RU

Qarabağ klanının sülhə mane olan MANİPULYASİYA ALƏTİ - TƏHLİL

Artıq ermənilərin qətiyyən döyüşmək, müharibə etmək fikri, niyyəti yoxdur və ola da bilməz, çünki döyüşlərin nəticələrinin onlar üçün nə dərəcədə acınacaqlı olduğunun əyani şahidləridirlər. Doğrudur, Azərbaycana məxsus olan Qarabağ ərazilərindən əllərinin üzülməsi, eləcə də həmin torpaqlarla bağlı ümidlərinin puç olması, verdikləri itkilər bütövlükdə erməni cəmiyyəti üçün hələ də unudulacaq görünmür, amma buna baxmayaraq, artıq görünən odur ki, onlar müharibələrdən, döyüşlərdən beziblər və əmin-amanlıq arzusundadırlar. Qarabağ klanı isə, ermənilərin arzularını, istəklərini nəzərə almadan, daim sülh təşəbbüsünə qarşı çıxır və görünür, müharibə, münaqişə niyyətindədir, hansı ki, bu, onların fəaliyyətində öz əksini tapır.

Hər dəfə sosioloji sorğular keçirərək və sorğuların həqiqətdən uzaq olan nəticələrini əsas gətirərək erməni cəmiyyətinin fikrinin “nədən” ibarət olduğunu göstərmək istəyənlər əslində, manipulyasiya edirlər və buna istinad etməyə çalışırlar. Yalan məlumatlarla, özlərinə lazım olan doğru olmayan statistik göstəricilərlə Ermənistan müxaifəti hazırda hakimiyyətə təsir göstərməyə çalışır. Hər şeydən əlləri üzülən Ermənistan müxalifəti, yəni keçmiş cinayətkar rejim, Qarabağ klanı sorğuların nəticələrini əllərində bayraq edərək, hansısa təsir mexanizminə sahib olduqlarını düşünür, amma bərk yanılır. Əvvəla ona görə ki, məsələn, sonuncu dəfə sorğu aparılan 8100 nəfər heç də erməni cəmiyyətinin, Ermənistan ictimaiyyətinin hamısı demək deyil və sorğuda iştirak edənlərin fikirlərinə görə gəlinən qənaət heç də erməni cəmiyyətinin niyyətini əks etdirmir və etdirə də bilməz. Digər tərəfdən də, ümumiyyətlə, təsadüfi sorğu yolu ilə insanların fikirlərinin nədən ibarət olması qənaətinə gəlmək yanlışlıqdır. Belə bir yanlışlıqla mövcud hakimiyyəti, bütövlükdə Ermənistan ictimaiyyətini çaşdırmaq və sülh təşəbbüsünə mane olmaq, qarşı çıxmaq, ölkəni münaqişə və müharibələrə sövq etmək niyyəti artıq göz önündədir, hansıki bunun da fərqində olan ermənilər az deyil.

Sözsüz ki, sorğuların kimin “təşəbbüsü” ilə keçirilməsi, “sifarişçinin” kim olması əsas şərtlərdən biridir. Əvvəla ona görə ki, həmin “sifarişçilər” sorğunun hansı hədəf auditoriyasına ünvanlayacaqlarını öncədən planlaşdırırlar və hər halda döyüş barədə, ermənilərin məğlubiyyət acısının nə olduğu haqda, müharibə mövzusunda təsəvvürləri belə olmayan insanların cavabını qeydə alırlar. Onlar heç zaman gedib müharibədə iştirak edən, qorxudan döyüş meydanını, silah-sursatını qoyub qaçan ermənilərdən qətiyyən sorğu götürməzlər. Həmçinin sorğu aparanlar bir dəfə də olsa müharibədə öz yaxınlarını itirən ermənilər arasında sorğu aparmayıblar. Ən azı bircə övladını, yaxınını itirən ailələrə belə sorğu ilə müraciət etməyiblər. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində döyüşən, yaxud da, ən azından döyüşlər barədə məlumatlı insanlardan da sorğu götürülməyib. Deməli, buna sorğu yox, sadəcə olaraq, manipulyasiya aləti demək daha doğru olar.

