18-65 yaş arası, 50 kiloqramın üzərində sağlam hər kəs qan verə bilər
Hər il bütün dünyada 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib. “Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən builki kampaniyanın məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.
Kifayət qədər təhlükəsiz qan ehtiyatının yaradılması hər bir ölkənin səhiyyə sahəsində milli siyasətin ayrılmaz hissəsi olmalıdır. Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və donor qanına tələbatı artırır. Mütəxəssislərin fikrincə, qan donoru olmaq həyat qurtarmağa və ciddi xəstəliklərlə mübarizədə insanlara dəstək olmağa kömək edir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, qan donoru olmaq immuniteti zəiflətmir, emosional rifahınızı yaxşılaşdırır, fiziki sağlamlığınıza fayda verir, yeni qan hüceyrələri yaradır, gümrah və sağlam olmağa səbəb olur.
Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyevanın sözlərinə görə, qanın yeganə mənbəyi insandır və onun heç bir əvəzedici preparatı yoxdur. Elmi tədqiqatlara görə, hər 5 nəfərdən ancaq 2-si qan verə bilir. Aşağı yaş həddi 18, yuxarı yaş həddi isə 65 olan fiziki tam sağlam şəxslər qan verə bilər. Qanvermədən öncə qan donoru olacaq şəxsin bol maye, kofein tərkibli içkilər içməsi və düzgün qidalanması tövsiyə edilir.
Mərkəzi Qan Bankının rəhbərinin sözlərinə görə, hər gün müxtəlif qəzalar, xəsarətlər, əməliyyatlar baş verir, bu zaman qan ehtiyacı yaranır:
“Donor bir və ya bir neçə nəfərin həyatını xilas edə bilər. Qan və qan komponentləri irsi qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), immun çatışmazlığı, ağır anemiya, qan və sümük illiyi xəstəliklərindən əziyyət çəkən, fövqəladə hallar, fəlakət və qəzalarda travma alanlar, tibbi və cərrahi prosedurlardan keçən xəstələrə və hamiləlik və doğuşla əlaqəsi qanaxması olan qadınlara sərf olunur. Bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsinə zərurət yaradır. Bu səbəbdən də qana daimi ehtiyac var və alınandan sonra 42 gün ərzində istifadə edilməlidir. Qan vermək insanlarda ürək-damar sisteminin fəaliyyətini normalaşdırır, infarkt, insult və xərçəng riskini azaldır, yeni qan hüceyrələrinin istehsalını artırır və ən önəmlisi isə emosional vəziyyətimizə müsbət təsir göstərir. Qan verdikdən sonra bədəndəki qan hüceyrələri yenilənir, bir çox müsbət dəyişikliklər baş verir. Bunun sayəsində insan orqanizmi daha sağlam və gümrah olur. Xüsusilə də yüksək qan-damar təzyiqi, stres, yorğunluq kimi narahatlığın azalmasına yaxşı təsir edir. Bir vahid qan verməklə, 3 insanın həyatını xilas edirik. Çünki bir vahid qandan 3 fərqli qan komponenti hazırlanır və 3 fərqli xəstəyə göndərilir”.
Q.Vəliyeva vurğulayıb ki, Azərbaycanda, eləcə də dünyada ən çox rast gəlinən O (I) Rh+ və A (II) Rh+ qan qruplarıdır:
“Bu qan qruplarından olan insanların çox olması qan donorluğunda da öz təsirini göstərir. Çünki xəstələrin əhəmiyyətli bir hissəsi O(I)Rh+ və A(II)Rh+ qan qruplarına aiddir. Qan qrupundan aslı olmayaraq, hər zaman donorluğa ehtiyac var. Qan verdikdən sonra 30 dəqiqə ərzində avtomobil idarə etmək tövsiyə olunmur. Həmçinin bədənin bərpası üçün şokolad yemək, şirə, kompot və ya çay içmək lazımdır. Bundan əlavə, gün ərzində ağır fiziki işlərlə (intensiv məşq, yük qaldırma) məşğul olmaq məqsədəuyğun sayılmır. Həmçinin tütünçəkmə və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur”. (AZƏRTAC)
Həkim Aysel Xəlilbəyli "Sherg.az”a açıqlamasında deyib ki, 18-65 yaş arası, 50 kiloqramın üzərində sağlam hər kəs qan verə bilər. Onun sözlərinə görə, qan verərkən donorun bilməli olduğu xüsusi məqamlar da var:
“Hemoqlobin dəyəri qadınlar üçün 12g/ dl, kişilər üçün 13g/dl -in üzərində olmalıdır. Kiçikhəcmli diş prosedurundan 24 saat sonra, böyükhəcmli diş əməliyyatlarından 1 ay sonra qan donoru ola bilərsiniz. Qan verə bilmək üçün sistolik təzyiq 140-100,diastolik təzyiq 100-60 arası qəbul edilir. Qəbul etdiyiniz təzyiq dərmanları qan vermənizə əngəl deyildir. Qan verə bilmək üçün qan şəkərinizin kontrol altında olması gərəklidir. İnsulin kontrolda olan şəkərli diabet xəstələri qan donoru ola bilməz. Son 1 il ərzində dilinizə, burnunuza, göbəyinizə və genital nahiyənizə pirsinq etdirmisinizsə, qan donoru ola bilməzsiniz.
Qulağınıza vurulan pirsinqlə qan donoru ola bilmənizdə problem yoxdur. Lakin tatuaj və pirsinq etdirən şəxslər bu əməliyyatı etdikləri gündən 1 il sonra qan donoru ola bilərlər. Bundan əlavə, respirator xəstəliklər keçirən şəxslər sağaldıqdan sonrakı 1 ay müddətində qan donoru ola bilməzlər. Həmçinin epilepsiyası olan şəxslər son 3 ildə epileptik tutma yaşamayıbsa və hazırda dərman vasitələri qəbul etmirlərsə, qan donoru ola bilərlər.
Südverən analara qan donoru olmaq məsləhət deyil. Ana olduqdan 9 ay sonra, süd verirsinizsə, əgər südverməni kəsdikdən 3 ay sonra qan donoru ola bilərsiniz.
Malyariya risk zonası sayılan ərazilərdən səyahətdən qayıtmısınızsa, 3 ay gözləmə müddətidir. Əgər siz həyatınızın hansısa bir dövründə malyariya ilə xəstələnmisinizsə, tam sağalmadan 3 il sonra qan donoru ola bilərsiniz.
Hepatit B, C ilə yoluxmuş, müalicə alan və sağalan xəstələr, HİV yoluxmuş şəxslər, hamilələr qan verə bilməz. Abort olunmuş qadınlar 6 ay sonra qan verə bilər. Orqan və kök hüceyrə tranaplantasiyası əməliyyatı keçirən şəxslər, mədə xorası, ulserativ kolit və Krohn kimi mədə-bağırsaq xəstəliyi olanlar, autoimmun xəstəliyi olanlar, ürəyin işemik xəstəliyi, hekayəsində keçirilmiş miokard infarktı, qapaq dəyişmə əməliyatı keçirənlər və ya revmatik xəstəlikləri olan və xroniki böyrək çatışmazlığı diaqnozlu hemodializ alan şəxslər qan donoru ola bilməz”.