Rusiya və Ukrayna arasında cərəyan edən son proseslər, savaşın Kursk vilayətində davam etməsi dünyanın xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Bu arada Rusiya Kursk vilayətində Ukrayna silahlı qüvvələrinin hücumunu dayandırmaq məqsədilə işğal olunmuş ərazilərdəki bir neçə birləşməsini oradan çıxarıb. Bu birləşmələrin briqada ölçüsündə olduğu deyilir.
CNN telekanalın kəşfiyyata yaxın mənbələrə istinadla yaydığı xəbərdə deyilir ki, bununla belə, Rusiya əsas qüvvələrini Ukrayna ərazisində saxlayır. Mənbələrdən biri bunu belə şərh edib: “Hesab olunur ki, Rusiyanın Ukrayna cəbhəsində yüz minlərlə əsgəri var. Odur ki, rəsmilərin dediyi kimi, bir neçə min əsgərin başqa istiqamətə keçirilməsi qısa müddətdə elə də ciddi nəticələrə səbəb olmaya bilər”. CNN-nin adı çəkilməyən mənbəsi əlavə edib: “Biz hələ ki, əsaslı qoşun köçürülməsini görmürük və bunun səbəbini deyə bilmirik: çünki onlar qoşunları ya təzəlikcə hərəkətə gətiriblər, ya da yerini dəyişmək üçün qüvvələri yoxdur”. Digər mənbə isə bu qənaətdədir ki, Rusiya Kurskun müdafiəsini, daha çox, müddətli hərbi qulluqçuların hesabına möhkəmləndirməyə çalışır. Yüksək vəzifəli ABŞ məmuru telekanala deyib ki, kəşfiyyatın məlumatına görə, Rusiya Ukraynadakı birləşmələrdən başqa, Kursk vilayətinə Leninqrad hərbi dairəsinin şəxsi heyətini və Kalininqraddakı hərbçilərini göndərib. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatoru Con Kirbi kanala deyib ki, Rusiya bəzi resurslarını Kursk vilayətinə, ehtimal ki, Ukrayna qüvvələrinin qarşısını almaq məqsədilə keçirir. Lakin Kirbinin sözlərinə görə, qoşunların Ukrayna ərazisindən aparılması, hələ Kremlin Donbas və Zaporojyedəki hərbi əməliyyatlardan əl çəkməsi kimi qiymətləndirilməməlidir. CNN-in mənbələrindən biri deyib ki, Ukrayna ordusunun Kurskda apardığı əməliyyat diqqətəlayiqdir, lakin Ukrayna ora itirilməsini istəmədiyi təcrübəli döyüşçülərini göndərib. Telekanalın mənbələri bildirirlər ki, onların fikrincə, Ukrayna Kursk vilayətindəki əraziləri uzun müddət saxlaya bilməyəcək və buna görə də bu əməliyyatın müharibənin ümumi gedişini necə təsirləndirəcəyini söyləmək çətindir. Bundan başqa, CNN telekanalının bir neçə mənbəsi bildirir ki, ABŞ Ukrayna ordusuna Amerikanın uzaqvuran silahlarından istifadə icazəsi vermək istəmir. Lakin bu, Vaşinqtonun eskalasiyadan çəkinməsi ilə yox, ABŞ-ın Ukraynaya çox sayda ATACMS raketi verə bilməməsi ilə bağlıdır. ABŞ hərbçilərinin fikrincə, qənaət üçün bu raketlərlə Krımdakı obyektlərin vurulması daha məqsədəuyğundur. Belə vəziyyətdə Rusyanın “EADaily” nəşri yazır ki, Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə daxil olmasından xeyli vaxt keçsə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hələ də heç bir reaksiya yoxdur: “Söhbət Ukraynanın müdaxiləsinə siyasi qiymət verilməsindən gedir, çünki indiki şəraitdə KTMT-nin hərbi cavab tədbirləri qəbul etməsi tamamilə qeyri-real görünür. Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, təşkilata üzv ölkələr Rusiyaya yardım etməli idilər. Lakin bu yoxdur. Lazımi hərbi yardımın göstərilməsi təcavüzə məruz qalmış KTMT dövlətinin onun üçün rəsmi müraciəti ilə bağlıdır. Rusiya təbii ki, müttəfiqlərini çətin vəziyyətə salmamaq üçün belə bir xahişlə çıxış etməyəcək. Lakin bu, Kiyevin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması ilə bağlı KTMT üzvlərinin kollektiv siyasi mövqe bildirmə zərurətini inkar etmir”.
