Bakı, 2 sentyabr, AZƏRTAC
Müşahidə missiyamız ümumilikdə 36 seçki məntəqəsini ziyarət edib. Monitorinq zamanı seçki məntəqələrinin fəaliyyətinə hər hansı müdaxilə qeydə alınmamışdır. İnsanların seçki hüququndan istifadə etmələri, yerli və beynəlxalq müşahidəçilərin seçkiləri izləmələri üçün bütün lazımi şərait yaradılmışdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, müşahidə missiyasının rəhbəri Ömer Kocaman növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Ö.Kocaman bildirib ki, Nərimanov rayonundakı 21 saylı seçki məntəqəsində səslərin sayılması prosesində də iştirak ediblər.
“Missiya seçkilərin nəticələrinə təsir edən hər hansı hal aşkarlamayıb. Həmçinin seçki məntəqələrinin daxilində və yaxınlığında hər hansı təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə etmədik. Seçkilərin açıq və şəffaf, ölkənin milli qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun keçirildiyini bəyan edirik”, - deyə müşahidə missiyasının rəhbəri vurğulayıb.