Səsləri, nəticələr barədə göstəriciləri “kimin” və “necə” saydığı da daha bir maraqlı məqam hesab olunur və ümid edirik ki, erməni cəmiyyəti üçün də diqqətdən yayınan deyil. Hər halda, ermənilər başa düşürlər ki, bu vaxta qədər başqasının torpaqlarını öz ərazisi kimi göstərəcək qədər həyasızlıqla çıxış edənlər, saxtakarlıq edənlər, bu yalanlarının “ayaq tutub yeriməsi” üçün mənsub olduqları erməni xalqının qanına belə susayanlar, minlərlə erməni ailəsini övlad itgisi səbəbindən göz qırpmadan, gözü yaşlı qoyanlar üçün respondentlərin fikirlərini saxtalaşdırmaq, çox adı bir işdir. Ümid edirik ki, respondentlərin fikirlərini sonda təhlil edənlərin özlərinə lazım olan fikirləri daha yüksək faiz göstəricisi ilə təqdim edə bilmələrinə bir maneə olmadığını erməni cəmiyyəti başa düşür. Yəni, çox güman ki, onların “hansı şəkildə”, “kimlərin iştirakı ilə”, eləcə də “necə” sayım etdiləri erməni cəmiyyətində yaxşı başa düşülür. Başa düşülür ki, istənilən bir nəticə ilə bağlı faizi müəyyən etmək üçün onların qarşısında bir çətinlik yoxdur və hansı faizi istəsələr onu da müəyyən edirlər. Deməl, qətiyyən həmin sorğular həqiqəti əks etdirə bilməz və buna istinad edilməsi də sadəcə, manipulyasiyadır.

Cinayətkar rejimin təşəbbüsü, sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, guya respondentlərin, yəni, sorğu götürülən 8100 nəfərin yalnız 4 faizi sülhün mümkün olduğuna inanır və sülh istəyir. Bu rəqəmləri “ortaya çıxaranlar” bununla demək istəyirlər ki, guya erməni cəmiyyətində Nikol Paşinyana cəmi 4% dəstək var və onun qərarları legitim sayıla bilməz. Diqqət ediləcək məqam ondan ibarətdir ki, müxalifət düşərgəsinin, Qarabağ klanının əlində oyuncaq olan bir kanalın apardığı sorğu manipulyasiya aləti kimi istifadə edilir və bu zaman da sülh gündəliyinə mane olmaq, münaqişəni, müharibəni qızışdırmaq niyyəti güdülür. Hər halda, eyni sorğunu Ermənistan hakimiyyətinə sadiq bir kanal aparacağı təqdirdə, təbii ki, tamam fərqli nəticələr əldə ediləcəyinə erməni cəmiyyətində zərrə qədər də şübhə ola bilməz. Müharibənin nə olduğunu, hansı bəlalar və bədbəxtliklər gətirdiyini anlamayan radikal gənclər arasında, özü də internet vasitəsi ilə aparılan sorğunun nəticələrinin “necə” olacağı elə əvvəlcədən də bəlli idi. Yəqin ki, hərbi yaşda övladı olan orta və yaşlı insanlar, yaxud oğullarından biri Qarabağda hansısa müharibədə həlak olan valideynlər arasında sorğu keçiriləcəyi təqdirdə, sülh tərəfdarlarının sayının hansı həddə olacağı, faiz göstəricilərinin indiki sorğunun göstəricilərindən tamamilə fərqli, onların əksinə olacağı hər kəsə, ələlxüsus da ermənistan cəmiyyətinə çoxdan bəllidir.

