RU

Suriya qaçqınları Avropadan qayıdacaqlarmı?

Suriyada baş verən son hadisələr Avropa İttifaqında (Aİ) ictimai rəyi sakitləşdirdi. “Qoca qitə” sakinləri 2015-ci ildə Aİ-yə gələn suriyalı qaçqınların ölkələrinə qayıdacaqlarına ümid edirlər. Eyni zamanda, indi Bəşər Əsədin devrilməsindən sonra Suriyada vətəndaş müharibəsinin yenidən başlayacağı ilə bağlı qorxular var ki, bu da 9 il əvvəlki miqrasiya böhranının təkrarlana biləcəyi deməkdir.

Mümkün problemləri gözləyən Aİ ölkələri qaçqın statusu almaq qaydalarını sərtləşdirir və qeyri-qanuni mühacirlərlə mübarizənin son zamanlar inkişaf etdirilən üsullarının nə dərəcədə effektiv olduğunu müzakirə edirlər.

Qərbdə Suriyada hakimiyyət dəyişikliyi müsbət qarşılanır. Eyni zamanda, Qərb ölkələri narahatlıqlarını da gizlətmirlər. Onlar 2015-ci il hadisələrinin təkrarlanmasından qorxurlar. Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi zamanı on minlərlə suriyalı Avropaya axın etmişdi. Suriyalılara afrikalıların da qoşulması Qərbi Avropada mühacirlərlə bağlı vəziyyəti daha da gərginləşdirmişdi. Doğrudur, Türkiyə bu məsələdə Aİ-yə kömək etdi: 4 milyondan çox suriyalıya qucaq açdı. Ancaq yenə də “Qoca qitə” Yaxın Şərqdən çox sayda mühaciri qəbul etməyə məcbur oldu.

İndi Suriyaya ilk axın Türkiyədə müşahidə olunur. Amma belə məlumatlar da var ki, dini azlıqlar – ələvilər, xristianlar, druzlar, yezidlər Suriyada hakimiyyətə gələn islamçılardan ehtiyat edirlər. Əgər bu tendensiya güclənərsə, Suriyaya gözlənilən genişmiqyaslı geridönüş baş tutmaya bilər. Buna görə də, Avropa yeni reallığa uyğun addım atılmasını zəruri sayır. Fransa, Almaniya, İsveç, Norveç, Danimarka, Yunanıstan, Avstriya və Böyük Britaniya suriyalıların qaçqın statusu üçün müraciətlərinə baxılmasını dayandırdı. Yunanıstan hökumətinin nümayəndəsi Pavlos Marinakis isə açıq şəkildə bildirir ki, Suriyadakı hadisələr bu ölkədən sığınacaq axtaranların “axınının sonu olmalıdır”.

Bu gün Aİ-yə qeyri-qanuni miqrasiya yolu Yunanıstandan keçir. Onun son nöqtəsi Qərbi Avropa, xüsusilə də Almaniyadır. Bu ölkənin 2015-ci ildə ən çox suriyalı qaçqını qəbul etdiyi məlumdur. Buna görə də, almanlar fəal şəkildə qaçqın problemini müzakirə edirlər. Hətta belə təklif səslənir ki, Suriyaya çarter reysi açılsın və qayıtmaq istəyən hər kəsə 1000 avro müavinət verilsin. Berlində hesab edirlər ki, Almaniya, Avstriya və Suriyanın qonşuları Türkiyə və İordaniyanın iştirakı ilə konfransın çağırılmalıdır. Alman siyasətçilərinin fikrincə, konfrans 2025-ci ilin yazında baş tutmalıdır və bu konfransda suriyalıların kütləvi deportasiyası ilə bağlı qərar qəbul edilməlidir. Qərbdə belə düşünürlər ki, Suriyada davamlı sülh hökm sürsə belə, suriyalıların hamısı vətənə qayıtmağa razı olmaya bilər.

Bəs 2015-ci ilin miqrasiya böhranı yenidən baş verə bilərmi? Bu proses Suriyadakı qalıcı sülhün əldə olunması üçün həyata keçiriləcək razılaşmalardan, siyasi-iqtisadi islahatlardan asılı olacaq. Türkiyə başda olmaqla digər ölkələr də Suriya ərazisinin bütövlüyünün qorunub saxlanılmasının tərəfdarı olduqlarını açıqlayırlar. Əlbəttə, Suriyanın gələcəyini proqnozlaşdırmaq çətindir, bununla belə, ekspertlər ölkənin gələcəyi ilə bağlı mümkün ssenarilərdən danışırlar. Mütəxəssislərin fikrincə, ən yaxşı ssenari “Heyət Tahrir əş-Şam” (HTŞ) qruplaşmasının digər mülki siyasi təşkilatların ölkənin idarə olunmasında fəaliyyət göstərməsinə icazə verməsidir. Ancaq təəssüf ki, Suriyadakı çoxsaylı qrupların fərqli gündəmləri var.

Mütəxəssislərin sözlərinə görə, reallıq ondan ibarətdir ki, HTŞ özünü Suriyada sülh yolu ilə keçidə açıq olduğunu göstərir. Lakin vəziyyət son dərəcə xaotikdir. Cənubda Bəşər Əsəd hakimiyyətini heç vaxt tanımayan tayfa qruplaşmalarının Dəməşqdə yaradılacaq qaydalara əməl etmələri ehtimalı azdır. Ölkənin Şərqində də İŞİD terror təşkilatının qalıqları təhlükə yaratmağa davam edir və bu, ABŞ-ın hava hücumlarına səbəb ola bilər.

Bundan başqa, 2011-ci ildən Suriyadan kənarda yaranmış çox sayda müxalifət qrupları və siyasi bloklar var. Bu adların və qrupların Suriyaya qayıdıb siyasi keçid prosesinin bir hissəsi olub-olmayacağı hələ də bəlli deyil. Təbii ki, Türkiyə Suriyanın yenidən parçalanmasına və ölkə ərazisinin yenidən münaqişə zonasına çevrilməsinə icazə verə bilməz. Türkiyə birmənalı şəkildə bildirir ki, Suriyanın yeni hökumətinin sabitliyinə və ya qədim Suriya torpağının bütövlüyünə qarşı istənilən hücuma Suriya xalqı və Ankara qarşı çıxacaq.

Amma həqiqət budur ki, Suriyada cərəyan edən proseslərin gedişini müəyyənləşdirmək indi çox çətindir. Əgər post-Əsəd dövrünün xaosu yenidən alovlansa, miqrantların Suriyaya qayıdışı dayanacaq. Aİ bu ssenarini nəzərdən keçirir. Ancaq bu dəfə “Qoca qitə”də qaçqınlar kvotalara uyğun olaraq ölkələr arasında bölüşdürüləcək. Bu, təbii ki, Aİ-də yeni mübahisələrə səbəb olacaq. Məsələn, Macarıstan və Polşa artıq ukraynalı qaçqınların kifayət qədər olduğunu bəyan edirlər. Yəqin ki, digər Aİ ölkələri də onlara qoşulacaq. Buna görə də, Brüssel uğurlu olacağına zəmanət verilməyən çətin danışıqlar aparmalı olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

 

Избранный
24
50
xalqqazeti.az

10Источники