Milli Elektron Hökumət Platformasında hazırda 500-ə yaxın dövlət xidməti rəqəmsallaşdırılıb.
Fins.az-ın verdiyi məlumata görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov "Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri" adlı tədbirdə çıxışı zamanı bildirib.
Rəşad Xalıqov qeyd edib ki, Azərbaycan Respublikasında bir sıra digər dövlət məlumat sistemləri, o cümlədən sosial, gömrük, ekologiya, kənd təsərrüfatı və digər sahələrə aid sistemlər də mövcuddur. Həmçinin, "Hökumət buludu" (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri və biometrik imza sistemləri yaradılıb. Vətəndaşlar bu sistemlər vasitəsilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.
R. Xalıqov həmçinin vurğulayıb ki, bu il məlumat mübadiləsi ilə bağlı layihə də tamamlanıb və bu, dövlət qurumlarına sənədlərin rəqəmsal formatda mübadiləsi imkanı yaradır. Həmin layihənin icrası bitdikdən sonra artıq məhkəmələr də bu sistemə inteqrasiya olunmağa başlayıb.
Rəşad Xalıqov qeyd edib ki, bu rəqəmsal təşəbbüslər hər il təxminən 2 min ağacın xilas edilməsinə səbəb olur və bütün bu işlərin Rəqəmsal Strategiya çərçivəsində davam etdirilməsi vacibdir. O, həmçinin əlavə edib ki, dövlət qurumu olaraq əsas fəaliyyət sahələri Azərbaycanın rəqəmsal inkişaf strategiyasını formalaşdırmaq, innovasiyalara və rəqəmsal texnologiyaların bütün sektorlar boyunca tətbiqinə töhfə verməkdir.