Azərbaycanın “Ground Technical Support” (GTS) şirkəti İsrailin “Elbit” və “Rafael” şirkətlərinin subkontraktoru olaraq Azərbaycan Ordusuna məxsus “GradLAR” və “Extra” döyüş maşınlarının, onların nəqletmə-doldurma və idarəetmə maşınlarının servis xidməti və təmirini yerinə yetirir.
Bunu “Poliqon” jurnalına müsahibəsində GTS direktorunun birinci müavini Əhəd Əzizov söyləyib.
Əhəd Əzizov bildirib ki, bundan başqa, GTS şirkəti “Elbit” və “Rafael” şirkətlərinin subkontraktoru olaraq Azərbaycan Ordusuna məxsus T-72M1 tanklarında quraşdırılmış köməkçi güc qurğularının, TISAS atəşi idarəetmə sistemlərinin və DNS sürücü-mexanikin gecəgörmə cihazlarının, həmçinin “Spike” LR/ER TƏİR komplekslərinin, RWS və MLS döyüş modullarının servis xidməti və təmirini yerinə yetirir. Eyni zamanda şirkətin mütəxəssisləri tərəfindən idarəetmə maşınlarının şassisi olan KamAZ-43114 və UAZ-396295 markalı avtomobillərinin təmiri də yerinə yetirilir.
“Habelə, GTS tərəfindən Müdafiə Nazirliyinin müvafiq qurumlarının sifarişi əsasında yüksək keçidlikli xüsusi nəqliyyat vasitələrinin – baggi (buggy) və kvadrosikl tipli vasitələr üzərinə 7,62 mm-lik PKM və HP-7,62 markalı pulemyotlar, eyni zamanda 9K111 “Faqot”, 9K111-1 “Konkurs” və 9K135 “Kornet” markalı tank əleyhinə idarəolunan raket kompleksləri quraşdıraraq modernləşdirilmişdir. Şirkət, müştərinin istəyinə bağlı olaraq xüsusi nəqliyyat vasitələrinin üzərində digər silah nümunələri quraşdırılmaqla modernləşdirilməsini təmin etmək imkanına malikdir”, – deyə GTS şirkətinin direktor müavini vurğulayıb.
Direktor müavini qeyd edib ki, GTS tərəfindən texniki baxış (defektləşmə) və sənədləşmə zamanı əsas nümunələrin bütün müəyyən edilmiş nasazlıqlarının təmiri və aradan qaldırılması, habelə əsas nümunələrə texniki baxış (defektləşdirmə), bütün nasazlıqların müəyyən edilməsi və nəticələrə uyğun olaraq zəruri texniki sənədlərin hazırlanması, o cümlədən nümunələrə servis xidməti göstərilməsi və təmirin yerinə yetirilməsi üzrə bilik və praktiki bacarıqların maksimal ötürülməsini nəzərdə tutan xüsusi proqram üzrə texniki personalın hazırlanması kimi, əlavə professional xidmətlər göstərilir.