Bakı, 16 mart, AZƏRTAC
UEFA Çempionlar Liqasında dörddəbir final və yarımfinal mərhələsinin püşkatma mərasimindən sonra turnirin favoritləri açıqlanıb.
AZƏRTAC “Opta” analitik agentliyinə istinadən xəbər verir ki, püşkatmadan öncə də favorit hesab olunan İngiltərənin “Mançester Siti” klubu yenə çempionluğa ən güclü namizəd kimi göstərilib. “Şəhərlilər”in bu mövsüm çempion olma ehtimalı 29,46 faizdir.
Dörddəbir finalda İspaniya “Barselona”sı ilə qarşılaşacaq Fransanın PSJ komandası ikinci pillədə yer alıb. Paris təmsilçisinin turnirdə qalib gəlmə ehtimalı 16,5 faiz müəyyən edilib.
Çempionlar Liqasını ən çox qazanan “Real Madrid” isə üçüncü favoritdir. Dörddəbir finalda “Mançester Siti”yə rəqib olan Madrid klubunun qalib olma ehtimalı isə 13,06 faizdir.
UEFA Çempionlar Liqasının favoritləri:
1. “Mançester Siti” (İngiltərə) – 29,46 faiz
2. PSJ (Fransa) - 16,15 faiz
3. “Real Madrid” (İspaniya) - 13,06 faiz
4. “Arsenal” (İngiltərə) – 10,92 faiz
5. "Bavariya" (Almaniya) - 9,39 faiz
6. "Borussiya" (Dortmund, Almaniya) - 7,86 faiz
7. “Barselona” (İspaniya) – 7,11 faiz
8. “Atletiko” (İspaniya) - 6,05 faiz
Qeyd edək ki, dörddəbir finalda “Arsenal” “Bavariya”, “Atletiko” “Borussiya”, “Real Madrid” “Mançester Siti”, PSJ isə “Barselona” ilə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalın ilk görüşləri aprelin 30-mayın 1-də, cavab matçları mayın 7-8-də oynanılacaq. Final qarşılaşması isə iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.