Daha sonra nəşr yazır ki, hazırda təşkilata sədrlik edən Qazaxıstan Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının çağırılması və Kiyevi qınayan müvafiq sənədin qəbulu təşəbbüsü ilə çıxış edə bilərdi: “Bu o qədər də sadə deyil. Məsələn, “erməni məsələsi”ni götürək. Bu, artıq KTMT-ni faktiki məhdud fəaliyyətinə gətirib çıxarıb. Bu ilin əvvəlində İrəvan hərbi-siyasi blokda iştirakın dondurulduğunu elan edib, büdcəsini maliyyələşdirməkdən imtina edib və KTMT-dən çıxmaq məsələsini qaldırıb. Kurskdan sonra Ermənistan paytaxtında hökumətyönlü şərhçilər istehzalarını ört-basdır etməyə cəhd belə göstərmədən qeyd etməyə başladılar ki, Cənubi Qafqaz respublikası Moskvaya heç bir şəkildə kömək edə bilməz, hətta Kiyevin addımına siyasi qiymət verilsə belə: “Çünki Rusiya-Ukrayna sərhədi delimitasiya edilməyib”. Nəşr yazır ki, təkcə Ermənistan deyil, Moskvanın KTMT-dəki digər tərəfdaşları da aydın və birmənalı mövqe bildirməyə həvəsli deyillər: “Bu arada, İrəvanın həm KTMT-yə, həm də Rusiyanın Kiyevə qarşı siyasətinə antaqonizmi təkcə emosiyalarla bağlı deyil. Burada son vaxtlar Ermənistan-Rusiya münasibətlərində daha bir xoşagəlməz epizodu xatırlamaq olar. Rusiya Xarici İşlər Nazirliyi iyunda Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça vilayətinə səfərindən sonra İrəvana etiraz notası göndərib. Moskva Ermənistan nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir. Ermənistanın hazırkı rəhbərliyi əslində özünü təkcə Ukraynada deyil, Rusiyanın müttəfiqləri sırasında görmür. İrəvanın Qərb meyli artıq ona gətirib çıxarıb ki, BMT Baş Assambleyasında səsvermə zamanı o, başqa mövqe tutmağa başlayıb, xüsusən də Gürcüstanla bağlı ən yüksək siyasi səviyyədə onun ərazi bütövlüyünün “tam tanınmasını” vurğulayır. Maraqlıdır ki, Kiyevin hücumundan təxminən bir ay əvvəl Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiyanın iki sərhəd bölgəsinə - Belqorod və Kursk vilayətlərinə səfər edib. İyulun 1-də erməni diplomat, xüsusən də Belqorodda 2024-cü il mayın 12-də Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsi nəticəsində dağılmış yaşayış binasına gəlib. Ertəsi gün o, Kurskda işgüzar səfərdə olarkən “1941-1945” abidəsi önünə gül dəstələri qoyub”. Hesab olunur ki, baş verənlər KTMT-nin bir qurum kimi tükənməsinin göstəricisi də ola bilər. Digər tərəfdən, təşkilata üzv ölkələr arasında yeganə nəzərəçarpacaq hərbi qüvvəsi olan ölkə Rusiyadır. Düzdür, Qazaxıstan böyük dövlətdir, Özbəkistanın güclü ordusu var, amma Türkmənistanın, Tacikistanın və Qırğızıstanın orduları çox zəifdir. Bu fonda təşkilatın üzvü olan Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan və Qırğızıstan susqunluq nümayiş etdirir. Bununla da KTMT-nin işlək bir qurum olmadığı bir daha ortaya çıxır.
Samirə SƏFƏROVA