Pərvanə SULTANOVA [email protected]
Qərbdəki antiazərbaycan qüvvələri Bakıya qarşı qərəzli mövqelərini davam etdirirlər. Onlar ölkəmizə təzyiq göstərməklə, sanksiyalarla hədələməklə öz çirkin planlarını həyata keçirməyə çalışırlar. Bunun üçün də mümkün olan bütün vasitələrdən, o cümlədən, beynəlxalq platformalardan istifadə edirlər. Artıq xeyli müddətdir davam edən bu kampaniyaya Fransa rəhbərlik edir. Azərbaycan əleyhinə bütün addımlar, ssenarilər məhz Parisin mətbəxində hazırlanır. Bunun səbəbi heç kimə sirr deyil. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, regionda yeni reallıqlar yaratmasını, müstəqil siyasət aparmasını həmin qüvvələr həzm edə bilmirlər.
Məlumdur ki, xüsusilə antiterror tədbirlərindən sonra Ermənistanla sülh sazişinin imzalanmasına ciddi maneə qalmayıb. Amma Fransa, o cümlədən, Qərbdəki digər qüvvələr öz addımları ilə regionda yeni qarşıdurmaya, hətta müharibəyə təhrik edirlər. Fransanın Ermənistanı silahlandırması, Almaniyanın, Niderlandın Azərbaycan əleyhinə addımları, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının əsassız yanaşması və qərarları əlbəttə ki, sülh prosesinə də zərbə vurur, Ermənistanı sülhdən uzaqlaşdırır. Məhz həmin qüvvələrin təhriki ilə İrəvan sülh sazişinin imzalanmasına əngəl yaradan yeni-yeni uydurmalar ortaya atır. Məsələn, Baş nazir Nikol Paşinyanın bu günlərdə səsləndirdiyi silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması və sülh sazişinin imzalanmasının gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın imzalanmasına dair təklifləri də buna xidmət edir. Əlbəttə ki, bunlar qeyd etdiyimiz kimi, sülh sazişinin imzalanmasından yayınmaq niyyətini açıq göstərir. Görünən odur ki, Ermənistan Fransanın və Qərbin digər pozucu qüvvələrinin təsirində qaldıqca sülh üçün, Azərbaycanla normallaşma prosesində real addımlar atmayacaq.
Avropa İttifaqında sülh prosesi ilə bağlı aparılan və uğurlu hesab edilən danışıqları Fransa pozdu. Təəssüf doğuran budur ki, beynəlxalq təşkilatlar da Fransanın əlində alətə çevrilib. Burda eyni zamanda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin də Azərbaycanla bağlı səsləndirdiyi heç bir əsası olmayan, qərəzli bəyanatlarını da vurğulamaq lazımdır. Otuz ildən sonra Qafqaza davamlı sülhün, sabitliyin gəlməsinə, iki dövlət arasında dinc qonşuluq münasibətlərinin qurulmasına məhz bu güclər mane oldular.
Qeyd etdiyimiz kimi, Aİ-nin, Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Azərbaycana qarşı qərəzli mövqe sərgilədi, bununla həm də sülh prosesinə zərbə vurdu. Söhbət Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsindən gedir.
Xatırladaq ki, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməyə səs verib. Azərbaycanın qurumdakı nümayəndə heyəti bu qərarın qəbul edilməsini gözləmədən bəyanat verərək qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını elan edib.
AŞPA Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalına, bir milyon insanımızın illərlə pozulan hüquqlarına səssiz qalıb, bütün bunları görmək istəməyib. Amma indi "insan haqları", "seçkilərə AŞPA-nın dəvət olunmaması" kimi bəhanələrlə Azərbaycanı hədəfə alması bu qurum üçün heç bir fayda gətirməyəcək. İşğal müddətində ərazilərimiz ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilib, Bunu bütün dünya bilir və görür. Eyni zamanda ermənilər ərazilərimizi minalarla kütləvi şəkildə çirkləndirib ki, bu da müharibə bitdikdən bu yana çoxsayda insanımızın öz həyatını itirməsinə səbəb olur. Təəssüf ki, dünya birliyi buna da susur və Ermənistana müvafiq çağırış etmir, hər hansı təzyiq göstərmir.
