Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa səfəri iki ölkə arasındakı münasibətlərin yeni səviyyəyə yüksəlməsinə şərait yaradıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, səfər çərçivəsində enerjidən hərbi əməkdaşlığa, nəqliyyatdan kənd təsərrüfatına qədər 26 saziş imzalanıb.
İmzalanan sənədlər arasında ən mühümlərindən biri, şübhəsiz ki, İnkişaf Yolu şazişi idi. Üstəlik, müqaviləni təkcə Türkiyə və İraq deyil, Birləşmiş Ərəb Əmirlikləri və Qətər də imzalayıb.
Bəs İnkişaf Yolu layihəsi niyə bu qədər vacibdir? Bölgədə hansı balansları dəyişdirəcək?
İnkişaf Yolu layihəsi çərçivəsində 1200 kilometr dəmir və avtomobil yollarının çəkilməsi nəzərdə tutulur.
Beləliklə, Türkiyənin İskəndərun limanı ilə Fars körfəzindəki Fav limanı bir-birinə bağlanacaq.
Layihə Avropa və Asiya ticarət yollarını birləşdirən ən qısa marşrut olacaq.
Layihə dəniz şəraitindən asılı olmayaraq Avropa İttifaqı ilə Körfəz regionu arasında davamlı ticarət axınını təmin edəcək.
Layihə ilə qazın Körfəz ölkələrindən, eləcə də İraqdan Avropaya nəqli daha az vaxt aparacaq və daha qənaətcil olacaq. İnkişaf Yolu layihəsi Türkiyənin enerji mərkəzinə çevrilməsinə böyük töhfə verəcək.
Layihə ilə Türkiyə İraqın enerji qaynaqlarını dünya bazarlarına çatdırmasında daha aktiv rol oynayacaq.
İnkişaf Yolu layihəsinin həmçinin Qırmızı dənizdə yaşanan böhrandan sonra Süveyş kanalının əsas rəqibi olacağı bildirilir.
Fav limanından Avropaya üzən gəmi Süveyş Kanalı ilə müqayisədə 15 gün daha tez çatacaq.
İlk gəminin bu ilin sonunda Fav limanında lövbr salması gözlənilir.
Tamamlandıqdan sonra liman Yaxın Şərqin ən böyük konteyner limanı statusuna malikDubaydakı Cebel Əli limanını arxada qoyacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsindəİnkişaf Yolu ilə yanaşı, enerji sahəsində də çox mühüm əməkdaşlığın yolu açıldı. Türkiyə ilə İraq arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu baxımdan Kərkük-Ceyhan neft kəmərinin çox qısa müddətdə yenidən fəaliyyətə başlaması gözlənilir. Həmçinin, Bəsrə Neftinin İnkişaf Yolu ilə paralel qurulacaq boru kəmərləri ilə qarşıdakı dövrdə Türkiyəyə nəqlinin planlaşdırıldığı da bildirilir.
İraqın sübut edilmiş neft ehtiyatlarının təxminən 145 milyard barel olduğu təxmin edilir.
Ölkə dünya neft ehtiyatlarının təxminən 8 faizinə malikdir. İraq nefti istehsal dəyəri və keyfiyyətinə görə dünyada ən ucuz neftlərdən biri hesab edilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı keçən ilin aprelində axını dayanan İraq-Türkiyə xam neft kəmərinin yenidən işə düşəcəyi də gözlənilir.
Kərkük-Ceyhan neft kəmərinin illik nəqletmə qabiliyyəti 70 milyon bareldən çoxdur. Qarşıdakı dövrdə xəttin ötürmə qabiliyyəti də genişləndiriləcək.
Türkiyə ilə İraq arasındakı ticarət həcmi ildə 30 milyard dollar civarındadır. Tərəflər arasında artan dialoqla həcmin daha da artırılması hədəflənir.