Gürcüstan Prezidenti Salome Zurabişvili, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası təkrar seçkilərin keçirilməsinə razılıq vermədiyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə Şura formalaşdırmaq niyyətindədir.
Senzor.az bildirir ki, bu barədə siyasətçi Facebook-da yayımlanmış videomüraciətində bəyan edib.
Dövlət başçısının sözlərinə görə, o, hakim partiyanın rəhbərliyindən dekabrın 29-dək təkrar seçkilərin keçirilmə müddətinin razılaşdırılmasını gözləyir.
O bildirib ki, hakim partiya kompromisə getməsə, ikinci ssenari qalacaq – “rejimin dağılması”. Zurabişvili, bununla yanaşı, seçilmiş prezident Mixail Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin Prezidenti olaraq qalmaq niyyətindədir.
“Təkrar seçkilərədək olan dövrü idarə etmək üçün Şura yaradılacaq. Bu Şuranın mandatı yalnız bir məsələyə – yeni seçkilərə hazırlıq olacaq. Artıq sənəd hazırlanır və yəqin ki, sabah seçkilərin tezliklə keçirilməsi üçün bütün minimal şərtləri müəyyən edəcək sənəd hazır olacaq”, – Zurabişvili bildirib.
Onun sözlərinə görə, rejimin süqutu hakimiyyətin öz əli ilə baş verəcək, çünki onlar vaxtında “bu ölkə ilə necə davranmağı və özlərinə olan etimadı qorumağı” görə bilməyiblər.