Fransanın “Le Monde” qəzeti yazır ki, Makronun “Rusiyanın müharibədə qalib gəlməməsi üçün Ukraynaya qoşun yeritmək variantı da daxil olmaqla, hər şey masadadır” açıqlaması ilə əslində Qərb ölkələrinin Kiyevdə hərbi varlığını da ifşa edib.
Qəzeti yazıb ki, Fransa, ABŞ və Britaniyanın Ukraynada hərbi təlim və məsləhət adı altında fəal şəkildə fəaliyyət göstərən çoxlu əsgər və kəşfiyyat mərkəzləri var.
Qeyd edilir ki, Makronun bəyanatı Ukraynada hərbi mövcudluğu olan Qərb ölkələrində ciddi narahatlığa səbəb olub.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Ukrayna ordusuna dəstək olmaq üçün bəzən birbaşa hərbi və ya məsləhətçi, bəzən də müxtəlif adlar altında hərbi təlim keçirən bölmələr göndərir. Adı açıqlanmayan ukraynalı diplomatik mənbə də, tam döyüş birləşmələri olmasa da, bütün müttəfiq dövlətlərin kəşfiyyat bölmələrinin Ukraynada fəaliyyət göstərdiyini deyib.
Sözügedən mənbə bildirib ki, ölkəsinə hərbi texnikanın göndərilməsi bu texnikanın istifadəsi üzrə təlim keçirəcək bölmələrin də göndərildiyini təsdiqləyir və Ukrayna bu texnikaların sınaq meydançası kimi görülür.
“Le Monde” yazır ki, Makronun açıqlamalarından sonra İngiltərə Ukrayna hərbi varlığını etiraf etmək məcburiyyətində qalıb. Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü fevralın 26-da verdiyi bəyanatda orduya dəstək üçün Ukrayna ərazisində az sayda hərbi qüvvə saxladıqlarını bildirib.
ABŞ isə Britaniyadan fərqli olaraq burada hərbi mövcudluğunu elan etməkdən çəkinib. “New York Times” qəzetinin apardığı araşdırmalarda, Ukraynada, xüsusən də Rusiya sərhədinə yaxın bölgələrdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 12 gizli bazası ola biləcəyi iddiası yer alıb. Araşdırmalara görə, burada MKİ-nin gizli bazalarının yaradılması 2014-cü ildə, Krımın Rusiya tərəfindən ilhaq edildiyi vaxtdan başlayıb.
İddia olunurdu ki, MKİ bu bazalar vasitəsilə Ukrayna ordusuna gizli hərbi əməliyyatlar keçirməyə şərait yaradıb.
Paris administrasiyası isə üstüörtülü şəkildə Ukraynada yalnız Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) əməkdaşlarının olduğunu etiraf etsə də, sözügedən personalın sayı və ya vəzifələri barədə ictimaiyyətə açıqlama verməyib.
TAHİR