1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Estoniyanın İslahat Partiyasının rəhbərliyi baş nazir postuna ölkənin iqlim məsələləri üzrə naziri Kristen Mixalanın namizədliyini irəli sürüb.
Onun Estoniya hökumətinə rəhbərlik etmək ehtimalı yüksəkdir. Bu variant keçmiş baş nazir, İslahat Partiyasının lideri Kaya Kallas üçün olan maneəni də aradan qaldırır, artıq o, rahatca Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali rəhbəri vəzifəsində Jozep Borreli əvəz edə bilər.
Yeri gəlmişkən, Jozep Borrel Azərbaycan əleyhinə çıxışları və qərəzli bəyanatları ilə tanınır.
Xatırladaq ki, Avropa Şurası bir neçə gün əvvəl gözlənilmədən Kaya Kallası Avropa diplomatiyasının rəhbəri təyin edib. Estoniyalı siyasətçi öz ambisiyaları ilə tanınır. Keçən il o, NATO-nun baş katibi postuna namizədliyini irəli sürmək istədiyini bəyan etmişdi, lakin sonra siyasətçinin bu vəzifəyə rəhbərlik etməsi mümkün olmadı. Lakin Avropa İttifaqına rəhbərlik məsələsində istəyinə çatdı.
Yeri gəlmişkən, Macarıstan hökuməti Estoniyanın keçmiş baş naziri Kaya Kallasın Aİ diplomatiyasına effektiv rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşır. Yeri gəlmişkən, Macarıstan hazırda Avropa İttifaqı Şurasına sədrlik edir.
Sözügedən mövzu ətrafında vəziyyəti Oxu.Az-a məşhur estoniyalı politoloq Pyeter Taym şərh edib.
- Niyə Kaya Kallasın namizədliyi davamlı olaraq Avropanın yüksək idarəetmə strukturlarına irəli sürülür?
- Bilmirəm. Söhbət Kaya Kallasın NATO-nun baş katibi postuna namizədliyindən gedəndə hamı hesab edirdi ki, onun şansı yüksək deyil. Kaya Kallas kiçik bir ölkənin baş naziri, həm də qadındır. Ritorika və hadisələrə münasibət baxımından o, uyğun namizəd idi. Amma yenə də deyirəm, onun NATO-nun baş katibi seçiləcəyi ehtimalına az adam inanırdı. Onun Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyi də çox böyük sürpriz oldu. Bu barədə ümumiyyətlə danışılmırdı. Üstəlik, Avropa Parlamentinə seçkinin necə bitəcəyini bilmirdik. Yeri gəlmişkən, sağ radikalların gəlişi ilə Avropada böyük dəyişikliklərin olacağı qorxusunun da şişirdilmiş olduğu üzə çıxdı. Mən eşidəndə ki Kaya Kallas Jozep Borrelin yerinə təklif olunur, çox təəccübləndim. Amma bu o deməkdir ki, lobbiçilik işləri davam edir və Aİ-nin yüksəksəviyyəli nümayəndələri arasında münasibətlər ciddi məsələdir. Bəlkə də, buna görə Kaya Kallas ölkədə görməli olduğu işləri buraxdı. Onun reytinqlə, ictimai dəstəklə bağlı böyük problemləri var. İrəli sürdüyü təşəbbüslərlə bağlı da həmçinin.
- Bildiyimə görə, korrupsiya qalmaqalları da olub...
- Onları korrupsiya adlandıra bilərikmi? Bu, onlara münasibətdən asılıdır. Cəmiyyətimizdə bəziləri Ukrayna müharibəsi ilə bağlı qalmaqallarla sarsıldı. Estoniyada Eesti 200 (Estoniya 200) Partiyası var. Seçkidə ən çox səsi bu partiyadan olan sıradan bir oğru qız qazandı. O, Ukraynaya yardım üçün xüsusi fondda yığılan pulları oğurlamışdı. Bu qalmaqaldan sonra Estoniya sakinlərindən Ukraynaya dəstək üçün müxtəlif xeyriyyə fondlarına daxilolmalar 90 faiz azaldı. İkinci qalmaqal birbaşa Kaya Kallasla bağlıdır. Onun həyat yoldaşı Ukraynadakı müharibə zamanı Rusiyadakı qurumlarla biznes əlaqələri qurub. Bundan başqa, Kaya Kallas və onun partiyası seçkiöncəsi Kallasın haqqında bir kəlmə belə danışmadığı vergi siyasəti ilə bağlı təşəbbüslər irəli sürüblər. Öz etirafına görə, o, populyarlaşmayacağından qorxduğu üçün yeni vergi tətbiq edəcəyi barədə əvvəldən susub. Bütün bunlar onun şəxsi və partiya reytinqini aşağı saldı. Belə bir fonda Kaya Kallas Avropa İttifaqında çox yüksək vəzifəyə götürülür. Bu, çox maraqlı bir fenomendir.
- Josep Borrel məsələnin artıq həll olunduğu halda Qarabağdan danışır, daim Azərbaycan əleyhinə çıxış edir, tamamilə əsassız bəyanatlar verirdi. Bəs sizcə, Kaya Kallasın siyasəti necə olacaq?
- Mənim üçün bunu demək çətindir, onun planlarından xəbərsizəm. O, daha çox Rusiyadan danışır, amma mən onun Azərbaycan və Ermənistanla bağlı açıqlamalarını eşitməmişəm.
Nair Əliyev