Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.
Bakıvaxtı.az xəbər verir ki, sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı Ermənistan baş nazirinin onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Azərbaycan prezidenti deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi:
“Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik”.
Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münhendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.
Dövlət başçısı qeyd edib ki, xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb:
"Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir".
Burada hazırda iki məsələnin açıq qaldığını vurğulayan dövlət başçısı qeyd edib:
"Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
Xatırladaq ki, İrəvan hökumətinin qarşısında Bakının əsas tələblərindən biri Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır.
Deputat, siyasi şərhçi Sahib Alıyev Bakıvaxtı.az-a deyib ki, cənab Prezident Forumda bu məsələlərdən danışarkən ilk növbədə ATƏT-in Minsk qrupunun ləğvini tələb edib, ardınca Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini gündəmə gətirib.
Onun sözlərinə görə, dövlət başçısı bu məsələlərin bir-birinə bağlı olduğunu göstərdi:
"Ermənistan Minsk qrupunun buraxılmasını istəmir. Minsk qrupu artıq aradan qalxmış "Dağlıq Qarabağ" probleminin həlli məqsədi ilə təsis edilmişdi. Amma bu problem öz həllini tapıb. Problem həllini tapıbsa, Ermənistan niyə Minsk qrupunun ləğvini istəmir? Ermənistanın buna yaxın durmaması və öz konstitusiyasını dəyişmək istəməməsi ilk növbədə Azərbaycanın ərazilərinə iddialarında qalmaları ilə bağlıdır. Sülhdə də ona görə maraqlı deyillər”.
Sahib Alıyev: İstəyimiz, tələbimiz odur ki, Ermənistanın bizim ərazilərə olan iddiaları aradan qaldırılsın
Müsahibimizə görə, "sülhpərvər" rolu oynayır, guya bir ay ərzində sülh sazişini imzalamağa hazır olduqlarını iddia edirlər:
“Qərbdəkilərin, ilk növbədə ABŞ-nin, Ermənistanı su yoluna döndərən Amerika dövlət katibi müavinlərinin diktəsi ilə belə davranırlar. Kordinasiya olunmuş qərb mediası Ermənistanı "sülhpərvər" kimi dünya ictimaiyyətinə sırıyır. Azərbaycan haqqında isə hədyanlar yazırdılar. Guya Azərbaycan Ermənistan torpaqlarını tutmağ çalışır və s. Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa edib. Azərbaycanın Ermənistan konstitusiyası ilə bağlı tələbi qətiyyən həmin ölkənin daxili işlərinə qarışması deyil. Azərbaycan demir ki, Ermənistanda parlamentli respublika yox, prezident üsul-idarəsi olmalıdır və s. İstəyimiz, tələbimiz odur ki, bizim ərazilərə olan iddialar aradan qaldırılsın. Ermənistan bunu istəmir. Bu da o deməkdir ki, İrəvan sülh də istəmir".
Aydın Baxış