Bəli, həqiqətən də insanların öz yaxınlarını, öz əzizlərini, öz həmvətənlərini müharibədə itirmək istəmədiyi tamamilə başadüşüləndir. Üstəlik, erməni xalqının özünə məxsus olmayan, başqasına, qonşu ölkəyə məxsus olan torpqlar uğrunda itgi vermək, yaxınlarını, əzizlərini itirmək istəməməsi daha məntiqlidir. Bu baxımdan tam əminlikdə deyə bilərik ki, erməni cəmiyyəti artıq müharibə tərəfdarı ola bilməz. Yəni, erməni cəmiyyətinin sülh tərəfdarı olmasını təkzib etmək, buna qarşı çıxmaq avantürizmdən başqa bir şey deyil, hansıki bundan hakimiyyət iddiasında olanlar istifadə etməkdədirlər. Əslində, internetdə deyil, real həyatda insanların fikirlərini soruşsalar, o zaman erməni cəmiyyətində böyük əksəriyyətin sülh gündəliyinə, sülhə tərəfdar oldularını bildirərlər. Hətta Ermənistana məxsus mətbuat səhifələrində də qeyd olunur ki, bir çox ermənilər öz yaxın ətrafında olan insanların sülh tərəfdarı olduqlarını bildirdiklərini deyirlər və erməni cəmiyyətinin böyük hissəsinin sülh istəyində olduğunu etiraf edirlər.

Hazırda cinayətkar rejimin, Qarabağ klanının niyyəti tam şəkildə bəllidir və sülh təşəbbüslərinə, Paşinyanın özünə belə zərbə vurmaq üçün qarşıya məqsəd qoyulduğu aydın şəkildə görünür. Aydın şəkildə görünür ki, sülh gündəminin azlıq tərəfindən dəstəkləndiyini iddia etməklə, qısa şəkildə desək, manipulyasiya edirlər. İndi Ermənistanda yaşayanların böyük əksəriyyəti, Qarabağ klanına yaxın olanlardan başqa hər kəs bilir ki, nə Nikol Paşinyanın, nə də ümumilikdə erməni cəmiyyətinin, Ermənistan ictimaiyyətinin sülh tərəfdarı olmaqdan başqa yolu, doğru yolu yoxdur. Öz övladlarının, öz yaxınlarının, öz əzizlərinin itgisi ilə bağlı acı çəkən ermənilər birmənalı şəkildə sülh tərəfdarıdırlar və bundan sonra ermənilərin öz övladlarını qonşu ölkəyə məxsus olan torpaqlar uğrunda döyüşə göndərmək niyyətində olmamaları tamamilə məntiqidir. Həm də axı indiyə qədər Ermənistanda müşahidə olunan mitinqlərdə, etiraz aksiyalarında insanların bu barədə fikirləri, övladlarını bir daha müharibəyə göndərməyəcəkləri barədə dedikləri də təsdiq edir ki, onlar müharibə niyyətində deyillər. Müharibə niyyətində olan məhz cinayətkar rejim və Qarabağ klanıdır, çünki onlar müharibədə itgi verənlər deyillər, əksinə, müharibə kartından istifadə edənlərdirlər. Onlar müharibə kartından istifadə edib hakimiyyətə gələnlərdirlər, külli miqdarda vəsait, pul, var-dövlət toplayanlardırlar və indi həmin vəsaitlər hesabına ictimai fikir barədə istədikləri “faiz” ortaya qoyaraq, cəmiyyəti çaşdırmaq, sülh təşəbbüsünə mane olmaq, müharibəni qızışdırmaq, yenidən münaqişə yaratmaq niyyəti güdürlər.

