Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərimizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycanın U-18 millisi son olaraq 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu.
Azərbaycanın qızlardan ibarət U-18 basketbol millisi isə C divizionunun ikincisi olub.
Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşadək qızlar arasında keçirilən qitə turnirinin finalında meydan sahibləri ilə üz-üzə gələn yığma 65:75 hesabı ilə məğlub olub.
Bu nəticənin ardından Evren Alkayanın rəhbərlik etdiyi yığmamız gümüş medallara sahib çıxıb.