"Telekanalların keyfiyyətinin izləyiciləri razı salmamasının səbəbləri həm psixoloji, həm də sosial faktorlar ola bilər".
Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanların zaman keçdikcə daha çox müxtəlif və dərin məzmunlara tələbatı artır:
"Telekanalların təklif etdiyi sadə və bayağı məzmun isə bu tələbatı ödəyə bilmir. İnsanların dünyagörüşü genişləndikcə və informasiya əldə etmək imkanları artdıqca, onların gözləntiləri də dəyişir. Telekanallar gözləntiləri qarşılamadıqda da narazılıq yaranır".
Həmsöhbətimiz telekanallardakı verilişlərin və serialların əksəriyyətinin keyfiyyətinin aşağı olduğunu söyləyib:
"Telekanallarda keyfiyyətin aşağı olmasının əsas səbəbi keyfiyyətli kontentin olmamasından irəli gəlir. Verilişlərdə öyrədici, faydalı mövzular azlıq təşkil edir. Təəssüf ki, telekanalların təklif etdiyi məzmunlar vacib məsələlər deyil. Uşaqların inkişafı və gənclərin maariflənməsi mövzusunda verilişlər demək olar ki, yox dərəcədədir".
Psixoloq diqqətə çatdırıb ki, verilişlərin bayağı olması izləyicilərdə emosional doyumsuzluq yaradır:
"Bayağı və səthi proqramlar isə bu ehtiyacı qarşılaya bilmədiyi üçün izləyicilərdə narazılıq yaradır. İnsanlar bilik, mədəniyyət və şəxsi inkişaf axtarışındadır. Telekanallar bu tələbatı ödəyə bilmədikdə, insanlar məyus olur və onların maraqları başqa platformalara yönəlir.
Düşünürəm ki, telekanalların daha dərin, mənalı və psixoloji cəhətdən doyurucu məzmun təqdim etməsi vacibdir. Bu, yalnız izləyicilərin məmnuniyyəti üçün deyil, həm də cəmiyyətin psixoloji rifahına müsbət təsir göstərə bilər".
Pərviz