Sülh əleyhinə olanlar, koçaryanlar, sarkisyanlar, onlara dəstək olan xaricdə məskunlaşan erməni diasporu yenə də heç nə itirməyəcəklərinə əmindirlər deyə, aranı qızışdırmaqdan, müharibəyə, münaqişəyə rəvac verməkdən çəkinmirlər. Bu vaxta qədər nə Serj Sarkisyanın, nə Robert Koçaryanın yaxın ətrafından bircə dənə də olsa erməni döyüşdə həlak olmayıb. Heç döyüş iştirakçısı kimi də diqqəti cəlb etməyib. Robert Koçaryanın indi ortalığa atılan oğlu Levon Koçaryan döyüş zamanı, Qarabağda qanlı döyüşlər getdiyi zaman səsini belə çıxarmırdı. Ermənistanın ikinci prezidentinin oğlu uzaq başı küçə və meydanlarda etiraz aksiyalarında iştirak edib. İndi sülh təşəbbüsünə qarşı olan, müharibəyə, münaqişəyə rəvac vermək üçün əlindən gələni edən həmin o eks prezident Robert bilir ki, yenə də müharibə olsa onun oğlu müharibədə iştirak etməyəcək. Bir sözlə, müharibə olacağı təqdirdə bundan hansısa formada zərər görəcəyini ağlına belə gətirməyənlər hər vəchlə sülhə mane olmağa, Paşinyanı devirib Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışırlar və bunu erməni xalqı da çox yaxşı başa düşür. Başa düşür ki, müharibə olacağı təqdirdə cəmiyyəti müharibəyə sövq edənlər, onların yaxınları, əzizləri, övladları yox, həmişə olduğu kimi, yenə də məhz döyüşdə sıravi ermənilər itgilər verməli olacaqlar. Ermənistan ictimaiyyəti bilir ki, Qarabağ klanına dəstək verən diaspor nümayəndələri də müharibədə iştirak etməyəcəklər və minlərlə kilometr aralıda təhlükəsiz olduqları üçün sülh proqramına qarşı çıxırlar.

Əlbəttə ki, aranı qarışdırmaq, hətta münaqişəni qızışdırmaq istəyənlərin kimlər olduğu erməni cəmiyyətinə tam şəkildə bəllidir. Bəllidir ki, elə ara qarışdırmaq üçün atılan addımlara da “sponsorluq” edənlər elə məhz həmin cinayətkar rejimdir, Qarabağ klanıdır, koçaryanlar və sarkisyanlardır. Yaxşı bilirlər ki, onlar onillər boyu erməni xalqının qanını içənlərdir və yenə də eyni niyyətlə ortaya atılıblar. Dərk edirlər ki, onların manipulyasiyasına və təbliğatına uyacaqları təqdirdə bundan sonra da qanlarını içməyə davam edərlər. İndi erməni cəmiyyəti anlamağa başlayıb ki, yeni müharibə olsa belə, Moskvada, Krasnodarda, Parisdə, Londonda və Los-Ancelesdə məskunlaşan həmin o ölkədən qaçan cinsi yetkin şəxslər yox, döyüşən və ölən yenə də sıravi erməni vətəndaşlar olacaqlar. Robert Koçaryanın oğlu Levon Koçaryanın, yaxud da, Serj Sarkisyanın qızı Anuş Sarkisyanın həyat yoldaşı Mikael Minasyanın bundan sonra da olsa müharibədə iştirak edəcəyinə bircə dənə də inanan erməni tapılmaz. Əgər Qarabağ klanı erməni xalqına sülh deyil, müharibənin daha vacib olduğunu demək istəyirdisə, erməni cəmiyyətini də buna inandırmaq istəyirdisə, qondarma sorğu keçirmək yox, ilk növbədə, özləri və özlərinə yaxın adamlarla birbaşa iki ölkə arasındakı sərhəddə yollanmaq qərarına gələrdilər. Amma Ermənistan ictimaiyyəti bunu müşahidə etmədi və müşahidə edilən məhz Qarabağ klanının sosioloji sorğu, yəni manipulyasiya aləti ilə erməni cəmiyyətini müharibəyə, münaqişəyə sövq etmək niyyəti oldu...

Müəllif: İnam Hacıyev
Избранный
557
50
sia.az

10Источники