AZ

Rusiyaya işləməyə gedənlərlə bağlı qayda dəyişir

2024-cü ilin avqust ayında Rusiyada əmək miqrantlarına yeni qadağalar tətbiq edilməsinə dair müzakirələr yenidən gündəmə gəlib.

Fins.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, ölkədə işləyən aşağı ixtisaslı əmək miqrantlarının ailələrini özləri ilə gətirmə imkanına qarşı çıxış edib. Onun sözlərinə görə, Rusiya qanunvericiliyində aşağı ixtisaslı əmək miqrantlarına ailələrini özləri ilə gətirməyə imkan verən boşluq mövcuddur və bu boşluğun aradan qaldırılması tələb olunur:

“Ölkəyə gələn əcnəbiyə görə məsuliyyəti onu dəvət edən müəssisə daşımalıdır. Lakin aşağı ixtisaslı miqrantlar özləri ilə ailələrini gətirməməlidirlər. Bu məsələ hazırda müzakirə olunur və qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır.”

Bir müddət əvvəl Rusiya mediasında yayılan məlumata görə, Dövlət Dumasının Liberal-Demokrat Partiyası fraksiyasının deputatları, Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarına ölkəyə ailələrini gətirməyə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Layihənin qüvvəyə minməsi halında, əmək müqaviləsi və ya patenti olan əcnəbinin ailəsini ölkəyə gətirməsi mümkün olmayacaq.

Eyni zamanda, avqust ayında Rusiya Daxili İşlər Nazirliyi 2023-cü ildə Rusiyada olan əmək miqrantlarının sayı ilə bağlı məlumat yayıb. Bildirilib ki, ölkədə iş məqsədilə gələn təqribən 3,5 milyon qanuni əcnəbi vətəndaş olub. Onların əksəriyyəti Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.

Fuad Mədətov
Fins.az

Seçilən
83
7
fins.az

10Mənbələr