Almaniyada keçirilmiş futbol üzrə Avropa çempionatı (AÇ-2024) İspaniya millisinin yeniyetmə vingeri Lamin Yamal üçün əlamətdar olub.
Arena.az xatırladır ki, İspaniya millisi AÇ-2024-ün finalında İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək, çempionluğu qazanıb.
İspaniya yığmasının vingeri Lamin Yamal isə Avropa çempionatını qazanmış ən gənc oyunçu olaraq, adını futbol salnaməsinə yazıb. Belə ki, final oyunu günü Yamal 17 yaş 1 günlüyündə olub.
Yamal yarışı yüksək səviyyədə keçirərək, 4 məhsuldar ötürmə ilə fərqlənib, həmçinin 1 qol vurub. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Yamal 5 bal (1+4) toplayıb və komanda yoldaşı Daniel Olmo ilə birlikdə Avropa çempionatının ən səmərəli oyunçusu olub.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. O, milli komanda ilə də AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.