RU

Hikmət Babaoğlu: "AŞPA-da olub-olmamağın milli maraqlarımız üçün heç bir fərqi yoxdur" - MÜSAHİBƏ

- Hikmət bəy, əvvəla Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətdə dayandırmaq qərarını şərh etməyinizi istərdik.

- Hər hansı bir müstəqil dövlət hansısa beynəlxalq təşkilata üzv olarkən mütləq o beynəlxalq təşkilat çərçivəsində maraqlarını müəyyənləşdirir. Milli maraqlarını, dövlət maraqlarını qorumaq üçün mexanizmlər axtarır. Eyni zamanda qarşılıqlı şəkildə həmin beynəlxalq təşkilatda öz maraqları kontekstindən çıxış edərək, milli dövlətləri üzvlüyə qəbul edir və yaxud etmir. Hər halda 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul olmaqla bağlı qərar qəbul edərkən təbii ki, ilk növbədə hüquqları pozulmuş çox saylı Azərbaycanlıların hüquqlarının bərpa olunması üçün yaxşı bir platforma kimi görürdü. Onun Parlament Assembleyası da eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin siyahısına girərkən məhz bunları nəzərdə tuturdu. Çünki həmin illərdə Azərbaycanın torpaqlarının. 20% işğal altında idi. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün vardı. Bu qaçqın və məcburi köçkünlərin məhz Avropa Şurası, AŞPA-nın platformasında hüquqlarının qorunması üçün Azərbaycan əlavə mexanizmlər əldə etməyə çalışırdı. İkinci mühüm məsələ şübhəsiz ki, Avropa Şurasının Nizamnaməsində öz əksini tapan bu prinsiplər hüquqların, haqqın, ədalətin qorunması ilə bağlı prinsiplər idi. Azərbaycanda AŞ-nın bu əlavə mexanizmləri vasitəsilə öz vətandaşlarının hüquqlarını, milli maraqlarını qorumağa çalışırdı. Çox təəssüf ki, ötən illər ərzində bəlli oldu ki, AŞ hansısa başqa ölkələr üçün müvafiq olan mexanizmləri Azərbaycana gəldikdə tətbiq edilmir. Azərbaycan hər hansı bir vətəndaşının bir hüququnun qorunması ilə bağlı AŞ mexanizmlərinin tətbiq olunmasına nail ola bilmədi. Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın əlehinə hər hansı qərar qəbul etdirə bilmədi. Hesab edirəm ki, əgər belədirsə, AŞPA-da olmaq və ya olmamaq nəticə etibarilə Azərbaycanın milli maraqları üçün heç bir fərq yaratmır.

- Azərbaycanın Avropa Şurasından uzaqlaşmasının ölkəmizə təsirləri necə ola bilər?

- Avropa Şurası Parlament Assambleyası ilə münasibətlər hələ Avropa ilə münasibətlər demək deyil. Çünki Avropa İttifaqının əsas icraedici qurumları, şübhəsiz ki, Avropa Birliyindədir. Tamamilə bir- birindən fərqlənən mexanizmlər, fərqlənən institutlardır. Çünki Avropa Şurası daha çox insan hüquqları üzrə ixtisaslaşmış bir qurum hesab edilir və fərqli funksiyaları var. Ancaq Avropa İttifaqı isə tamamilə fərqli qurumdur. Bunda Azərbaycan münasibətləri tamamilə fərqli platformada həyata keçirilir. Ona görə düşünürəm ki, Avropa Şurası ilə və yaxud Avropa Şurası Parlament Assambleyası ilə hər hansı münasibətlər Avropa İttifaqı ilə olan münasibətlərdən kənarda baş verən münasibətlərdir. Azərbaycanın AŞPA ilə münasibətləri Avropa ilə münasibətlərə və münasibətlərə avtomatik olaraq şamil edilən münasibətlər deyil. Fərqli məsələlərdir və fərqli platformalardır.

- Avropa ilə baş vermiş gərginliyin Ermənistanla Azərbaycan sərhədinə yansıma ehtimalı varmı?

- Ermənistan Azərbaycan sərhədində bu məsələnin bu və ya digər formada özünü göstərməsi məncə mümkün deyil. Lakin başdan bir şey çox aydındır ki, Avropa Şurası Parlament Assambleyasının bu mövqeyi regionda sülh üçün təhdidlər yaradır. Çünki mövqeyində vahid kriteriyalardan Azərbaycana və Ermənistana qarşı çıxış etmir. Bu isə ikili standartlar yaradır. Nəticə etibarilə şübhəsiz ki, bir növ Ermənistanı yeni aqressiyaya təşviq edir bu da sülhün əleyhinədir.

-AŞPA bütün bu işləri beynəlxalq hüquq çərçivəsində, ədalətli və qərəzsiz görməlidir. Azərbaycana münasibət məsələsində AŞPA hüquqa, tərəfsizliyə, qanuna və obyektivliyə əməl edirdimi?

- Ermənistanın qaldırdığı yalan iddialarla bağlı Azərbaycana qarşı ittihamların səsləndirilməsi, Qarabağda 30 il ərzində baş verən erməni vandalizmini görməzdən gəlmək. Əslində Azərbaycan ərazisində olmayan hansısa erməni mədəniyyətinin, abidələrinin qorunmasını tələb etmək sözsüz, sülhə xidmət etmir. Obyektiv reallığı özündə əks etdirmir. Avropa Şurasının, eyni zamanda onun Parlament Assambleyasının ikili standartdan çıxış etdiyinin göstəricisinə çevrilir. Belə olduğu təqdirdə əlbəttə ki, bu, ümumi sühədə xidmət etmir.

- Necə düşünürsünüz, Azərbaycanla təhdid dili ilə danışmaq və onu nəyəsə məcbur etmək kimi düşüncələr nəticə verəcək?

- Şübhəsiz ki, bu gün Azərbaycanla təhdid dilindən danışmaq, Azərbaycana direktivlər göndərmək mümkün deyil. Çünki Azərbaycan müstəqil dövlətdir, öz suveren iradəsini nümayiş etdirməyi bacaracaq qədər qətiyyətə sahib olan bir ölkədir. Ona görə də Azərbaycanla təhdid və diktə dilindən danışmaq olmaz. Azərbaycan əlbəttə ki, hər hansı bir beynəlxalq təşkilatın götürdüyü öhdəçiliyə sadiqdir, beynəlxalq hüquqa sadiqdir. Bu çərçivədə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Kim bunları göz ardı edib, öz imperialist məqsədlərini Avropa Şurası üzərindən Azərbaycana diktə etməyə çalışırsa, bu əlbəttə ki, baş tutmayacaqdır.

Избранный
334
50
aznews.az

10Источники