AZ

Bakı ilə İrəvan arasında yeni gərginlik: Paşinyanın 2027-ci il hədəfinə Əliyevdən sərt cavab 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Prezident görüş zamanı deyib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.

Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq bildirib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır: “Bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və konstitusiya dəyişdirilməlidir”.

Diqqətçəkən bir digər detal isə Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın dedikləridir. O deyib ki, ölkədə konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. O, hökumətin bu sənəd üzərində təcili yox, detallı işləyəcəyini bildirib.

Ermənistan geri addım atıb, konstitusiya islahatları edəcək? Bakı 2027-ci ilə qədər Ermənistana vaxt verəcək? Konstitusiyanın dəyişdirilməsi məsələsi regionda yeni gərginliyə səbəb ola bilər?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Prezident İlham Əliyev Ermənistanın vaxtı uzatdığını deyərkən, bunun bölgədə gərginliyi artıracağına işarə edir:

“Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın ölkədə konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi tarixi Azərbaycanı qane edə bilməz. Bu o deməkdir ki, həmin tarixə qədər bölgədə gərginlik davam edəcək. Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən bəndləri çıxarmayana qədər sülh sazişinin imzalanması mümkün deyil.

Rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycanla sülh sazişi ilə ərazi iddialarını ehtiva edən konstitusiyanın bir arada olması iki ölkə arasında sülhə maneədir. Nikol Paşinyan bir tərəfdən Konstitusiyanın dəyişdirilməsi labüdlüyünü anlayır, bu haqda açıqlamalar verir, digər tərəfdən məsələnin həllini ləngidir. Bu ləngimə də Azərbaycanla sülh sazişinin imzalanmasını əngəlləyir.

İrəvan Azərbaycanla sülhdən danışarkən, Ermənistan sürətlə silahlanır. ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirir, Fransa Ermənistana hərbi texnika göndərir, Avropa İttifaqı Yerevana hərbi məqsədlər üçün 10 milyon avro ayırır. Bütün bunlar sülhə xidmət etmir, bölgədə yeni toqquşma ehtimalını artırır. Ermənistan tez-tez atəşkəsi pozur, sərhədə dronlar qaldırır. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı Ermənistanın ünvanına sərt bəyanat yayır. Bu bəyanatlar Ermənistan hakimiyyətinə xəbərdarlıq mahiyyəti daşıyırdı. Müharibələrdə məğlub olan dövlətlər qalib dövlətlərin şərtlərini qəbul etmək məcburiyyətindədirlər, yaxın və uzaq keçmişin müharibə nəticələri də bundan xəbər verir”.

Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
referans.az

10Mənbələr