RU

Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq

Şuşa

Bakı, 17 may, AZƏRTAC

May ayının 11-13-də Qarabağın tacı olan Şuşa VII “Xarıbülbül” festivalına ev sahibliyi etdi. Bu dəfə Şuşadan başlayıb Laçında başa çatan festival bütün yüksək məziyyətləri ilə yanaşı, həm də Azərbaycanın Zəfərini, Qarabağın Azərbaycanın bir parçası olduğunu, xalqımızın əyilməz ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğu üçün qala şəhərimizdən başlayıb Laçında başa çatan festivalda müsəlman dövlətlərindən gəlmiş mədəniyyət və incəsənət xadimləri, mahnı və rəqs qrupları iştirak etdilər. Lakin festivalda Qazaxıstan, Özbəkistan və Türkiyə kimi dövlətlərin də nümayəndələri iştirak etdiyindən, budəfəki “Xarıbülbül” bayramı həm də türk dövlətlərinin qardaşlığının növbəti təcəssümü kimi əlamətdar oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yazın “Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycanın Qələbəsi bütün Türk dünyasının tarixi uğurudur

2020-ci ilin payızında Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bütün Türk xalqlarının həmrəyliyini daha da gücləndirən tarixi hadisəyə çevrildi. Təsadüfi deyil ki, 44 günlük müharibə dövründə Türk Şurası (indiki Türk Dövlətləri Təşkilatı) ilk gündən Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi və əlbəttə, bu, həm də hər bir Türk dövlətinin savaşla bağlı mövqeyinin ifadəsi idi. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edildi. Şura müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Savaşın davam etdiyi günlərdə qurumun Ticarət və Sənaye Palatasının toplantısının Bakıda keçirilməsini Prezident İlham Əliyev ölkəmizə mənəvi dəstək kimi qiymətləndirdi.

2020-ci il noyabrın 10-da Prezident, Müzəffər Ali Baş Komandan elan etdiyi tarixi Zəfər isə bütün Türk dövlətlərində böyük sevinc və coşqu ilə qarşılandı, Azərbaycan xalqı ilə yanaşı, onların da qürur mənbəyinə çevrildi. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Türk Şurasının 2021-ci il martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə də xüsusi qeyd olundu. Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Türk Şurasının sabiq Baş katibi Bağdad Amreyevin təbrikləri göstərdi ki, bütün Türk dünyası Azərbaycanın Qələbəsini öz zəfəri kimi qəbul edir.

Azərbaycanın Qələbəsi Türk tarixinə şanlı bir səhifə kimi yazıldı. Türk dünyası bu Zəfərlə daha da bütövləşdi və gücləndi. Azərbaycan parlaq Zəfər sayəsində tarixən var olan Türk birliyinin etnosiyasi coğrafiyasını bərpa edərək, ona ən böyük töhfəsini verdi. Prezident İlham Əliyevin qətiyyəti, əzmi, müdrikliyi ilə qazanılan bu şanlı Qələbə yeni Türk tarixinin ən parlaq Zəfəri, Türk birliyinin daha da güclənməsi üçün yeni yollar açan möhtəşəm tarix kimi salnamələrə qızıl hərflərlə həkk olundu.

2021-ci ilin noyabrında İstanbulda keçirilən Türk Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması bir daha göstərdi ki, Türk dünyası Azərbaycanın Zəfər sevincini səmimi-qəlbdən bölüşür. Prezident İlham Əliyev bu mükafata Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm Qələbəsinə, Türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə layiq görüldü. Bu, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə göstərilən böyük ehtiramın, dövlətimizin başçısının dünyadakı yüksək nüfuzunun təcəssümünə çevrildi.

Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı oldu

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də ölkəmizin Zəfərinin bütün Türk dünyasının böyük uğuru kimi qarşılanmasının təcəssümü idi. Eyni zamanda, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi şəhərin Türk dövlətləri üçün böyük mədəni əhəmiyyətə malik olduğunun göstəricisi idi.

Memarlıq və şəhərsalma sənətinin 272 illik tarixə malik parlaq incisi olan, Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün Türk dünyasının birliyinin və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, Türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə töhfəsini verdi. Bununla əlaqədar ötən il ölkəmizdə təşkil olunan çoxsaylı tədbirlər həm Şuşanın, həm də bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda, Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oynadı.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətində Şuşa şəhərinin mədəni irsinin təbliği hər zaman prioritetdir. Prezident İlham Əliyev tərəfindən hələ 2022-ci il Azərbaycanda “Şuşa ili” elan olunanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilin ilk tədbirini həmin ilə həsr etmişdi. O vaxt “Qarabağnamə” filminin təqdimatı və Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərginin açılışı olmuşdu.

Azərbaycanın tarixi və mədəni incisi olan Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu şəhərin zəngin maddi-mənəvi irsinin bütün Türk dünyasında, eləcə də xarici dövlətlərdə tanıdılması və daha geniş təbliği istiqamətində fəal iş apardı. Bu sırada müxtəlif ölkələrdə həyata keçirilən “Şuşa günləri” adlı tədbirlər Şuşanı və bütövlükdə Qarabağ Zəfərini bütün Türk dünyasına daha yaxından tanıtdı. Bursa, Daşkənd, Budapeşt, Astana və Türküstan şəhərlərində təşkil olunan “Şuşa günləri”nin hər biri əlamətdar mədəni hadisəyə çevrildi. Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilmiş “Şuşanın tək incisi” filmi, Molla Pənah Vaqifə həsr olunmuş “Özü vəzir, sözü şah” kitabı hər kəs tərəfindən böyük maraqla qarşılandı

Ümumiyyətlə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu öz fəaliyyəti ilə Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə layiqli töhfələr verdi. Fond tərəfindən həyata keçirilən tədbirlər həm Şuşanın, həm də bütün Qarabağın tarixi və mədəni irsinin qorunub saxlanmasına və təbliğinə, mövcud həqiqətlərin beynəlxalq aləmə çatdırılmasına böyük töhfə oldu.

Şuşa bütün Türk dünyasının yeni rəmzidir

Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu baxımdan 2024-cü il ərzində də Şuşa beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq. VII “Xarıbülbül” festivalı bu baxımdan böyük mədəniyyət hadisəsi kimi yadda qaldı. Müsəlman, o cümlədən Türk dövlətlərindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramının mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verəcəyi şübhəsizdir.

Artıq Qarabağ da, Şərqi Zəngəzur da şan-şöhrətli, qonaqlı-qaralı günlərinə qovuşub. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa zəngin ənənələri, mənəvi irsi ilə könülləri yenidən fəth edir. İndi Qarabağın mirvarisi Şuşaya səfər edən hər kəs zəfər qalamızın ecazkarlığının vurğununa çevrilir, aşılmaz sıldırımlardan keçərək bu uca şəhəri azad edən qəhrəman oğullarımızın şücaətinə heyran olur.

Eyni zamanda, Şuşa bütün Türk dünyasının yeni rəmzidir. Ona görə də Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq.

Избранный
403
50
azertag.az

10Источники