Bütün bunlara baxmayaraq, AŞPA-nın Azərbaycana qarşı addımı yumşaq desək ədalətsizdir. Bu qurumun riyakarlığını nümayiş etdirir. AŞPA ciddi səhvə yol verdi və bununla da özünün ən əhəmiyyətli üzvünü itirdi.
Onu da vurğulayaq ki, almaniyalı deputat Frank Şvabenin müəllifi olduğu təşəbbüsdə Bakıya qarşı irəli sürülən iddialar arasında erməni sakinlərin Qarabağdan "məcburi köçürülməsi", Azərbaycanda "siyasi məhbuslar"ın olması, prezident seçkilərini müşahidə etmək üçün dəvət almamaları da var. Bütün bu iddialar əsassızdır. Artıq bununla bağlı rəsmi Bakı öz mövqeyini bəyan edib. Azərbaycan ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna müşahidə aparmaları üçün dəvət göndərib və həmin missiyanın qısa və uzunmüddətli müşahidəçiləri artıq fəaliyyət göstərirlər. Eyni zamanda seçkiləri çoxsayda xarici müşahidəçi izləyəcək. Yəni Azərbaycanın mütləq şəkildə AŞPA-nı seçkilərə dəvət etmək kimi bir öhdəliyi yoxdur.
Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, AŞPA Azərbaycan əleyhinə qəbul etdiyi qərarla öz mahiyyətini ortaya qoydu və tarixinin qara ləkəsi ola biləcək bir addım atdı.
Deputat xatırladıb ki, bu qurumda Azərbaycanofobiya, islamofobiya, milli və etnik zəmində nifrət, ikili standartlar hakim mövqeyə malikdir: "Bu təşkilatın 306 deputatından 90-ı bir yerə yığışıb 76-sı Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi və nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdi. Burada bizim "günah"ımız nədir? Bizim "günah"ımız o olub ki, torpaqlarımızı işğaldan azad etmişik və separatizmə son qoymuşuq".
Deputat qeyd edib ki, bu təşkilatın fəaliyyətinin ana prinsipi olan insan hüquq və azadlıqlarının müdafiəsidir: "Azərbaycan 2001-ci ilin yanvarında bu təşkilata daxil olarkən əsas məqsəd bu idi. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımız öz yurd-yuvasından didərgin düşüb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz düşünürdük ki, bu təşkilat bizə kömək olar və Ermənistanla münasibətdə təsir mexanizmlərini işə salar, onların nümayəndə heyətinin səlahiyyətini təsdiqləməz. Amma bunların heç biri olmadı. Hesab edirəm ki, Fransanın Yelisey sarayından gələn təlimatlar və onların suflyorluğu əsasında AŞPA öz tarixinin qara ləkəsi ola biləcək bir addım atdı".
E.Nəsirov hesab edir ki, Azərbaycan əleyhinə çıxan 76 deputatı araşdıranda məlum olur ki, onlar erməni lobbisinə bağlı olan şəxslərdir: "Bu prosesdə xüsusi canfəşanlıq edən alman deputatı Frank Şvabe də hər zaman ermənipərəst mövqedə olub. Çox təəssüf ki, bu gün belə böyük bir təşkilat öz maraqlarını kənara qoyub daima erməni maraqlarına xidmət edir, bu, biabırçılıqdır. Hesab edirəm ki, beynəlxalq hüququn keşiyində dayanan dövlətlər heç bir zaman bu qədər aşağı səviyyəyə enməmişdi. Faktiki olaraq, AŞPA antiazərbaycan qərarı ilə öz oturduğu ağacın budağını budadı. Yenidən öz imicini bərpa etmək, ləyaqətli bir qurum olaraq ortaya çıxmaq üçün AŞPA Azərbaycandan onları qəbul etməyi xahiş etməlidir. Bundan sonra münasibətlərimizin gələcəyi ilə bağlı addımlar atılsın. Hesab edirəm ki, AŞPA-nın bu addımı ən bağışlanmaz səhvlərdən biri kimi tarixdə qalacaq".
Bizi Facebookda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта