməyə çağırıb.  Ekspertlər əmindir ki, Suriya hadisələri Cənubi Qafqaza da təsir edəcək. Beləliklə, onlar gözləyir ki, Türkiyə və onunla birlikdə Azərbaycan da regionda təsirini gücləndirəcək, Ermənistan üçün isə Əsəd rejiminin süqutu növbəti məğlubiyyət hesab edilir. Bəşər Əsəd rejimi ikinci Qarabağ müharibəsində Ermənistanı dəstəkləyib. 2020-ci ildə Əsədin nəzarətində olan parlament “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyanla görüşündə deyib: “Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanı dəstəkləyirik". Bu nöqteyi-nəzərdən onun rejiminin süqutu və Türkiyənin Suriyada mövqelərinin güclənməsi Azərbaycanın maraqlarına cavab verir. Bundan əlavə, ekspertlər gözləyir ki, indi Türkiyə və Azərbaycan üçün Ermənistanın sülh müqaviləsi imzalamasına nail olmaq daha asan olacaq. İrəvan Türkiyə ilə sərhədi açmaq və onunla diplomatik əlaqələr qurmaq istəyir. Yeni şəraitdə bu, əvvəlkindən daha vacib olmalıdır. Ankara buna qarşı deyil, amma istəyir ki, əvvəlcə Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalasın. Öz növbəsində Qafqaz İnstitutunun eksperti   Qrant Mikaelyan qeyd edib ki, Suriya münaqişəsinin həllində ilk növbədə Türkiyə, Rusiya və İran iştirak edib. Onlar həm də Cənubi Qafqazın əsas aktorlarıdır, o cümlədən birgə “3+3” platforması yaratmağa çalışırlar. Bundan əlavə, Mikaelyanın nöqteyi-nəzərindən region getdikcə daha böyük Yaxın Şərqin bir hissəsinə çevrilir: “İlk növbədə açıq şəkildə demək lazımdır ki, Rusiya və İran Suriyada ciddi məğlubiyyətə uğradılar. Türkiyə isə əksinə böyük bir qələbə qazandı. Təbii ki, Suriyada baş verənlərin hamısı Ankara ilə bağlı deyil, lakin bu, böyük ölçüdə onun uğurudur və sadəcə hansısa təsadüf deyil. Türkiyə hakimiyyəti açıq şəkildə uzun müddətdir ki, bunun üzərində işləyir. Cənubi Qafqazda bu, hazırda dolayı yolla da olsa, artıq birbaşa yox, Rusiyanın effektivliyindən və uğurundan asılı olan Ermənistan üçün xüsusilə vacibdir. İrəvan Türkiyədən özünə qarşı yeni hərbi eskalasiya riskini nəzərdən keçirir. Üstəlik, bundan Azərbaycan da qazanacaq, amma dolayı yolla”. Suriyadan olan erməni qaçqınlara gəlincə, onlar yenidən Ermənistana köçməyə çalışacaqlar, ekspert hesab edir. Yada salaq ki, 2013-cü ilin məlumatlarına görə, Ərəb Respublikasından ölkəyə 14,7 minə yaxın insan gəlsə də, 2015-ci ildə 3 mindən bir qədər çox adam rəsmi qeydiyyatdan keçib. Rəsmi İrəvanın onları dəvət etməməsinə baxmayaraq, yenə də bəziləri gələcək. Keçən dəfə olduğu kimi, hakimiyyət insan axınının öhdəsindən gələ bilmir, ona görə də onların çoxu başqa yerə gedəcək. Rus ekspert  Vladimir Yevseyev hesab edir ki, Türkiyənin Yaxın Şərqdə güclənməsi Cənubi Qafqaza ancaq dolayı yolla təsir edəcək. Eyni zamanda, region yüksək dinamika vəziyyətindədir, ona görə də istənilən yeni dəyişiklik mühüm rol oynaya bilər: “Bəlkə də nəzərə alsaq ki, Moskva artıq Dəməşqin taleyi ilə bağlı Ankara ilə mübahisə etməməlidir, onlar üçün ortaq dil tapmaq daha asan olacaq. Eyni zamanda, Tehran bu dialoqdan kənarda qalacaq, çünki Türkiyə hakimiyyəti heç vaxt iranlı həmkarlarını özlərinə bərabər saymayıb. Bu, ilk növbədə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Zəngəzur dəhlizinin açılması kontekstində vacibdir. Eyni zamanda, İrəvan Ankara ilə diplomatik əlaqələr qurmağa çalışır və Əsəd rejiminin süqutundan sonra bu istiqamətdə səylərini artıra bilər”. Eyni zamanda, o hesab edir ki, Gürcüstan hələ də öz siyasi böhranını həll etmək üzərində diqqətini cəmləyib. Sonra o, Qərb ölkələri ilə diplomatik münasibətləri bərpa etməyə başlayacaq. Beləliklə, yaxın gələcəkdə Tiflisin Əsədin devrilməsinin nəticələrini görməyə vaxtı olmayacaq.

Tahir TAĞIYEV





Избранный
37
37
baki-xeber.com

10Источники