RU

“Lukoil”in yanacağına su qarışması ilə bağlı yeddi müraciət daxil olub – RƏSMİ – VİDEO

“Mövcud qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq məhsullarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur”. Bu məlumatı Oxu.Az-a açıqlamasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun müdiri Gülnar Hüseyn verib.

O qeyd edib ki, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır

“Məlumat üçün bildirək ki, yanacağa dair məcburi tələblər 2023-cü ildə qəbul olunmuş AZS 936:2023 “Daxili yanma mühərrikləri üçün yanacaq. Qurğuşunsuz benzin Texniki şərtlər” və AZS 934:2023 “Dizel yanacağı Avro. Texniki şərtlər” dövlət standartlarında əks olunub.

Standartların tələblərinə əsasən, benzinə dair əsas tələblər distilyasiya, mövcud qatran tərkibi, oktan ədədinin miqdarı, qurğuşun tərkibi və digər fiziki-kimyəvi göstəricilər, dizel yanacağına dair isə sıxlıq, alışma temperaturu, fraksiya tərkibi, setan ədədinin miqdarı və digər fiziki-kimyəvi göstəricilər hesab olunur.

Yanacağın ticarət dövriyyəsi ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən sözügedən standartların tələblərinə əməl edilməlidir. Eyni zamanda yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçülməsində yalnız “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tipi təsdiq edilmiş və yoxlama dövriliyinə uyğun olaraq yoxlamalara cəlb edilmiş ölçmə vasitələrindən istifadəyə yol verilir. Yoxlamanın nəticəsinə əsasən, ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur”, – deyə qurum rəsmisi bildirib.

G.Hüseyn vurğulayıb ki, istehlakçılar bu sahədə xidmətlərdən istifadə edərkən ölçmə vasitələrinin yoxlamadan keçirilib-keçirilmədiyini müəyyən etmək məqsədilə ölçmə vasitələrinin üzərində yoxlama nişanının olmasını və ya ölçmə vasitəsinə verilmiş yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər.

Məlumat üçün bildirək ki, cari ilin 11 ayı ərzində vətəndaşlardan yanacağın keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə daxil olan 7 müraciətdən 1-i təmin olunub, 1 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 2 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.

Yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı dəqiq faktlar (sübutlar) Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə, qanunamüvafiq tədbirlər görüləcəkdir. Qeyd edilən mənfi hallarla qarşılaşan istehlakçılar Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı ([email protected]), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər”, – deyə G.Hüseyn qeyd edib.

Избранный
10
3
yenigundem.az

10Источники