"Azərbaycanın NATO-nun Vaşinqton sammitinə qatılacağı ehtimalı böyükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloqun fikrincə, Azərbaycan və NATO əlaqələrində heç zaman gizli məqamlar olmayıb ki, bundan narahat olan ölkələr olsun:
"Azərbaycan uzun illərdir NATO ilə əməkdaşlıq edir, bu qurumun tədbirlərinə qatılır. Əfqanıstan və Kosovada NATO qüvvələri tərkibində sülhməramlı missiyaya qatılıb, müxtəlif vəzifələrin yerinə yetirilməsində iştirak edib. Bu baxımdan, ölkəmizin NATO-nun Vaşinqton tədbirinə də qatılacağını ehtimal etmək olar. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan NATO-nun ikinci ordusu olan Türkiyə ilə eyni modelli ordu qurub, NATO standartlarını mənimsəyib".
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın bu tədbirə qatılmasının mövcud NATO-Rusiya gərginliyi fonunda Moskvada narazılıq doğura biləcəyini düşünmək doğru yanaşma deyil:
"Rusiya Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsinin hüdudlarını yaxşı bilir. Rusiya bilir ki, bu əməkdaşlıq ona qarşı yönəlməyib. Azərbaycan hökuməti bu baxımdan sammitdə iştirakı məsləhət biləcəksə, deməli, mütləq tədbirə qatılacaq".
Ekspert hesab edir ki, Azərbaycan xarici işlər nazirinin bu tədbirdə iştirak etməsi mütləqdir:
"Azərbaycan dünya siyasi arenasının öz sözü və yolu olan aktiv siyasi aktorudur. Azərbaycanın NATO tədbirində iştirakı elə NATO üçün də vacibdir. Çünki Rusiya ilə dialoq saxlayan azsaylı dövlətlərdən biridir. NATO-Rusiya gərginliyinin azalması və dialoqun yaradılması yolunda Azərbaycan da öz təklifləri ilə çıxış edə bilər".
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bir sıra ölkələr kimi Azərbaycanın da NATO xarici işlər nazirlərinin Vaşinqton sammitinə dəvət olunduğunu bildirib. O vurğulayıb ki, ABŞ dövlət katibi Entoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir:
"Hər iki ölkənin iştirakını gözləyirəm. Tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək".
Xatırladaq ki, NATO-nun xarici işlər nazirləri səviyyəsində sammiti iyulun 9-11 arasında baş tutacaq.
Rüfət Sultan